Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistan aciz duruma düşüb

13 İyul 2018
 

Rusiyalı politoloqların qondarma rejimə olan ittihamları işğalçı ölkədə böyük narahatlıq yaradıb

 

Bu günlərdə tanınmış rusiyalı politoloqlar və siyasətçilər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda keçirilmiş konfransda iştirak etmişlər. Onların arasında Rusiya Dövlət Dumasının korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, jurnalist Maksim Şevçenko, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin və digərləri olmuşlar. Səfər zamanı rusiyalı qonaqlar cəbhə xəttindəki strateji Lələtəpə yüksəkliyini də ziyarət ediblər.
Dumanın deputatı Dmitri Savelyev konfransdakı çıxışında bəyan etmişdir ki, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon qeyd-şərtsiz, mütləq şəkildə Azərbaycana qaytarılmalıdır. “Azərbaycan nadir ölkələrdən biridir ki, burada rus dili inkişaf edir. Azərbaycan Rusiyanı Dövlət Şurasında dəstəkləyir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda etibarlı müttəfiqidir. Baxmayaraq ki, biz Azərbaycana külli miqdarda silah satmışıq, amma bu, heç vaxt Rusiyanın öz əleyhinə yönələ bilməz. Ümid edirəm ki, Ermənistan müdrik olacaq və Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq. Ermənistan Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu qeyd-şərtsiz, mütləq şəkildə Azərbaycana qaytarmalıdır” - deyə rusiyalı deputat vurğulamışdır.
Dmitri Savelyevin, digər rusiyalı politoloqların və ekspertlərin Cocuq Mərcanlıdakı konfransda obyektiv çıxışları ermənilərdə dərhal qıcıq yaratmışdır və təbii ki, onları ciddi narahat etmişdir. Odur ki, Ermənistanın Rusiyadakı səfirliyi bununla bağlı bəyanat yaymışdır. Məlumatda bildirilir ki, rusiyalı “...deputat Dmitri Savelyevin bəyanatları Qarabağda dinc tənzimlənməyə təhlükədir”.
Əslində, ermənilərdən başqa reaksiya gözləmək də sadəlövhlük olardı.
Azərbaycanın Rusiya ilə Qafqazda yeganə etibarlı tərəfdaşlar olduğunu və strateji əlaqələr qurduğunu bildirən “Ekspertlər Klubu”nun üzvü Valeri Korovin isə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişafın olduğunu qeyd edib.
“Rusiya və Azərbaycan mürəkkəb məsələlərin həlli üçün birgə səylər göstərirlər. Bu, beynəlxalq terrorizmlə mübarizə və digər təhlükələrdir. Bizim birlik kiməsə qarşı yönəlməyib. İşğal olunan rayonlardan 5-nin qaytarılması danışıqlar prosesinə nəzərəçarpacaq dərəcədə kömək edərdi”. Bu sözlərin müəllifi isə hərbi ekspert İqor Korotçenkodur.
Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Dugin Qarabağdan azərbaycanlılar qovulduqdan sonra qondarma rejimin heç vaxt legitim hesab oluna bilməyəcəyini diqqətə çatdırıb. “Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdilər ki, ilkin olaraq beş rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın. Bu, sülhə yol açardı və bu məsələdə ən yaxşı variantdır. Ermənistanın indiki hökuməti buna real yanaşaraq razılaşmaya sadiq olmalıdır. Bu, sülhün yeganə yoludur”.
“Rusiya-Azərbaycan münasibətlərinin böyük perspektivi var” - deyə çıxışına başlayan jurnalist və ictimai xadim Maksim Şevçenko bildirib ki, ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi vacibdir. O, işğaldan azad edilmiş ərazidə olmasından fəxr hissi duyduğunu da dilə gətirmişdir.
Ötən ay Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilmiş möhtəşəm parad, orada nümayiş etdirilmiş ən müasir silah və texnika da bütün dünyaya göstərdi ki, ölkəmiz Ermənistanın işğal etdiyi əraziləri qaytarmağa hazırdır. İyulun 2-dən 6-dək isə genişmiqyaslı təlimlər keçirilmişdir. Təlimlərdə 20 min hərbi qulluqçu, 120-yə yaxın tank və digər zirehli texnika, 200-dən çox raket-artilleriya qurğusu və s. iştirak etmişdir. Manevrlərdə işğal olunmuş ərazilərin azad edilməsi, habelə düşmənin təxribatçı fəaliyyətinin qarşısının alınması üzrə əməliyyatlar işlənmişdir.
Təbii ki, bütün bunlar Ermənistanda böyük narahatçılıq yaradır. İndi ermənilərin özləri də kriminal xunta rejiminin əsirinə çevrildiklərini anlayırlar. İndi işğalçı ölkədə dövlətçilik iflasa uğrayıb.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı Ermənistanda baş verənləri bir daha xatırlatmışdır: “Baxın görün Ermənistanda nələr baş verir? 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb... Ermənistanın iqtisadi perspektivləri demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çətin ki, tapılsın. Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir... İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhval-ruhiyyəsi də yaxşı səviyyədə olmaz”.
Prezidentin dediyinə görə, aprel döyüşləri Ermənistanın çürük və laxlamış sütunlarını daha da sarsıtmışdır. Aprel döyüşləri Sarkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özlərinə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif, - guya onların ordusu güclü ordudur, - darmadağın edildi. Biz bu mifi məhv etdik... Ermənistan əhalisi yaxşı bilir ki, Azərbaycan hansı yüksək zirvəyə qalxa bilibdir: ölkə daxilindəki sabitlik, inkişaf, beynəlxalq əlaqələr, iqtisadi inkişaf, ordu quruculuğu, sosial məsələlərin həlli. Bizim aramızda yerlə-göy qədər fərq var və bu, bir daha göstərdi ki, Ermənistanı bu ağır vəziyyətə salan onların işğalçı siyasətidir. Əgər işğal olmasaydı, Ermənistan da bizim təşəbbüsümüzlə icra edilən layihələrdə yer ala bilərdi. Onlar da başqa ölkələr kimi bizim imkanlarımızdan faydalana bilərdilər və əlbəttə ki, onların iqtisadi vəziyyəti bu gün yaxşı ola bilərdi. Kriminal, 20 il ərzində erməni xalqının qanını içən oğru rejimin siyasəti nəticəsində ermənilər bu vəziyyətə düşdülər.
Bir daha vurğulayaq ki, Cocuq Mərcanlıda keçirilmiş konfrans da ermənilərin aciz və məğlub vəziyyətə düşdüyünü nümayiş etdirdi. Rusiyalı politoloqların çıxışı ermənilərə ciddi bir mesaj idi. Ermənistanda anlamalıdırlar ki, istər sülh, istərsə də müharibə yolu ilə Azərbaycanın əraziləri geri qaytarılacaq. Münaqişənin həllinə gəldikdə isə bunun bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Ermənilər bunu nə qədər tez anlasalar, regionda sülh və sabitlik bir o qədər də tez bərqərar olar.

Rizvan CƏFƏROV,
“Azərbaycan”