Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sahibkarlara növbəti dəstək

12 İyun 2018
 

İlk dəfə ölkəmizə təşkil olunacaq alıcı missiyaları “Made in Azerbaijan” brendinin təşviqinə mühüm dəstək verəcək

 

Son 15 ildə Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, xüsusən də Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində qəbul etdiyi qərarlar bu gün öz bəhrəsini verməkdədir.
Bir zamanlar iqtisadiyyatının əsas hissəsi idxaldan asılı olan Azərbaycan bu gün dünya bazarına “Made in Azerbaijan” brendi ilə müxtəlif çeşiddə qeyri-neft məhsulları ixrac edir. Hazırda dünyanın 170-dən çox dövləti ilə xarici ticarət əlaqəsi yaradan Azərbaycan xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericiliyini daha da təkmilləşdirir.

 

Yeni ticarət sazişləri və genişlənən ixrac coğrafiyası

 

Həyata keçirilən islahatlar geniş vüsət aldıqca, Azərbaycanın dünyanın əksər ölkələri ilə ticarət dövriyyələri artır. Bunun müqabilində də yeni ticarət müqavilələri bağlanır.
Statistik göstəricilərə nəzər yetirsək görərik ki, “Azexport” portalının fəaliyyəti sayəsində ixrac edilən məhsulların həm coğrafiyası, həm də çeşidi getdikcə artır. Azərbaycan məhsullarının beynəlxalq elektron ticarət platformalarında təmsil olunma əmsalının 60 dəfə artması və bu ilin 4 ayında “Azexport”a 222,5 milyon dollar məbləğində ixrac sifarişinin daxil olması bunu təsdiqləyən amildir.

 

13 ixrac missiyası, 70-ə yaxın müqavilə

 

Prezident İlham Əliyevin “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair fərmanına uyğun olaraq, 2018-ci ilin ötən dövründə Azərbaycan şirkətləri dövlət büdcəsi hesabına “Beynəlxalq Yaşıl Həftə”, “Prodexpo”, “Fruit Logistica”, “Gulfood” və “Sial China” beynəlxalq ərzaq sərgilərində vahid ölkə stendi ilə iştirak ediblər.
Ümumilikdə indiyədək 13 ixrac missiyası (Çin, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Rusiya, Səudiyyə Ərəbistanı) təşkil olunub. “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci ilin ilk ixrac missiyası Rusiyanın Həştərxan vilayətində olub.
Bu missiyalar zamanı - Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab məhsulları, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay kimi kənd təsərrüfatı və qida sənayesi məhsullarının, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 70-ə yaxın müqavilə imzalanıb və razılaşmalar əldə olunub.

 

İlk dəfə olaraq ölkəmizə alıcı missiyaları təşkil olunur

 

Prezident İlham Əliyevin “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair fərmanına uyğun olaraq ixracın dəstəklənməsi mexanizmlərinin və stimullaşdırıcı tədbirlərin əhatə dairəsi daha da genişləndirilib. Dövlət başçısının 11 yanvar tarixli fərmanına əsasən isə bu il xarici ölkələrə daha çox ixrac missiyaları həyata keçiriləcək və ilk dəfə olaraq Azərbaycana alıcı missiyaları təşkil olunacaq. Eləcə də ixracla məşğul olan sahibkarlara daha çox dəstək göstəriləcək.
Qeyd edək ki, ixrac missiyaları yeni bazarlara çıxış imkanlarını aşkar etmək, mövcud bazarlarda yerli məhsulların mövqeyini möhkəmlətmək və bu bazarlara yeni məhsullar təqdim etmək məqsədi ilə təşkil olunan dəstək tədbiridir. Səfər olunan ölkələr və səfərlərin tarixi qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər, eləcə də Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunur. 4 gün davam edən bir səfərdə maksimum 20 ixracatçı iştirak edir. Səfər ilə bağlı təşkilati işlər (mehmanxana, nəqliyyat, işgüzar görüşlər üçün məkanın və avadanlıqların icarəsi, tərcümə xidmətləri) təmin olunur və bütün xərclər dövlət büdcəsi hesabına qarşılanır.

 

Alıcı missiyası nədir

 

Alıcı missiyası isə xarici ölkələrə məhsulların idxalını və ya distribüterliyini həyata keçirən şəxsin Azərbaycan bazarından qeyri-neft məhsullarını alması üçün təşkil edilən fəaliyyətdir.
Dövlət başçısının imzaladığı fərmanda alıcı missiyaların hansı formatda təşkili də göstərilib. Belə ki, hər alıcı missiyasının müddəti 6 gündən və hər alıcı missiyasında iştirak edən alıcıların sayı 10 nəfərdən artıq ola bilməz. Alıcı missiyasında iştirak edən xarici şəxslərin Azərbaycana səfəri ilə bağlı təşkilati işləri (mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla), tərcümə xidmətləri, görüş yerlərinin və avadanlığın icarəsi) və onlarla bağlı xərcləri İqtisadiyyat Nazirliyi təmin edir. Missiyada iştirak edəcək xarici şəxslər Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara uyğun olaraq müəyyən edilir.

 

Azərbaycanın bütün ticarət nümayəndələrinə tapşırıq verilib

 

İlk dəfə reallaşacaq alıcı missiyalarının təşkili işini həyata keçirən İqtisadiyyat Nazirliyi hazırda qeyri-neft məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla alıcı missiyalarının tarixini və iştirak edəcək tərəfdaşlarının siyahısını müəyyənləşdirir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bizimlə söhbətində bildirdi ki, ölkəmizdən xarici ölkələrə təşkil olunan bütün ixrac missiyaları zamanı oradakı sahibkarlara həm ölkəmizdə yaradılan investisiya mühiti, həm də alıcı missiyaları ilə bağlı geniş məlumat verilir. Eyni zamanda, Azərbaycanın xarici ticarət nümayəndələrinə tapşırılıb ki, çalışdıqları ölkələrdə idxalla məşğul olan şirkətlərin siyahısını tutub nazirliyə təqdim etsinlər: “Alıcı missiyalarının formalaşmasında ixrac missiyalarının böyük rolu var. Çünki səfərlər zamanı biz öz məhsullarımızı nümayiş etdiririk. Həmçinin həmin ölkədə fəaliyyət göstərən şirkətlərə Azərbaycandan idxal edə biləcəkləri məhsullarla bağlı məlumat veririk. Razılıq olduqda isə həmin şirkətin nümayəndəsinin alıcı missiyasının tərkibində birbaşa məhsulun istehsal olunduğu müəssisəyə, zavoda səfəri təşkil olunur. Məhsula baxdıqdan sonra tərəflər arasında idxalla bağlı sazişlər imzalanır”.
Yəni, dövlət öz hesabına bu missiyaları təşkil etməklə həm yerli müəssisələrə, zavodlara, həm də xarici şirkətlərə dəstəyini nümayiş etdirir.

 

İlk alıcı missiyaları İsveçrə, Çin və Rusiyadan gələcək

 

Yaxın zamanlarda Azərbaycanın növbəti ixrac missiyaları təşkil edəcəyini söyləyən Yusif Abdullayev dedi ki, növbəti ixrac missiyası İsveçrəyə təşkil olunacaq və bu səfər zamanı oradakı idxalçı şirkətlər ölkəmizə dəvət ediləcək: “Səfər etdiyimiz bütün ölkələrdə yerli şirkətlər, yəni, idxalçı şirkətlərlə danışıqlar aparırıq. Çalışırıq ki, ilin sonunadək bir çox ölkələrdən alıcı missiyaları təşkil edək. Növbəti səfərimiz İsveçrəyədir və bu ixrac missiyası zamanı bir çox idxalçı sahibkarla görüşlər təşkil olunacaq, məhsullarımız, alıcı missiyalarımızla bağlı məlumatlandırılacaqlar”.
Y.Abdullayev İsveçrə ilə yanaşı, Çin və Rusiyadan da alıcı missiyalarının təşkil olunacağını vurğuladı. Hər iki ölkədə fəaliyyət göstərən ticarət nümayəndəliyimiz artıq idxalçı şirkətləri alıcı missiyaları ilə bağlı məlumatlandırıblar və ölkəmizə gəlmək istəyən idxalçı şirkətlərin siyahısı nazirliyə göndərilib.

 

“Made in Azerbaijan” brendinin ixrac coğrafiyası daha da genişlənəcək

 

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində son illər sahibkarların öz ixrac-idxal əməliyyatlarını daha rahat şəkildə yerinə yetirmələri üçün həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Dövlət iş adamlarına hərtərəfli dəstəyini göstərməkdə davam edir. Artıq ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının dünya bazarlarına çıxması üçün ən asan vasitələr yaradılır. Hər hansısa zavod, fabrik istehsal etdiyi məhsulu xarici bazara çıxarmadan, əcnəbi KİV-də reklam vermədən asanlıqla satmaq imkanına malik olur. Dövlət öz hesabına alıcı missiyalarını birbaşa müəssisəyə gətirir.
Bir sözlə, alıcı missiyaları həm “Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxan məhsullarımızın çeşidlərinin artmasına, həm də onun ixrac coğrafiyasının genişlənməsinə öz töhfəsini vermiş olacaq.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”