Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ceyhun Bayramov təhsildə fərqlənən məzunlarla görüşüb

14 İyun 2018
İyunun 14-də təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb.

AZƏRTAC xəbər verir ki, tədbirdə respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqələrin qalibləri iştirak ediblər.

C.Bayramov məzunları təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib, uğurlar arzulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran nazir başa çatan tədris ilinin uğurlarla yadda qaldığını bildirib. Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və müvafiq sahədə böyük nailiyyətlərin əldə edildiyini vurğulayan təhsil naziri bu olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsinin, diqqət mərkəzində saxlanılmasının şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olduğunu deyib.

C.Bayramov məzunların növbəti təhsil pilləsində də uğur qazanacaqlarına və əldə etdikləri təcrübənin gələcəkdə daha böyük nailiyyətlər üçün onlara imkanlar yaradacağına əminliyini ifadə edib.