Zərdabın ucqar kəndində - Seyidlərdə bir ailə yaşayır. Ailədə 14 uşaq böyüyür. Nazilə xala demişkən, çoxunu ərsəyə yetiriblər. Artıq bir-birinə həyan olurlar. Hərəsi bir işin qulpundan yapışıb. Oxuyub təhsil alanı da var, öz təsərrüfatlarında çalışanı da. Hamısının da məqsədi birdir: halallıqla yaşamaq, Nazilə xalanın, Şahalı kişinin ümidlərini, etimadlarını doğrultmaq. Hər dəfə uşaqların xoş sorağını eşidəndə Nazilə xala bir qədər də gümrahlaşır. Sevinir ki, böyütdüyü uşaqlar doğma ocağın xeyir-duasını, alqışını itirmirlər. Bir tikə halal çörəyə qədərincə dəyər verirlər.
Nazilə Mikayılova yaşının bu çağında - 70-i ötən vədəsində diribaşlığı, işgüzarlığı ilə seçilir. Övladlarına, gəlinlərinə, nəvələrinə əsl örnəkdir. Söz düşəndə deyir ki, gərək böyütdüyün övladlara qədərincə sərbəstlik verəsən. Qoy qabiliyyətlərinə güvənə bilsinlər. Belədə sərbəst yaşamaq vərdişini öyrənir, çətinə düşəndə çıxış yolu tapa bilirlər.
Nazilə xala hər gün eyni vərdişi üzrə sübh tezdən oyanır. Deyir ki, kənddə yaşayırsansa, gərək xoruz banından ayıq olasan. Təsərrüfatda görüləsi işlər çoxdur. Mal-qara, toyuq-cücə saxlayırlar, əkin-biçinlə də məşğul olurlar. Elə iş bölgüsü yaradıblar ki, heç kəs bir-birinə mane olmur. Əksinə, çətinə düşəndə köməkləşirlər, təsərrüfatı dirçəltmək üçün birgə yollar axtarırlar.
Uşaqların çoxu uzaq yerlərdə yaşayır. Amma nə qədər böyüsələr də, əlləri çörəyə çatsa da, ata ocağından payları kəsilmir. Vaxtında-vədəsində ata ocağına pay-nürüş göndərirlər. Nazilə xala belə şeylərlə də təsəlli tapır. Uşaqların xoş xəbərini alanda o qədər gümrahlaşır ki... Özü demişkən, yaşının bu çağında onun ən böyük mükafatı böyütdüyü övladların gərəkli olmasını görməsidir.
Təkcə bu kənddə-kəsəkdə deyil, Zərdabda bu ailəni yaxşı tanıyırlar. Adlarını hörmətlə çəkirlər, onların xeyirxahlığından, işgüzarlığından ürəkdolusu söhbət açırlar. Hələ sovet dövründən qəhrəman ana kimi tanınan Nazilə xala ailəyə göstərilən sosial güzəştlərdən də söz açdı. Dedi ki, verilən imtiyazlardan qədərincə faydalanırıq. Çatışmayan ehtiyaclarımızı dövlət ödəyir. Belə olanda yaşamaq da xeyli asan olur. Bu gün çoxuşaqlı analara güzəştlər əvvəlki illərdən fərqlidir. İldən-ilə müavinətlərdə artım olur. Bunlar da çoxuşaqlı anaların köməyinə çatır.
Əslində güzəştsiz, köməksiz 14 uşaq böyütmək o qədər də asan deyil. Ehtiyaclar o qədər çoxdur ki... Amma nə Nazilə xala, nə da Şahalı kişi belə xırda ehtiyaclardan o qədər də danışmadılar. Dedilər ki, biz cəmiyyət üçün sağlam övlad böyütməliyik. Onlar da sübut etməlidirlər ki, belə bir azad cəmiyyətdə yaşayırlar. Ötən illərin fərqindən, indiki şəraitdən də xeyli danışdılar. Nazilə xala yaxşı yaşamağın sirrini kənarda axtarmır. Deyir ki, gərək adamın özünün canında diribaşlıq olsun. Bu gün bizim ixtiyarımızda xeyli torpağımız var, əkib-becəririk. Əkin-biçin üçün güzəştlər olur, subsidiyalar verilir. Bu balaca kənddə hər kəs kiçik bir təsərrüfat yarada bilib. Ən böyük üstünlüyümüz odur ki, təsərrüfatı dirçəltmək üçün bütün yolları özümüz axtarırıq. Bir vaxtlar bütün bunları yalnız arzulayardıq. Bu gün istəyimizə çatmışıq. Hər il təsərrüfatımızı daha gəlirli sahəyə çevirmək üçün yollar axtarırıq. Yaxşı xatırlayıram, hələ sovet dövründə hər qarış torpağın üzərində ciddi nəzarət vardı. İstəsək də, istəməsək də, yalnız pambıqçılığı inkişaf etdirməli idik. Hətta bağ yerlərini, meşə sahələrini də məhv etməkdən çəkinmirdilər. Təki hektarın sayı çox olsun. Adamlara, torpağa bu cür münasibət dəyişməli idi. Gec-tez hər kəs qabiliyyətinə uyğun bir işin qulpundan yapışmalı idi. 30 ilə yaxındır ki, kolxoz ləğv olunub. Öz pay torpağımızda istədiyimiz kimi çalışırıq. Həm dolanışığımızı təmin edirik, həm də təsərrüfatımızı dirçəldirik. Açığını deyim ki, belə sərbəst işləməkdən uşaqlar da zövq alır. Övladlarım bir-birinə kömək olur.
Bu kəndin dolanışığında Kür çayının da əvəzsiz rolu var. Dəli Kürün şıltaqlığına dözənlər xeyrini görürlər. Nəyi yoxdur bu yerlərin?.. Yaşılbaş sonası, turacı, qırqovulu, kəkliyi, daha nəyi... Şahalı kişi deyir ki, Kür boyunca gəmi gəzintisinə çıxmağın ayrı ləzzəti var. Gələn qonaqlarımızı, dostlarımızı belə gəzintiyə qonaq edirik. O qədər mənzərələr var ki... Amma Şahalı kişinin bir gileyi də var. Deyir ki, Kür qırağının bəzəyi olan Tuqay meşələri gündən-günə seyrəlir. Hələ də əlibaltalılar zümrüd meşələrin gözəlliyinə qıyır. Belə nankorluğa dözmək olmur. Biz təbiəti zənginləşdirmək üçün hələ çox iş görməliyik. Uşaqlara da bunu öyrətməliyik. Doğrusu, bu yolda hələ az iş görmüşük. Mən heç kəsi qınamıram. Amma istəyirəm ki, yaşadığımız kənd, el, oba gündən-günə abadlaşsın. Son illər çəkilən yollar, tikilən binalar inkişafdan soraq verir. Gərək gözəlliyin, abadlığın sayını artıraq. Bunun üçün hər kəs üzərinə düşən borcu yerinə yetirməlidir.
Bu ailənin sözündən, söhbətindən, səmimiyyətindən doymaq olmur. Amma öz işlərindən az danışırlar. Deyirlər ki, nə varsa göz qabağındadır. Görünən kəndə nə bələdçi... Söhbətimizin sonunda Nazilə xala dedi ki, övlad böyütmək borcumuzdur. O ki qaldı onların çoxluğuna, bu da bir Tanrı payıdır. Gərək bir-birinin qədrini bilsinlər. Onda el-obaya da çox xeyir verərlər. Nazilə xala onu da əlavə etdi ki, Azərbaycanda belə çoxuşaqlı ailələr çoxdur. Lerikdə, Biləsuvarda, Lənkəranda 15-16 uşaq böyüdən ailələr var. Bunun özü də bir xoşbəxtlikdir.
Bəşir ŞƏRİFLİ,
“Azərbaycan”