Hər peşənin öz xüsusiyyəti var

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hər peşənin öz xüsusiyyəti var

01 İyun 2018
 

Hər peşənin öz xüsusiyyəti var. Şəbəkə hazırlananda  yapışqan, mismar və digər bərkidici materiallardan istifadə olunmur. Bu sənətdən söz düşəndə ilk növbədə adı çəkilən şəhərlərdən biri Şəkidir. Hazırda Şəkidə 18 sənət növü üzrə 300 nəfərə yaxın sənətkar məşğul olur.

Onlardan biri İlqar Rəsulovdur. Onun babası  sağlığında şəbəkə ustası kimi ad çıxarmış, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. İlqarın atası da şəbəkə ustasıdır. Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvüdür. İlqar deyir ki, bu sənəti seçməkdə atasının da böyük əməyi olub. İlqar 18 yaşından müstəqil fəaliyyət göstərir. Dəfələrlə Şəkidə, Bakıda, xarici ölkələrdə keçirilən sərgilərdə iştirak edib. Buna hər il Dənizkənarı Milli Parkda təşkil edilən Novruz şənliklərini, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən həvəskar rəssamların və xalq tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgini, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan “Dünəndən bugünə” adlı yaradıcılıq sərgisini misal göstərmək olar.

İlqar Respublika Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən patent alıb, bir sıra eskizlərinə Müəllif Hüquqları Agentliyi tərəfindən şəhadətnamə verilib. Bu ilin fevral ayında Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatına layiq görülüb.

İlqar Rəsulov Şəkidə sənətkarlar üçün yaradılan şəraitdən də razılıq edir. Dedi ki, problemlərinə həssaslıqla yanaşırlar. Şəkinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi hamının, o cümlədən həmkarlarımın  hədsiz sevincinə səbəb olub. Ölkəmizdə mədəni irsin qorunması və dünyada tanınması istiqamətində dövlət səviyyəsində iş aparılır. Bu da onun nəticələrindən biridir. Axır sözü bu oldu ki, xalqımız ən çətin dövrlərdə belə öz zəngin milli-mənəvi irsini, adət-ənənələrini yad təsirlərdən qoruyub saxlamış, nəsildən-nəslə ötürmüşlər. Biz niyə qoruyub saxlamayaq, gələcək nəsillərə çatdırmayaq?!

 

İsmayıl İSMAYILOV,

Şəki şəhəri