Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tarlalar yenidən hünər meydanına çevrilib

15 May 2018
 

Ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi həm də bölgələrdə yaşayan qadınların məşğulluq probleminin həlli deməkdir

 

Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramları ilə Azərbaycan kəndinə yeni bir dirçəliş bəxş etdi. Vaxtilə məlum səbəblərdən az qala sükuta bürünmüş kəndlərimizdə həyat yenidən canlandı.
Kəndliyə torpağını əkib-becərmək üçün hərtərəfli kömək göstərildi. Kəndin işıq, qaz, su problemi həll olundu. Ümumi uzunluğu yüzlərlə kilometr olan kənd yolları çəkildi, təmir edildi. Bütün bunlar kəndli üçün həm məhsul yetişdirməyə, həm də onu çətinlik çəkmədən bazara çıxarmağa imkan yaratdı.
Nəticədə kənd evlərinin darvazalarından asılmış qıfıllar tədricən açılmağa başladı. İş, dolanışıq dalınca Bakıya, digər iri şəhərlərə, əsasən də yad məmləkətlərə üz tutan insanlar öz evlərinə, yurd-yuvalarına qayıtdılar. Təsadüfi deyil ki, artıq neçə ildir dalbadal Azərbaycanda miqrasiyanın saldosu müsbət olaraq qalır. Yəni, ölkəyə daimi yaşamağa gələnlərin sayı buradan həmişəlik köçüb gedənlərin sayından bir neçə dəfə çoxdur. Bu da Azərbaycandakı inkişafı təsdiqləyən, heç bir şərhə ehtiyacı olmayan faktdır.
Bu davamlı inkişafın ardı olaraq Prezident İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsini, onların keçmiş şöhrətinin özünə qaytarılmasını prioritetlər sırasına yüksəltdi. Əvvəlcə pambıqçılığın inkişafına geniş meydan açıldı. Ardınca üzümçülüyün, tütünçülüyün, baramaçılığın, çayçılığın, bağçılıq-meyvəçiliyin və s. dirçəldilməsi gündəmə gətirildi. Dövlət başçısı unudulmuş kənd təsərrüfatı sahələrinin inkişafına həsr olunmuş zona müşavirələri keçirərək diqqəti ən ümdə məsələlərə yönəltdi. Yaddan çıxan bölgə, unudulan sahə olmadı. Hər rayonun öz təbiəti, torpağının xüsusiyyətləri, camaatının əkib-biçin ənənələri nəzərə alınaraq genişmiqyaslı işlərə başlandı.
Görülən tədbirlər bəhrə verməkdədir. Bunlar sıradan bir tədbirlər deyil. Azərbaycan insanını yurd-yuvasına, Azərbaycan kəndlisini torpağına, Azərbaycan ailəsini ev-eşiyinə bağlayan mühüm əhəmiyyətli işlər, xalq, vətən qarşısında həyata keçirilən böyük xeyirxahlıq missiyasıdır.
Bütün bu işlərin çoxsaylı müsbət nəticələrindən biri kənddə yaşayan qızların, qadınların məşğulluq probleminin həlli məsələsidir. Bu gün ailənin başçısı da, xanımı da öz evindədir və hər ikisinin iş yeri var. Başqa sözlə desək, Azərbaycan qadını digər ölkələrə iş dalınca gedən ərinin nə vaxt evə pul göndərəcəyini gözləmir, yaxud özü də həyat yoldaşı ilə Rusiyaya, Ukraynaya, Qazaxıstana, Türkiyəyə getmək məcburiyyətində qalmır.
Bu gün kəndli qızlar şəhərə gəlib özlərinə iş axtarmaq fikrinə düşmürlər. Torpağa bağlı olan, bağ-bostan becərən kənd qadını dolanmaq üçün çıxış yolunu qutab bişirib satmaqda, xırdavat alveri etməkdə görmür.
Pambıq tarlası, üzüm bağı, tütün plantasiyası yenidən əmək meydanına, çörək təknəsinə çevrilib. Dövlət başçısı bölgələrdə olarkən kənd əməkçiləri, o cümlədən qadınlar onlar üçün belə bir şəraitin yaradıldığına görə məmnunluqlarını bildirir, minnətdarlıqlarını söyləyirlər. Keçən ilin mart ayında Prezident İlham Əliyev Saatlıda pambıqçılıqla bağlı zona müşavirəsi keçirərkən rayonun Qıraqlı kənd sakini, fermer Humay Məmmədova “Pambıqçılığı bizə qaytardığınız üçün çox sevinirik” - deyə həmyerlilərinin hamısının fikrini ifadə etmişdir. Bildirmişdir ki, indi suyumuz, işığımız, qazımız, yolumuz da var. Ona görə də hər işimiz qaydasında gedir.
