Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elmi müsabiqəsində qalib olan yeganə azərbaycanlı

31 May 2018
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birinci kurs tələbəsi Mirmehdi Əhmədzadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) keçirdiyi beynəlxalq elmi müsabiqənin qalibi olub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, elmi müsabiqə “QDİƏT regionunda parlamentlərarası əməkdaşlığın 25 illiyi: Baxışlar və gələcək perspektivlər” mövzusuna həsr olunub. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan M.Əhmədzadə elmi müsabiqənin qalibi olan ilk azərbaycanlıdır. O, müsabiqədə “QDİƏT regionunda parlamentlərarası əməkdaşlığın 25 illiyi: Azərbaycandan baxış” mövzusunda elmi məqalə ilə iştirak edib. UNEC-in tələbəsi tədqiqatında ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara xüsusi yer verərək Azərbaycan ilə QDİƏT arasında əməkdaşlığın təhlilini aparıb. M.Əhmədzadə əməkdaşlığın genişləndirilməsi səbəbləri ilə yanaşı, gələcəkdə yeni tərəfdaşlıq modelini də təqdim edib. Müəllif məqalədə region ölkələri arasında əməkdaşlığa əngəl olan faktorları, o cümlədən münaqişələri təhlil edərək regional problemlərin həlli ilə bağlı fikirlərini bölüşüb.

UNEC-in tələbəsinin tədqiqatı beynəlxalq qiymətləndirmə şurasının yüksək dəyərləndirməsi ilə birinci yerə layiq görülüb. M.Əhmədzadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dəvəti ilə Albaniyanın paytaxtı Tiranada keçiriləcək mükafatlandırma mərasimində iştirak edəcək.