Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Peşə Reabilitasiya Mərkəzində Milli Qəhrəman Asif Məhərrəmov yad edilib

12 İyun 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş tədbir keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi tərəfindən təşkil edilən tədbirdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səslənib.

Əlil ictimai birliklərinin, Qarabağ müharibəsi veteranlarının da iştirak etdiyi tədbirdə Milli Qəhrəman Asif Məhərrəmovun həyatı və keçdiyi şərəfli döyüş yolu barədə məlumat verilib.

“Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyinin sədri İlham Məhərrəmov layihənin Milli Qəhrəmanların daha yaxından tanıdılması və eyni zamanda, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə töhfə vermək məqsədinə xidmət etdiyini bildirib. O layihə çərçivəsində Mərkəzdə Milli Qəhrəmanlar Mübariz İbrahimov, Cavanşir Rəhimov, Çingiz Qurbanov, Sahil Məmmədov və digər Vətən müdafiəçiləri ilə bağlı tədbirlərin də təşkil olunacağını bildirib.

Tədbirdə Milli Qəhrəman Asif Məhərrəmov haqqında çəkilmiş film nümayiş olunub, vətənpərvərlik mahnıları səsləndirilib.