Meşə və çöl yanğınları təbiətə böyük zərbədir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Meşə və çöl yanğınları təbiətə böyük zərbədir

11 Avgust 2018
 

Bunlar insanların və bütün canlıların həyatı üçün böyük təhlükələr yaradır

 

Bu ilin yay mövsümündə havaların həddindən artıq isti və quraq keçməsi, eyni zamanda əksər ot bitkilərinin vegetasiya dövrünün başa çatması ilə əlaqədar meşə fondunda, xüsusi mühafizə olunan təbiət ərazilərində və digər yerlərdə qurumuş ot qalıqlarının üstünlük təşkil etməsi yanğın təhlükəsini xeyli artırmışdır.
Yanğın maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna bilməyən, insanların və digər canlıların həyatı üçün təhlükə yaradan bir prosesdir. Yanğın çox vaxt odla ehtiyatlı davranılmaması, yanğına qarşı tədbirlərə düzgün əməl edilməməsi, elektrik boşalmaları və ildırım düşməsi nəticəsində baş verir, bəzən də qəsdən törədilir. Lakin təbiətdə baş verən yanğınların əksər hissəsi antropogen faktorlarla bağlıdır.
Mövsümlə əlaqədar vətəndaşlar istirahət etmək məqsədilə əsasən meşəlik ərazilərə üz tuturlar. Bu zaman onların ocaq qalamaları, bəzən isə ocaqları nəzarətsiz qoymaları, yaxud ərazini tərk edərkən ocağı tam söndürməmələri yanğına gətirib çıxarır. Həmçinin fermerlər və ya ayrı-ayrı şəxslər tərəfindən növbəti əkin mövsümünə hazırlıq məqsədilə taxıl biçinindən sonra zəmi və kövşənlərin qanunsuz olaraq yandırılması bir çox hallarda ciddi fəsadlara səbəb olur.
Hazırkı hava şəraitində - havaların isti, quraq, bəzən küləkli olması qısa müddət ərzində yanğının daha geniş ərazilərə yayılması, yəni meşə fondu torpaqlarına, xüsusi mühafizə olunan təbiət ərazilərinə, yaşayış məntəqələrinə, hətta çətin keçilən relyefə məxsus dağlıq və sıldırım qayalıqla əhatə olunmuş əraziləri də bürüməsi ilə nəticələnir. Bu cür yanğınların qarşısının alınması və ya lokallaşdırılması isə uzun müddət, hətta sutkalarla vaxt tələb edir ki, nəticədə təbiətə külli miqdarda ziyan dəymiş olur. Eyni zamanda yanğınların söndürülməsi üçün xeyli məbləğdə dövlət vəsaiti sərf edilir.
Yanğınlar zamanı meşə və biçənəklərin məhv olması ilə yanaşı, torpağın münbit qatında olan üzvi maddələr və torpaqda yaşayan bir çox mikroorqanizmlər, ərazidə yayılmış bitkilərin kök və toxumları yanır ki, bu da biomüxtəlifliyin azalmasına, eyni zamanda əkin sahələrində məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olur. Yanğınlar atmosfer havasını çirkləndirir və bu da öz növbəsində ərazidə məskunlaşan əhalinin sağlamlığına ciddi təsir edir. Yanğın zamanı tüstü ilə havaya qalxan yanma məhsullarının çoxu (xüsusən polimer maddələr yandıqda) orqanizmə zəhərləyici təsir göstərir.
Azərbaycan ərazisinin əksər hissəsini arid zonalar təşkil edir. Son illər xeyli miqdarda vəsait və böyük zəhmət hesabına əsasən magistral avtomobil yollarının ətrafında bir çox yaşıllıqlar və meşə zolaqları salınmışdır. Lakin adi bir ehtiyatsızlıq, yəni söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün həmin ərazilərə atılması, yaxud meşəlik ərazilərdə istirahət edən şəxslərin laqeydliyi yanğın hadisələrinin baş verməsinə səbəb olur və bu da potensial təhlükələrə gətirib çıxarır.
