Bu, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində mümkün olub
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü neft-qaz sənayesinin dinamik inkişaf mərhələsi kimi səciyyələnir. Bu dövrdə xüsusilə dənizdə yeni yataqların kəşfi və işlənməsi həyata keçirilib və neft-qaz hasilatı artıb.
1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi yaradıldı. Xatırladaq ki, həmin vaxta qədər Xəzərdə istifadə olunan texniki vasitələr dənizin dərinliyinin 40 metrə qədər olan sahələrində işləməyə imkan verirdi. Xəzərin Azərbaycan sektorunda bu dərinlikdə yerləşən perspektivli sahələrdə demək olar ki, bütün yataqların hamısı aşkar edilmişdi. Neft və qaz hasilatının artırılması üçün daha dərinlikdəki karbohidrogen yataqlarının kəşfi və işlənməsi tələb olunurdu. Bütün bunların həyata keçirilməsi üçün isə geniş və müasir infrastruktur lazım idi.
Odur ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyi sayəsində 1970-1980-ci illərdə Azərbaycana çoxlu sayda ağır yük qaldıran kran, boruçəkən, seysmik, sərnişin və digər təyinatlı gəmilər gətirildi. Xəzərdə 2500 ton gücündə “Azərbaycan” kran gəmisi isə başladı. Bundan əlavə, ilk vaxtlarda dənizin dərinliyi 70 metr olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün “Xəzər” tipli özüqalxan, sonralar 200 metr dərinlikdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğuları alındı. Nəticədə cəmi bir neçə il ərzində 8 yeni neft və qaz yatağı kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 milyon tona (şərti yanacaq) çatdırıldı.
1980-ci illərdə Xəzərdə artıq 10-dan çox qazma qurğusu vardı. Onların istifadə edilməsi nəticəsində dənizin 80-350 metr dərinliyində yerləşən “Günəşli”, “Çıraq”, “Azəri” və başqa yataqlar kəşf olundu.
Bakı Dərin Özüllər Zavodu (BDÖZ) da həmin dövrün yadigarıdır. İlkin variantda bu müəssisənin Həştərxan şəhərində tikilməsi planlaşdırılmışdı. Lakin ulu öndər Heydər Əliyev zavodun məhz Bakıda inşa edilməsinə nail oldu və zavodun tikilməsi üçün 450 milyon ABŞ dolları həcmində vəsait ayrıldı. Üstəlik, müəssisədə işləmək üçün 1500 nəfərdən çox yüksək ixtisaslı fəhlə və mütəxəssis hazırlandı.
1984-cü ilin aprel ayında BDÖZ ildə 60 min ton metal konstruksiya istehsal etməklə layihə gücü ilə işləməyə başladı. 1985-ci ildə dərin özüllü platforma üçün inşa edilmiş ilk dayaq bloku zavodun stapellərindən suya buraxıldı.
Bu il noyabrın 8-də Azərbaycanda 2 milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev həmin dövrü belə səciyyələndirmişdir: “1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilmişdir. 1970-1980-ci illərdə Heydər Əliyev Azərbaycan Respublikasının ümumi inkişafına çox böyük töhfə vermişdir, o cümlədən neft sənayesinin inkişafı üçün çox böyük addımlar atılmışdır. O vaxt neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllər zavodunun məhz Azərbaycanda tikilməsi, neftayırma zavodunun rekonstruksiyası və digər önəmli hadisələr Azərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirmişdir”.
Təəssüf ki, keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən iqtisadi tənəzzül neft sektorundan da yan keçməmişdi. Başqa sözlə, ölkənin neft sənayesi baxımsız qalmış və çox geriləmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci gəlişi ilə də neft sektoru dirçəldi və bu sahənin inkişafı ümumilikdə ölkə iqtisadiyyatının inkişafına təkan verdi.
1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyi ilə SOCAR və dünyanın 11 aparıcı neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalandı. Sonralar bu saziş “Əsrin müqaviləsi” adını aldı.
“Əsrin müqaviləsi”nin reallaşması təkcə Azərbaycan üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət kəsb etdi. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni mərhələnin başlanğıcını qoydu.
Yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına təkan verdi. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs dövlətimizin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatçısı oldu. Ölkədə aparılan genişmiqyaslı quruculuq işləri, respublikanın beynəlxalq aləmdə qazandığı uğurlar həmin uzaqgörən konsepsiyanın təntənəsinə aydın misaldır.
“Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neftin hasil edilməsindən 20 il keçir. Bu gün AÇG müqavilə sahəsində 8 platforma fəaliyyət göstərir. Onlardan 6-sı hasilat, 2-si texnoloji platformadır. AÇG kompleksindən gündə orta hesabla 585 min barel neft çıxarılır, dənizdən sualtı xətlərlə Səngəçal terminalına nəql olunur və buradan ixrac marşrutları ilə dünya bazarlarına yola salınır.
Azərbaycanın yeni neft strategiyası düzgün və böyük uzaqgörənliklə müəyyən olunmuş bir xətt olduğu üçün getdikcə inkişaf edir, yeni bəhrələr verir. Bu ilin sentyabr ayında AÇG üzrə yeni müqavilənin imzalanması bunu bir daha sübut etdi. AÇG-nin əvvəlki tərəfdaşları ilə razılaşdırılmış şərtlər əsasında layihənin müddəti əsrin ortasınadək uzadıldı. Beləliklə, növbəti 32 il ərzində AÇG blokunun Azərbaycana gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. Yeni müqavilənin şərtləri 23 ildən bəri ölkəmizin artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaşların Azərbaycana inamını təsdiqləyir və bu müddət ərzində formalaşmış beynəlxalq tərəfdaşlığı yeni müstəviyə qaldırır.
Sözügedən yataqlar blokundan 20 il ərzində 3,2 milyard barel (440 milyon tona yaxın) neft hasil edilib. “Əsrin müqaviləsi” imzalanandan bəri layihəyə 33 milyard dollar sərmayə qoyulub. Azərbaycan 125 milyard dollardan çox birbaşa mənfəət əldə edib.
Bu illər ərzində istər qurudakı, istərsə də dənizdəki köhnə yataqlardan da neft hasilatı ahəngdar davam edib. Azərbaycanın çoxminli neftçilər ordusu gərgin zəhmətlə, elm və texnikanın nailiyyətlərindən istifadə etməklə hasilatı sabit saxlamağa, hətta artırmağa nail olublar.
Bu uğurların qazanılmasında ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə yaradılmış potensialın böyük əhəmiyyəti var. Xüsusilə BDÖZ-ün fəaliyyəti qlobal layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Əgər vaxtilə bu zavod Bakıda tikilməsəydi, indi Azərbaycanın həyata keçirdiyi həmin layihələr xeyli ləngiyə bilərdi.
“Əsrin müqaviləsi”nin imzalanmasından keçən 23 il tarix üçün o qədər də çox deyil. Bununla belə, bu dövr ərzində Azərbaycanda daha böyük neft-qaz infrastrukturu yaradılıb. Bakıdan 55 kilometr cənubda Səngəçal terminalı - dünyanın ən böyük neft-qaz terminallarından biri tikilib. Bakı-Supsa və Bakı-Novorossiysk ixrac boru kəmərləri, üç ölkənin ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft və Bakı Tbilisi-Ərzurum qaz kəmərləri çəkilib.
2013-cü ildə Bakı Gəmiqayırma Zavodu istismara verilib. Bu ilin sentyabr ayında müəssisədə tikilmiş “Xankəndi” gəmisi dənizə yola salındı. Gəmi 10 il “Şahdəniz” yatağında sualtı tikinti işləri aparacaq.
Bakı Gəmiqayırma Zavodunda 4 il ərzində eləcə də “SOCAR-1” yedək, “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmiləri, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonları və üst blokları inşa edilib. Zavod “Şahdəniz-2” layihəsi çərçivəsində bir neçə gəminin, o cümlədən, “İsrafil Hüseynov” borudüzən, “Tofiq İsmayılov” dalğıc, “Gilavar” tədqiqat, “Azərbaycan” kran, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərinin, habelə “Dədə Qorqud” yarımdalma qazma qurğusunun təmir və yenilənməsini uğurla həyata keçirib. Təkcə son illərdə yeni gəmiqayırma zavodunda inşa və təmir edilmiş gəmi və qurğular Azərbaycanın necə zəngin neft-qaz infrastrukturuna malik olduğunu bir daha təsdiqləyir.
1999-cu ildə yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondu da dünyadakı ən şəffaf neft fondlarındandır. Ölkəmizdə neft gəlirlərindən düzgün və məqsədyönlü şəkildə istifadə olunur. Neftin Azərbaycana gətirdiyi inkişaf və firavanlıq hər bir vətəndaşın həyatında, dolanışığında özünü göstərir.
Flora SADIQLI,
“Azərbaycan”