Kənd təsərrüfatı sahələrinin dirçəldilməsi sayəsində Zaqatalanın gül becərən qızlarının da əli çörəyə çatdı. Zaqatala hər zaman qızılgüllər diyarı kimi tanınıb. Lakin əvvəlki dövrlərdə bu sahə baxımsızlıqdan öz şöhrətini itirmişdi. Son vaxtlar görülən tədbirlər sayəsində Zaqatalanın qızılgüllər diyarı adı özünə qayıdıb. Hələ 2016-cı ildə rayonun Aşağı Tala kəndində gülçülüyün inkişafı üçün 107 hektar torpaq sahəsi ayrılıb. Burada “Dəməşq qızılgülü” və “Lavanda” gülləri əkilib. Keçən ilin avqust ayında dövlət başçısı rayonda olarkən “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsinin işçisi İlhamə Mehdiyeva bildirib ki, burada onlarca əməkçi özünün məşğulluq problemini həll edib. Onların əksəriyyəti Zaqatalanın kəndlərində yaşayan qadınlardır. Hamısı da yaxşı iş şəraiti ilə, yüksək əməkhaqqı ilə təmin olunub. Müəssisənin işçisi Xəzəngül Zeynalova deyib ki, Kiçik Tala kəndində onun çalışdığı istehsalat obyektindən başqa, tütün emalı zavodu, fındıq zavodu, gül becərilən sahələr salınıb. Burada da yaxın kəndlərdən gələn qız-gəlinlər çalışırlar və onların da sosial təminatları yaxşılaşır.
Azərbaycanın cənub zonasında çayçı qızlar sevimli plantasiyalarına qayıdıblar. Astarada “Astaraçay”, Lənkəranda “Yaşıl çay” MMC-lərin zümrüd plantasiyaları yenidən onları öz qoynuna səsləyib. Burada da onlarca qadın və qız öz məşğulluq problemini həll edib.
Ənənəvi kənd təsərrüfatı sahələrində yetişdirilən məhsullar artdıqca, onları emal edən müəssisələrin yaranması da gündəmə gəlir. Son illərdə Azərbaycanda neçə-neçə pambığın, çayın, tütünün emalı ilə məşğul olan, meyvə və tərəvəzləri çeşidləyən, onlardan müxtəlif məhsullar hazırlayan müəssisələr açılıb. Bu tipli müəssisələrdən Abşeron rayonundakı “Zəhmət-Ruzi” MMC-ni, Ağcabədidəki çörək və un məmulatları zavodunu misal göstərmək olar. Bu müəssisələrdə çalışan qadınlar keçən ilin noyabr ayında sözügedən rayonlarda səfərdə olan dövlət başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.
Kənd rayonlarında xalçaçılıq müəssisələrinin də sayı artır. Şəmkirdə, Füzuli rayonun Horadiz şəhərində, Qubada və digər bölgələrdə “Azərxalça” ASC-nin istifadəyə verilən filiallarında yüzlərlə qadın işlə təmin olunub. Onlar toxuduqları xalçalarla həm qədim el sənətini yaşadır, həm öz dolanışıqlarını təmin edir, həm də Azərbaycan məhsulunun ixrac potensialını artırırlar.
Bir sözlə, həm regionların inkişafına, həm də aqrar sahənin şaxələndirilməsinə yönəldilən ardıcıl tədbirlər kənddə yaşayan qadınların özünə iş yeri axtarmaq probleminə son qoyub. Bunu keçən ay Prezident İlham Əliyev Bərdə rayonunda pambıqçılığın inkişafına dair zona müşavirəsində və sahə əməkçiləri ilə görüşərkən pambıqçı qızlar bir daha vurğulayıblar. Pambıqçı Sədaqət Ağayeva bölgədə iş yerlərinin sayının artdığını, pambıqçı rəfiqələrinin yaxşı əməkhaqqı aldıqlarını söyləyib.
Müşavirənin gedişində dövlət başçısı Sabirabad rayonundan olan pambıqçı-fermer Fatma Hüseynovaya birinci dərəcəli “Əmək ordeni”ni təqdim edib. Bu, həmin pambıqçı Fatmadır ki, vaxtilə şan-şöhrəti bütün Azərbaycana yayılmışdı, şəninə nəğmə qoşulmuşdu. Sovet dönəmində onun zəhməti Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdü. “Qızıl ulduz”u ona ulu öndər Heydər Əliyev təqdim etmişdi. Fatma Hüseynovanın yeni bir ordenlə təltif olunması o deməkdir ki, Azərbaycan qadını elə həmişəki əməksevər, hünərvər qadındır. Bu gün pambıq tarlasında Fatma ilə çiyin-çiyinə neçə-neçə əməksevər gənc qız, qadın çalışır. Vaxt gələcək onlar da Fatma Hüseynovanın çatdığı şöhrət zirvəsinə yüksələcəklər. Başqa sözlə, tarlalarda Bəsti, Şamama, Qızqayıt, Sevil timsallı əmək qəhrəmanları yetişir.

Flora SADIQLI,
“Azərbaycan”