2017-ci ildə Ağcabədi, Şabran, Masallı, Oğuz, Xızı, Qəbələ, Daşkəsən, Salyan, Lənkəran, Şamaxı, Ağsu, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının inzibati ərazilərində 18 yanğın hadisəsi nəticəsində 1098 hektar, 2018-ci ilin 7 ayında isə Şabran, Oğuz, Yardımlı, Ağdaş, Lənkəran, Xaçmaz, Xızı, Ağsu, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göyçay, Masallı, Şəki və Siyəzən rayonlarının inzibati ərazilərində 19 yanğın hadisəsi nəticəsində 701 hektar meşə və çöl əraziləri yanğına məruz qalmışdır. Meşə fondu və xüsusi mühafizə edilən təbiət ərazilərində baş vermiş yanğınlara əsasən onlarla həmsərhəd olan biçənək və kövşənlərin yandırılması, alovun tədricən həmin ərazilərə keçməsi səbəb olmuşdur.
Xəbər verildiyi kimi, bu il iyulun 28-də ətraf ərazilərdən Altıağac Milli Parkının ərazisinə keçən və 70 hektar ərazini əhatə edən yanğın üç gün davam etmiş, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və aviasiya dəstəsinin operativliyi nəticəsində tamamilə söndürülmüşdür. Artıq faktla bağlı şübhəli şəxslər müəyyən edilmiş və bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Hazırda araşdırma aparılır.
Bütün bunlara görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə hava şəraitində vətəndaşlara təbiətdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyi, biçindən sonra zəmilərin yandırılmamasını tövsiyə edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260-cı maddəsinə əsasən, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri, meşə fonduna daxil olmayan ağac, kol əkililərini və digər yaşıllıqları məhvetmə və ya zədələməsinə görə bu cəzalar tətbiq edilə bilər: min manatdan iki min manatadək miqdarda cərimə; bir ilədək müddətə islah işləri; bir ilədək müddətə azadlığın məhdudlaşdırılması; bir ilədək müddətə azadlıqdan məhrumetmə. Hadisə külli miqdarda ziyan vurmaqla törədildikdə isə səbəbkara iki min manatdan dörd min manatadək miqdarda cərimə, iki ilədək müddətə islah işləri, bir ilədək müddətə azadlığın məhdudlaşdırılması, iki ilədək müddətə azadlıqdan məhrum etmək kimi cəzalardan biri verilir.
Yandırma, digər ümumi təhlükəli üsulla, zərərli maddələrlə, istehsalat və məişət tullantıları ilə çirklənmə nəticəsində, meşə və ya meşə fonduna daxil olmayan ağac, kol əkililəri və digər yaşıllıqları məhvetmə, eləcə də zədələmə iki min manatdan üç min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə isə üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Son günlər Azərbaycanın müxtəlif regionlarında bu və ya digər səbəbdən biçənək və kövşənlərdə yanğınların baş verməsi, həmin yanğınların meşəlik sahələrə keçərək böyük fəsadlar törətməsi ictimaiyyətin diqqət mərkəzindədir. Bununla əlaqədar aidiyyəti dövlət orqanları - Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirlikləri tərəfindən kütləvi maarifləndirmə tədbirləri, eyni zamanda kütləvi informasiya vasitələrində yanğın hadisələrinin profilaktikası ilə bağlı kampaniyalar aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyində rəhbər vəzifəli şəxslərin iştirakı ilə bu mövzuda geniş həcmli brifinq də təşkil edilmişdir.
Məqsəd birdir: istər aparılan maarifləndirmə kampaniyaları, istərsə də qanunvericiliklə müəyyən edilən kifayət qədər sərt sanksiyalar qəsdən və ehtiyatsızlıq üzündən yanğın hadisələrinin baş verməməsinə yönəlib. Sadəcə, vətəndaş məsuliyyəti kifayət qədər olmalı və belə əməli törədən hər bir şəxs qanun qarşısında cavab verməli olduğunu unutmamalıdır!

Bəhruz MƏHƏMMƏDOV,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri