31 Mart 2024 08:15
592
SİYASƏT
A- A+
106 il əvvəl törədilmiş vəhşət

106 il əvvəl törədilmiş vəhşət

 

1918-ci ilin mart günlərində erməni daşnaklarının bolşeviklərlə birləşərək Bakı, Şamaxı, Quba qəzalarında, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Qarabağda və başqa bölgələrimizdə azərbaycanlılara qarşı xüsusi qəddarlıqla həyata keçirdikləri soyqırımından artıq 106 il ötür. XX əsr tariximizdə baş vermiş faciəli hadisələrin milli yaddaşımızdakı qanlı izlərini özündə əks etdirən həmin gün xalq olaraq mövcudluq salnaməmizin ən dəhşətli səhifələrindən biridir. On minlərlə soydaşımızın ağlasığmaz işgəncələrlə, vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnən 31 Mart soyqırımı təkcə bir xalqa deyil, ümumilikdə bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət idi.
Belə bəşəri cinayətlərin hüquqi qiymətinin lazımi şəkildə verilməməsindəndir ki, XX əsrdə tarix dünyanın bəzi ölkələrində də ayrı-ayrı xalqlara, etnik qruplara qarşı müxtəlif miqyaslı soyqırımı aktlarına şahidlik etdi. İnsanlıq əleyhinə belə dəhşətli cinayətlərdən bir neçəsini yenə də ermənilər XX əsrin sonlarına doğru azərbaycanlılara qarşı törətdilər. 1905-1906-cı, 1918-1920-ci illərin soyqırımı cinayətləri silsiləsini bir neçə on ildən sonra daşnaklar Bağanis-Ayrım, Meşəli, Başlıbel, nəhayət, yüzlərlə soydaşımızın amansızcasına qətlə yetirildiyi Xocalı soyqırımı ilə davam etdirdilər. 

 

Yaddaşlardan silinməyəcək

 

Bu hadisələrin düzgün tədqiqi və işıqlandırılması, gələcək nəsillərə obyektiv şəkildə çatdırılması, belə cinayətləri törədənlərin aydın göstərilməsi bəşəriyyət qarşısında duran mühüm vəzifələrdəndir. Burada məqsəd heç də xalqlar arasında ədavəti zaman-zaman alovlandırmaq, olub-keçənləri tarixin yeni səhifələrinə daşımaq deyil. Soyqırımı yaddaşı belə cinayətlərin bir də heç zaman təkrarlanmaması üçün yaşadılmalı, daim xatirələrdə saxlanmalıdır. Bütün bunlar bizim qan yaddaşımızdır. Bu tarixi heç zaman unutmamalıyıq, onun ibrət dərslərindən nəticə çıxarmalıyıq. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz Vətən savaşında soyqırımı qurbanlarımızın da qisasını döyüş meydanında ləyaqətlə aldı. Şəhidlərimizin qanı yerdə qalmadı. Torpaqlarımızın işğaldan azad edilməsindən, ölkəmizin ərazi bütövlüyünün bərpasından, erməni separatçılarının illərlə Xankəndidə möhkəmləndirdikləri fitnə yuvasının dağıdılmasından və bu doğma şəhərimizdə üçrəngli bayrağımızın ucaldılmasından sonra indi şəhidlərimizin, soyqırımı qurbanlarının ruhu şaddır. Onların xatirəsini qürurla yad edir, ruhları qarşısında böyük ehtiramla baş əyirik. Amma onlara mənəvi borcumuz yenə qalır. Bu borc ümumilikdə beynəlxalq səviyyədə faşizmin hər bir növünə, o cümlədən erməni faşizminə, irqi, etnik, dini ayrı-seçkiliyə, ksenofobiyaya qarşı mübarizəni bundan sonra da davam etdirməkdir. Xalqımıza qarşı müxtəlif dövrlərdə törədilmiş soyqırımı cinayətlərinə görə tarixi ədalətin bərpasına nail olmaqdır. 
Tədqiqatçılarımız, alimlərimiz uzaq və yaxın keçmişimizdə baş verən hadisələri təfsilatı ilə araşdırmalı, yazılarla sənədləşdirməlidirlər. Faktlar əsasında müasir dövrümüzün kommunikasiya imkanlarına uyğun materiallar hazırlanaraq geniş kütlələrə təqdim olunmalıdır. Azərbaycan diasporunun fəal iştirakı ilə soyqırımı tariximizin dünyaya çatdırılması istiqamətində həyata keçirilən ardıcıl iş daha da gücləndirilməlidir. Nəzərə almaq lazımdır ki, faşizm daş altında gizlənib fürsət gözləyən əfi ilan kimidir. Vaxtında başını əzməsən, məqam tapan kimi yeni canlar yaxacaq, yeni faciələrə bais olacaq. Necə ki, erməni faşizmi 106 il əvvəl yüz minlərlə soydaşımızın ömrünə son qoydu. 

