Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda sabitliyi pozmaq istəyənlərin planları puç olacaq

13 İyul 2018
 

2018-ci ilin ötən dövrü Azərbaycan üçün mühüm uğurlarla əlamətdardır. Bu müddətdə respublikamızda iqtisadi sferada təqdirəlayiq inkişaf göstəriciləri qeydə alınıb, qarşıya qoyulan vəzifələr yerinə yetirilib. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında bu barədə ətraflı söz açıldı.

Amma bir məsələ də var ki, Azərbaycanın inkişafı, müstəqil dövlət kimi möhkəmlənməsi dostlarımızı nə qədər sevindirirsə də, düşmənlərimizi də bir o qədər qıcıqlandırır. Düşmənimiz isə təkcə Ermənistan deyil. Bu gün erməni təəssübünü çəkən, Azərbaycanın müstəqil siyasət yürütməsini, Cənubi Qafqazın lider dövlətinə çevrilməsini, Avropanın enerji xəritəsinə dəyişikliklər etməsini, güclü ordu formalaşdırmasını, mühüm iqtisadi inkişaf göstəricilərinə malik olmasını həzm edə bilməyən bir sıra antiazərbaycançı dairələr ölkəmizi yüksləliş yolundan çıxarmaq üçün ən riyakar planları belə, həyata keçirməkdən çəkinmirlər.
İyulun 10-da Gəncədə baş verən hadisələr də antiazərbaycançı dairələrin çirkin planlarının tərkib hissəsidir. Bu, din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələr tərəfindən idarə olunan terrorçuların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq cəhdi idi. Həmin xarici dairələrin başlıca məqsədi əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir. Bunun üçün bəzi radikal dini dünyagörüşünə malik, dövlətçiliyin, müstəqilliyin nə olduğunu dərk etməyən ünsürlər vasitəsilə insanları itaətsizliyə çağırıb, sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını hədələmiş, hüquqazidd və qeyri-konstitusion çağırışlar etmişlər. Bu mənada Gəncədə baş verənlər dövlətə və dövlətçiliyə edilən qəsd idi.
Lakin bu antimilli ideyanın müəllifləri unudublar ki, birincisi, Azərbaycanda hakmiyyətlə xalq arasında sarsılmaz birlik mövcuddur. İkincisi isə Azərbaycan güclü dövlətdir. Ona görə ölkəmizə qarşı bu cür riyakar metodlarla təsir və təzyiq göstərmək, onu öz inkişaf yolundan döndərmək mümkün deyil.
Qeyd edim ki, Gəncədə baş verənlərin dinə heç bir aidiyyəti yoxdur, sadəcə, din pərdəsi altında törədilən cinayət əməlləri var. Azərbaycanda dövlət tərəfindən dini sahəyə diqqət və qayğının şahidi olmuşuq. Respublikamızda bir məscid belə təmirsiz qalmayıb, ən yüksək səviyyədə təmir olunaraq insanların istifadəsinə verilib. Buna misal olaraq Qafqazda ən qədim məscid olan Şamaxı məscidini, Gəncədə İmamzadə kompleksini göstərmək olar. Qafqazda və dünyada ən böyük məscidlərdən biri olan Heydər Əliyev məscidi tikilib, insanların istifadəsinə verilib. Hər bir kəs dini ayinləri azad şəkildə yerinə yetirə bilər. Biz hansısa dövləti təkrar edə bilmərik, adət-ənənələrimiz, dinə öz baxışımız var. İslami dəyərlər Azərbaycanda olduğu qədər heç bir yerdə yoxdur və ən düzgün forması da Azərbaycandadır. Bu mənada Gəncə hadisələri din pərdəsi altında törədilən təxribat idi.
Bu hadisə fonunda diqqəti çəkən digər mühüm məsələ isə daxili işlər orqanları əməkdaşlarının öz peşə fəaliyyətlərini ləyaqətlə, qəhrəmancasına yerinə yetirmələri oldu. Məhz polis əməkdaşlarının ayıq-sayıqlığı ilə şəhərdə qarışıqlıq yaratmaq istəyən qaragüruhçu dəstənin əməllərinin qarşısı dərhal alındı. İki polis zabitimizin xaincəsinə qətlə yetirilməsini isə bütün ölkə ictimaiyyəti böyük üzüntü ilə qarşıladı. Ölkə ictimaiyyəti bir daha gördü ki, dövlətçiliyin əsas sütunlarından olan Azərbaycan polisi dövlətə və onun konstitusion dayaqlarına qarşı çıxmağa cəhd göstərənlərlə mübarizədə mətindir və cinayətkarlığın qarşısının alınmasında, ictimai təhlükəsizliyin təmin olunmasında öz missiyasını şərəflə yerinə yetirir.
Bu hadisə bir daha göstərdi ki, ümummilli lider Heydər Əliyevin əmanəti olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycan Respublikasında ictimai-siyasi sabitlik möhkəm qorunur, hər hansı təxribatın, Konstitusiyaya zidd hərəkətlərin qarşısı Azərbaycanın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən qətiyyətlə alınır. Bəli, Azərbaycan polisi dövlətçiliyimizə zərbə vurmaq, əmin-amanlığa, sabitliyə təhlükə yaratmaq istəyənlərə qarşı mübarizədə daim barışmaz və qətiyyətlidir və daxili işlər orqanları dəfələrlə ölkəmizdə sabitliyin pozulmasına, hakimiyyətin zorla dəyişdirilməsinə yönəlmiş cinayətkar əməllərin qarşısını almaqla dövlətçiliyimizin keşiyində sadiq dayandığını sübut ediblər. İki polisimizin bu yolda öz canları bahasına fədakarlıq göstərmələri heç vaxt unudulmayacaq.
Azərbaycan əhalisi dövlətçiliyimizin, cəmiyyətimizin əleyhinə yönəlmiş əməllərə, təxribatlara qarşı daim barışmazdır. Güclü dövlətçilik, xalqın etimadına əsaslanan güclü hakimiyyət, eləcə də insanların ölkənin dünyəvi prinsiplərlə inkişafında nümayiş etdirdikləri həmrəylik Azərbaycanın konstitusion quruluşunun dəyişdirilməsinə cəhd göstərənlərin məkrli arzularının qarşısında həmişə sipər olaraq qalacaq. Azərbaycan hüquqi, demokratik inkişaf yolu ilə sürətlə irəliləyən ölkədir və hər hansı dini qrupların, onların xarici havadarlarının sabitliyi pozmaq, əhali arasında çaxnaşma yaratmaq, din adından istifadə edib öz bəd niyyətlərini həyata keçirmək cəhdləri heç bir səmərə verməyəcək. Bundan əvvəl də belə riyakar planlar olub və hamısı iflasa uğrayıb. Daim Azərbaycan dövlətçiliyinin, ictimai asayişin keşiyində ayıq-sayıq dayanmış hüquq-mühafizə orqanlarının qətiyyəti, operativliyi sayəsində ölkəmizdə sabitliyin pozulmasına hesablanmış bütün cəhdlərin qarşısı alınıb. Ona görə ölkəmizdə terror, xaos, gərginlik yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq istəyən bütün qüvvələrin planları puça məhkumdur.

Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı