Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İxrac artır, idxal azalır

13 İyul 2018
 

Bu ilin yanvar-may aylarında Azərbaycan dünyanın 160 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 95 ölkəyə məhsul ixrac, 150 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu dövrdə xarici ticarət dövriyyəsi 12 milyard 68,6 milyon, o cümlədən ixracın dəyəri 8 milyard 213,3 milyon, idxalın dəyəri 3 milyard 855,3 milyon dollar təşkil etmiş, nəticədə 4 milyard 358 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 35,4, real ifadədə 3,1, o cümlədən ixrac 2,8, idxal 3,8 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixracın 22,4 faizini İtaliyaya, 8,3 faizini İsrailə, 7,6 faizini Türkiyəyə, 5,8 faizini Tayvana (Çinin əyaləti), 5,3 faizini İndoneziyaya, 4,8 faizini Kanadaya, 4,4 faizini Almaniyaya, 4 faizini Çexiyaya, hər biri 3,4 faiz olmaqla Gürcüstan və Rusiyaya, 3,2 faizini Portuqaliyaya, 3 faizini Hindistana, 2,7 faizini ABŞ-a, hər biri 2,5 faiz olmaqla Fransa və İspaniyaya,  16,7 faizini digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,4 faizi Rusiya, 15,8 faizi Türkiyə, 10,2 faizi Çin, 7,6 faizi Almaniya, 4,8 faizi ABŞ, 4,2 faizi Ukrayna, 3,4 faizi İtaliya, 3 faizi İran, 2,7 faizi Belarus, 2,4 faizi Birləşmiş Krallıq, 28,5 faizi digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

Hesabat dövründə 667,5 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 20,1, real ifadədə 8,6 faiz çoxdur. Yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 2,1, təzə meyvə - 51,2, kartof - 33,5, meyvə və tərəvəz konservləri - 22,7, polietilen - 10,1, emal olunmamış alüminium - 15,7, pambıq lifi - 4, qara metallardan borular - 12, pambıq ipliyi - 10,7, bentonit gili - 8,5 faiz, təbii üzüm şərabları və üzüm suslosunun ixracı isə 2,6 dəfə artmışdır.

İdxala gəldikdə, siqaret - 6,1, kərə yağı, digər süd yağları və pastaları - 2,3, kartof - 22,2, quş əti və onun əlavə məhsulları - 5,6, mal əti - 20,2, xam şəkər və şəkər - 82,6, təzə tərəvəz - 47,4, hesablama maşınları, blok və qurğuları - 2,3, qara metallardan künclüklər - 19,6 faiz azalmışdır.