 

Tarixə nəzər: azğınların ittifaqı

 

31 Mart soyqırımı ermənilərin bolşeviklərlə birləşərək azərbaycanlılara qarşı reallaşdırdıqları xaotik bir cinayət aktı deyildi. Bu soyqırımı kifayət qədər hazırlıqlı, təşkilatlanmış şəkildə həyata keçirilmiş, həm coğrafi, həm də qətlə yetirilən soydaşlarımızın sayı baxımından çox geniş miqyasda aparılmışdı. Bu məsələdə erməni daşnakları ilə imperiya maraqlarını təmsil edən bolşevikləri iki niyyət birləşdirirdi. Bolşeviklər hakimiyyətini yenicə ələ keçirdikləri imperiyanın Cənubi Qafqazda möhkəmlənməsinə çalışırdılar. Ermənilərin məqsədi isə havadarlarının köməyi ilə tarixi Azərbaycan torpaqlarını ələ keçirmək, həmin ərazilərdə erməni dövləti qurmaq idi. 
XIX əsrin ikinci yarısından bu məqsədə doğru planlı iş aparan ermənilər ötən əsrin ilk onilliklərində öz qanlı cinayətləri üçün əlverişli imkan tapmışdılar. Onların "Daşnaksütyun" (1880, Tiflis), "Erməni vətənpərvərləri ittifaqı" (1885, Nyu York), "Qncaq" (1887, Cenevrə) kimi siyasi-terror təşkilatlarının hər biri "böyük Ermənistan" dövlətinin qurulması planının icrasına cəlb edilmişdi. Azərbaycanlılara qarşı ardıcıl terror aktlarının, kütləvi qırğınların həyata keçirilməsi sözügedən təşkilatların fəaliyyət proqramında da öz əksini tapmışdı. 
1905-1907-ci illərdə baş verən Birinci Rusiya inqilabı bu təşkilatların fəaliyyəti üçün münbit zəmin yaratmışdı. Ermənilər yaranmış qarışıqlığı, mərkəzi hakimiyyətin zəifləməsini fürsət bilib, Bakı, Şuşa, Zəngəzur qəzalarında kütləvi qırğınlar törətdilər. Araşdırmalara görə, 75 azərbaycanlı kəndini dəhşətli talana məruz qoydular. Azərbaycanlıların deportasiyası və soyqırımı prosesi müxtəlif miqyaslarda davam etdirildi. İnsanlar əsrlər boyu yaşadıqları əzəli yurdlarından qovuldular. Bütün bunlar təkzibi mümkün olmayan tarixi reallıqlardır. Bu reallıqlara Rusiya imperiyasının ovaxtkı statistik məlumatları da şahidlik edir. Tarixi mənbələrdə göstərilir ki, 1916-cı ilin məlumatlarına əsasən, İrəvan quberniyasının əhalisi 1830-1914-cü illər ərzində 40 dəfə artaraq 570 min nəfərə çatmışdı. Bu quberniyanın əhalisi tarixən azərbaycanlılardan ibarət idi. Statistika həmin dövrdə İrəvan quberniyasında azərbaycanlı əhalinin sayının cəmi 4,6 dəfə artdığını göstərir. O illərdə azərbaycanlı əhaliyə qarşı güclü sıxışdırılma tədbirləri həyata keçirilirdi. Amma bu qədər sərt sıxışdırma və deportasiya müqabilində yenə də İrəvan əhalisinin təxminən 45 faizi azərbaycanlılardan ibarət idi. 
Ermənilərsə 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) mühitində "böyük Ermənistan" iddiasını reallığa çevirmək üçün azərbaycanlıları əsas maneələrdən biri kimi görürdülər. Ona görə də soydaşlarımıza qarşı maksimum amansızcasına davranırdılar. 
Tədqiqatçı alimlərin araşdırmalarında göstərilir ki, ermənilər 1915-ci ilin əvvəllərində Türkiyənin şimal-şərq bölgələrində Osmanlı dövlətinə qarşı müharibəyə və kütləvi iğtişaşlara başlamışdılar. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən köçürülməsi barədə əmr vermişdi. Türkiyə ərazisindən İrəvan quberniyasına, Qarabağa və Zəngəzura erməni hərbi dəstələri və çoxlu sayda erməni əhalisi köçüb gəlmişdi. Əvvəlcə çar Rusiyası ordusu, sonra isə bolşeviklər gəlmə ermənilərə dəstək verirdilər. Onlar havadarlarının köməyinə arxalanaraq əvvəlcə Naxçıvanda və İrəvanda, ardınca isə Qarabağda, Azərbaycanın digər bölgələrində soydaşlarımıza divan tutdular. On minlərlə soydaşımız öz doğma yurdlarından qovuldu, min bir məşəqqətlə üzləşdi. 
1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında Ərzincan barışığı imzalandı. Həmin razılaşmaya əsasən Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu erməni hərbi birləşmələri əvəz edirdi. Onlar nəzarətsizlik şəraitindən istifadə edərək yerli müsəlman əhalisinə qarşı vəhşi əməllərinin miqyasını genişləndirdilər. Mənbələrə əsasən, 1918-ci il martın 6-na qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi tamamilə dağıdılaraq yandırıldı. Quberniyada yaşayan 135 min Azərbaycan türkünün böyük bir qismi öldürüldü. Ermənilərin əlindən qurtulub sağ qalan soydaşlarımız Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə pənah apardılar. Bu qırğınlara rəhbərlik edən əsas sima 1917-ci ilin 16 dekabrında RSFSR Xalq Komissarları Sovetinin Qafqaz işləri üzrə fövqəladə komissarı vəzifəsinə təyin etdiyi Stepan Şaumyan idi. O, azərbaycanlılara qarşı qırğını guya Cənubi Qafqazda sovetləşmə siyasəti adı altında həyata keçirirdi. 

 

Milli qırğın: dəhşət saçan rəqəmlər

 

Daha böyük bir qırğın planı da Bakıda və Azərbaycanın digər bölgələrində hazırlanmışdı. Müsəlman əsgərlərin Lənkərandakı könüllülərə silah göndərmək istəyini bəhanə edərək Şaumyan azərbaycanlılara qarşı soyqırımının yeni dalğasına Bakıda başladı. Silahlı bolşeviklərin və erməni daşnaklarının iştirakı ilə martın 30-da səhər tezdən azərbaycanlı əhaliyə qarşı tükürpədici qırğınlar törədildi. Erməni-bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutdular. Şəhərin küçələrində isə silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq insanları min bir işgəncə ilə qətlə yetirir, əmlaklarını talayırdılar. Fövqəladə İstintaq Komissiyasının sənədində qeyd olunur ki, erməni milli komitəsinin hərbi drujinası adlandırılan erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başladı. Demək olar ki, eyni bir vaxtda Levon Saatsazbekovun erməni dəstəsi şəhərin "Şamaxinka" adlanan hissəsini atəşə tutdu. Ermənilərin əsas hücumları şəhərin "Kərpiçxana", "Məmmədli" və "Zibilli Dərə" adlandırılan hissəsinə istiqamətlənmişdi. Burada yaşayan əhalinin demək olar ki, hamısı müsəlmanlar idi. Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən "Ərdəhan" və "Janr" hərbi paraxodlarının toplarından atəşə tutulmuşdu. 
Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar bu millətdən olanları qırırlar. Matroslar xəbərin yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, artıq gec idi. Alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı bilinmirdi. 
Növbəti 2 gün ərzində qırğınlar daha geniş miqyas aldı. Üç gün boyunca təkcə Bakıda 12-15 min azərbaycanlı öldürüldü. Həmin günlərdə digər bölgələrlə birlikdə 30 min adam qətlə yetirildi. Bakının müsəlman əhalisinin 400 milyon manatlıq əmlakı talan olundu. Bir çox ziyarətgahımız dağıdıldı. Bakınının memarlıq incilərindən sayılan məşhur "İsmailiyyə" binasına od vuruldu. Təzəpir məscidi top atəşinə tutuldu.
Həmin vaxt Nəriman Nərimanov qırğının qarşısını almaq üçün işə qarışmalı olur. Martın 30-da saat 2-də öz evində müşavirə çağırır. Müşavirəyə S.Şaumyan da dəvət olunur və hadisələrin qarşısını almaq üçün ona müraciət edilir. Şaumyan həmin müşavirədə hiyləgərcəsinə qırğının dayandırılacağına söz verir. Hətta Nərimanov telefonla A.Caparidzeyə zəng vurur və necə olursa-olsun qırğının dayandırılmasını tələb edir. Lakin bunun heç bir təsiri olmur, ermənilər qırğını daha da gücləndirirlər. Soyqırımı aprelin 2-si, gecə yarıyadək davam edir. Sağ qalanlar Bakını tərk etmək məcburiyyətində qalırlar. Bir sözlə, "əks-inqilaba" qarşı mübarizə adı altında milli qırğın təşkil edilir və bu, bolşevizmin gətirdiyi böyük fəlakətə çevrilir.
Azərbaycanda mart qırğınının təşkilatçısı və rəhbəri Stepan Şaumyan 1918-ci il aprelin 18-də RSFSR Xalq Komissarları Sovetinə göndərdiyi məktubunda yazırdı: "Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi". Həmin dövrdə V.Lenin Bakı Sovetinin başçısına aşağıdakı məzmunda teleqram yollamışdı: "Hörmətli yoldaş Şaumyan, məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnız imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu münaqişələri işlətməyi öyrənin…". Mahiyyətcə milli soyqırımı olan mart döyüşləri Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə olan kin-küdurəti daha da artırdı.
Həmin günlərdə təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara belə aman vermirdilər. Hətta daşnak silahlı dəstələri Nəriman Nərimanovun evinə də basqın edərək qardaşını həbs etmişdilər. N.Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında yazırdı: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər". Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, qiymətli əşyaları özləri ilə aparırdılar. Azərbaycanlılara qarşı bu soyqırımı və qarətlərdə Anastas Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" dəstələri xüsusilə fərqlənmişdilər. 
Bakı milyonçuları Musa Nağıyevin və Şəmsi Əsədullayevin nəvəsi, Fransada yaşayıb-yaratmış yazıçı Ümmülbanu (Banin) 1918-ci ilin mart günlərini belə xatırlayırdı: "Həmin vaxtlarda Azərbaycanın paytaxtı Bakı şəhərində siyasi canlanma güclənmişdi. Yaranmış müxtəlif siyasi təşkilatların fəaliyyəti sayəsində rəqabət, dağıntı, döyüşlər baş verdi. Sosialist təmayüllü bir erməni təşkilatı ölkəni kommunist dağıntısından qurtarmaq adı ilə hərbi diktatura rejimi yaratdı. Amma camaat pıçıldaşırdı ki, bu təşkilatın başçıları bolşeviklərdir. Onlar hər kim olsalar da, hakimiyyətləri dövründə müdafiə imkanı olmayan müsəlmanları qırmağa başladılar… Biz hər dəqiqə daşnakların evə dolacağını, mənzilimizi dağıdıb bizi də qıracaqlarını gözləyirdik. Telefon da kəsilmişdi… Nəriman Nərimanov bu hadisələrə dözə bilmədi, xəstələndi və Bakını tərk etdi. S.Şaumyana və A.Mikoyana qoşulan Məşədi Əzizbəyov isə faciəvi olaylardan baş çıxara bilmədi".
Bakı ilə yanaşı, Azərbaycanın digər ərazilərində də ermənilər əhaliyə qarşı tarixdə görünməmiş qəddarlıq edirdilər. Belə ki, martın 30-dan aprelin 2-dək Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər 8027 azərbaycanlını öldürdülər. Quba qəzasının 162 kəndi darmadağın edildi. Bu qəzada 16 mindən çox soydaşımız qətlə yetirildi. Uzun illərdən sonra Qubada qazıntı zamanı aşkarlanan kütləvi məzarlıqlar o günlərin dəhşətli mənzərəsinin tarixi şahididir. 
Erməni daşnakları və bolşeviklər həmin günlərdə Lənkəranda, Muğanda da minlərlə soydaşımızı öldürdülər. Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtdılar. O cümlədən Şuşada dəhşətli qırğınlar törətdilər. 
Ümumən, tarixi faktlara əsasən, 1918-ci ilin mart və aprel aylarında müxtəlif bölgələrimizdə 100 mindən çox soydaşımız qətlə yetirilmiş, on minlərlə insan doğma yurdundan didərgin düşmüşdü. 

 

Soyqırımına ilk siyasi qiymət 

 

Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün çox qısa - cəmi 23 ay sürməsi və dövrün tarixi şəraiti mart soyqırımı ilə bağlı istintaq araşdırmalarının tam başa çatdırılmasına, günahkarların cəzalandırılmasına imkan vermədi. Cümhuriyyətin süqutundan sonra qurulan sovet hakimiyyəti isə mart soyqırımını unutdurmaq siyasəti apardı. Bununla bağlı ictimai çıxışlara, araşdırmalara qadağa qoyuldu, yeni nəsillərimiz baş verən bu vəhşətlə bağlı məlumatsız qaldı. Dəhşətli soyqırımının izini tam itirmək üçün hətta qurbanların uyuduqları qəbiristanlıq da məhv edildi. Yerində istirahət parkı salındı. Ən hündür yerində də bolşevizmin əsas simalarından biri - Kirovun heykəli ucaldıldı. 
31 Mart soyqırımına ilk siyasi qiymət yalnız 80 il sonra  - Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanla verildi. Fərmanda azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edildi. 31 Mart günü dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi elan olundu. 
Fərman aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi, soyqırımı tariximizin öyrənilməsi istiqamətində mühüm işlər görüldü. Çoxlu əsərlər yazıldı, əcnəbi dillərə tərcümə olundu. Aparılmış araşdırmalar sayəsində bir çox yeni fakt və sənədlər toplandı. 
Belə məsələlərdə Ermənistanın təəssübkeşi kimi çıxış edərək Azərbaycana qarşı ikili standart tətbiq edən bir çox beynəlxalq təşkilat, ayrı-ayrı xarici ölkə, o cümlədən Qərb dövlətləri hələ də 31 Mart soyqırımına hüquqi-siyasi qiymət verməsələr də, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə vahid və sistemli fəaliyyəti davam etdirir. Erməni faşizmi ifşa edilir, özlərini sivil xalq qiyafəsinə bürümək istəyən bu saxtakarların iç üzü onların işğal dövründə torpaqlarımızda törətdikləri vandalizm əməlləri ilə, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları barədə sübutlarla ifşa edilir. Qürur duyulası hal həm də budur ki, ötən əsrin 90-cı illərində xalqımıza qarşı soyqırımı törədənlərin bir neçəsi artıq qandallanaraq Bakıya gətirilib. 

 

Gələcək qarşısında məsuliyyət

 

Dövlətimizin bu məsələlərdə mövqeyi, istəyi haqq-ədalətin öz yerini tutmasıdır. 
Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni faşizminə qurban getmiş insanlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" yaradılıb. Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncam imzalayıb. Həmin sərəncama əsasən, ölkədə və respublika hüdudlarından kənarda soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər həyata keçirilib.
Soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm xidmətləri var. 2009-cu ildən Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" kampaniyası da uğurla davam etdirilərək böyük nəticələr yaratmaqdadır. Bu kampaniya zamanı təkcə Xocalı həqiqətləri dünyaya çatdırılmır, ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirdikləri bəşəri cinayətlərin aydın mənzərəsi canlandırılır. 
Bütün bu işlər gələcək qarşısında məsuliyyətdir. Belə kampaniyalar, əli günahsız insanların qanına batmış erməni faşistlərinin ifşası yönündə görülən tədbirlər dünyamızın gələcəyini qorumaq üçündür. Ümid edək ki, bu işi əzmlə həyata keçirən Azərbaycan dövləti ilə eyni nəcib yolda irəliləyənlərin sayı getdikcə artacaq və 106 il əvvəl xalqımıza qarşı törədilmiş vəhşət bundan sonra dünyanın heç bir məkanında bir daha yaşanmayacaq. 

İradə ƏLİYEVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!