Qürur hissi doğuran “Nəriman Nərimanov”

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qürur hissi doğuran “Nəriman Nərimanov”

14 İyun 2018
 

Həkim, yazıçı, ictimai-siyasi xadim Nəriman Nərimanovun həyat və yaradıcılığı, Azərbaycanın dövlətçilik tarixində yeri və rolu, ədəbi irsi həmişə tədqiqatçı alimlərin diqqət mərkəzində olmuşdur. Mirzə İbrahimov, Mir Cəlal, Cəmil Quliyev, Vəli Məmmədov, Qılman İlkin, Qulam Məmmədli, Həsən Həsənov, Mikayıl Rəfili, Şamil Qurbanov, Firdovsiyyə Əhmədova, Akif Aşırlı və digər tədqiqatçı-alimlər Nəriman Nərimanovun çoxşaxəli yaradıcılığının müxtəlif sahələrini tədqiq edib kitab yazmışlar. Onların arasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor, Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiki Teymur Əhmədov da var.

Onun Nəriman Nərimanovun həyat və yaradıcılığından bəhs edən “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanov həyatı, mühiti və yaradıcılıq yolu” kitabları Azərbaycan, rus, alman, ingilis, fransız dillərində kütləvi tirajla çap olunub. Bu əsərlər Nəriman Nərimanov irsini ədəbiyyatşünaslara və oxuculara daha yaxından tanıtmış, respublikamızdan kənarda da müəllifə rəğbət qazandırmışdır. Teymur Əhmədovun belə əsərlərindən biri bu günlərdə “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən nəfis şəkildə buraxılmış “Nəriman Nərimanov” kitab-albomdur.

“Ön söz”də Nəriman Nərimanovun həyatı - uşaqlıq, gənclik, tələbəlik, həkimlik, yazıçılıq, habelə qəzetçilik işindən tutmuş ictimai-siyasi sahədəki gərgin fəaliyyəti yığcam, dolğun və xronoloji ardıcıllıqla öz əksini tapıb. Bu kitab Teymur Əhmədovun ötən əsrin 70-ci illərində nəşr edilən Nəriman Nərimanova aid albom-kitabının yenidən işlənmiş, təkmilləşdirilmiş və təzə arxiv tapıntıları ilə zənginləşdirilmiş variantıdır.

Qeyd etmək yerinə düşər ki, Teymur Əhmədov bundan bir neçə il öncə nəşr etdirdiyi “Mirzə İbrahimov, “Mir Cəlal”, “Zəlimxan Yaqub” albom-kitabları ilə Azərbaycan kitabşünaslığında və ədəbiyyatşünaslığında bu janrın yaradıcısı kimi də tanınmışdır.

Müəllif arxiv sənədlərini və nadir fotoşəkilləri qruplaşdıraraq XX əsr Azərbaycan ədəbiyyatı tarixində intibah dövrünün, üsyanlar və inqilablar dalğasının ictimai-siyasi, ədəbi-mədəni mənzərəsini dolğunluğu ilə əks etdirmişdir. Oxucu N.Nərimanovun böyük amallar uğrunda mübarizə yolu və tarixi hadisələr barədə ətraflı tanış ola bilir. Ötən əsrin əvvəllərində bolşeviklər partiyasının görkəmli xadimi kimi tanınan Nəriman Nərimanov gənclik dövründən imkansız insanlara kömək etməyi qarşısına məqsəd qoymuş şəxs kimi xarakterizə edilir. 1920-ci ildən Azərbaycan SSR Xalq Komissarları Sovetinin ilk sədri vəzifəsində işlədiyi müddətdə Zaqafqaziyada bütün Şərq üçün nümunə ola biləcək dövlət yaratmağa çalışmışdır. Azərbaycanda yüz illərlə hökm sürən müstəmləkəçilik siyasətini, köhnə üsul-idarəni tamamilə yeni ictimai şəraitin tələblərinə uyğun qurmaq istəmişdi. N.Nərimanov istəyirdi ki, Azərbaycan SSRİ-nin tərkibinə həqiqi müstəqil dövlət kimi daxil olsun. Azərbaycan iqtisadi imkanlarına və milli sərvətinə tam və müstəqil şəkildə sahiblik etsin. Lakin Nərimanovşünas alimlərin yazdıqları və albom-kitabda qeyd edildiyi kimi, Nərimanovun Azərbaycanda bu istiqamətdə dəyişiklik etmək cəhdi, nəhəng Rusiya dövlətinin rəhbərlərinin və onların ermənipərəst əlaltılarının fikri ilə üst-üstə düşmədiyindən onu aradan götürməyə nail oldular.

Albom-kitabda fotoların dili ilə oxuculara çatdırılan bir məqam da diqqət çəkir. İstər sovetlər dönəmində, istərsə də müstəqillik illərində Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətini və xalqı qarşısında xidmətlərini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev olmuşdur. Ədibin anadan olmasının 100 illiyi münasibətilə Bakıda heykəlini qoydurmaq istəyəndə kommunist maskalı ermənilər və onların havadarları “millətçi” Nərimanova heykəl qoyulmasına qarşı etiraz məktubları ilə Moskvanı təngə gətirirdilər. Bu məsələdə milli təəssübkeşlik göstərən, əsl həqiqəti ortaya qoyan Heydər Əliyev Nəriman Nərimanovun əzəmətli heykəlinin ucaldılmasına nail oldu və təntənəli yubileyini keçirdi, doğma xalqına əbədi qovuşdurdu.

Nəfis tərtibatla hazırlanmış 448 səhifəlik albom-kitabda böyük ictimai-siyasi xadimin “həyatı, mühiti, ictimai-siyasi fəaliyyəti (1870-1918)”, “bədii yaradıcılığının tarixi”, “dramaturgiyası”, “nəsr əsərləri”, “teatr mədəniyyəti”, “ədəbi-nəzəri görüşləri”, “publisistikası”, ən nəhayət, “maarifçilikdən inqilabi demokratizmə doğru” fəaliyyəti dolğunluğu ilə oxuculara çatdırılır. Professor Teymur Əhmədov hər bir azərbaycanlının qəlbində iftixar və qürur hissi doğuracaq “Nəriman Nərimanov” albom-kitabını gənc nəslə yeni redaksiyada təqdim etməklə ictimai-siyasi və dövlət xadimi, yazıçı, həkim Nərimanovun zəngin irsini bir daha xalqımızın yaddaşında təzələmişdir.

 

Rəhman SALMANLI,

“Azərbaycan”