Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bolqarıstanın Ruen şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub

08 May 2018
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin keçirilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq Bolqarıstandakı səfirliyimiz tərəfindən Ruen şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olundu.

Tədbirdə Ruen bələdiyyəsinin meri İsmail Osman, şəhər icma şurasının sədri Əşrəf Əşrəf, Bolqarıstan Respublikasının Xalq Məclisinin deputatı, Bolqarıstan-Azərbaycan dostluq qrupunun üzvü Sevim Əli, Avropa Parlamentinin Bolqarıstandan olan deputatı, Avropa naminə Liberalların və Demokratların Alyansı Qrupunun (ALDE) vitse-prezidenti İlhan Küçük, eləcə də şəhər bələdiyyəsinin digər rəsmi şəxsləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Ruen şəhərində təşkil olunan tədbirin bir sıra əlamətdar yubileylər, o cümlədən müsəlman Şərqində ilk parlament respublikası AXC-nin yaradılmasının 100-cü ildönümü ilə bağlı olduğunu qeyd edib. Səfir cəmi 23 ay yaşamasına baxmayaraq AXC-nin qısa müddətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib, onun xalqımızın tarixində buraxdığı silinməz izlər, milli dövlətçilik ənənələrimizin bərpasında böyük rolundan danışıb.

Diplomat ölkə başçısının AXC ilə bağlı fikirlərinə istinad edərək Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. AXC dövründə əsası qoyulan demokratik ənənələrin bu gün də davam etdiyini qeyd edən diplomat xalqımızın yalnız qədim tarixə və demokratik ənənələrə deyil, həmçinin zəngin mədəniyyət, ədəbiyyat, incəsənət və musiqiyə malik olduğunu, 145 illik milli teatr, 120 illik kinematoqrafiya və 110 illik opera tariximizin bunu sübut etdiyini vurğulayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərək dünya ictimaiyyətinə müstəqil dövlət kimi qoşulduğunu bildirən səfir müstəqilliyimizin ilk illərinin çox ağır bir zamana təsadüf etməsi, ölkəmizin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması, ərazilərimizin 20 faizinin işğal olunması və 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə ətraflı məlumat verib. Bütün bu çətinliklərə baxmayaraq son 25 il ərzində Azərbaycanın çox uğurlu bir inkişaf yolunu keçərək qlobal və regional proseslərə böyük töhfə verən ölkəyə çevrildiyini vurğulayan N.Qurbanova bu uğurlu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması və Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini bildirib. Nəticədə ölkəmiz həm siyasi, həm də sosial-iqtisadi baxımdan öz nüfuzunu artıra bilmiş və tək Azərbaycan deyil, digər qonşu ölkələrin də inkişafına vacib töhfə vermiş, bir çox irimiqyaslı layihələrə imza atmışdır.

Səfir Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi layihələrini sadalayaraq onların ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin uğurlu bəhrəsi olduğunu söyləyib. O, xalqın iradəsi ilə yenidən 1993-cü ilin iyun ayında hakimiyyətə gələrək, mürəkkəb vəzifəni üzərinə götürərək Azərbaycanı çətin durumdan çıxaran şəxsin məhz Heydər Əliyev olduğunu diqqətə çatdırıb və xalqımız tərəfindən 95 illik yubileyi qeyd olunan bu dahi şəxsiyyətin əziz xatirəsinin dərin hörmət və ehtiramla yad edildiyindən söz açıb.

Daha sonra Azərbaycan-Bolqarıstan münasibətlərinə toxunan diplomat ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu, strateji tərəfdaş olan ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu bildirib. Cari ilin yanvarından “Buta Airways” şirkəti tərəfindən həyata keçirilən Bakı-Sofiya birbaşa hava əlaqəsini ölkələrimiz arasında əməkdaşlığın parlaq nümunəsi kimi xarakterizə edən səfir əməkdaşlığın gücləndirilməsi məqsədilə mövcud potensialın reallaşdırılması kontekstində ölkəmizin Bolqarıstanın regionları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük diqqət verdiyini xüsusi vurğulayıb.

Sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın daim müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, tolerantlıq şəraitində birgə yaşadığı məkan olduğunu deyən səfir Azərbaycanın İslam dünyasındakı rolu və nüfuzundan da bəhs edərək qeyd edib ki, 5 minillik tarixə malik qədim Naxçıvan şəhəri 2018-ci il İslam dünyasının mədəniyyəti paytaxtı elan edilib. Şəhərin “İslam mədəniyyətinin paytaxtı” adına layiq görülməsi Azərbaycan xalqının tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymətin nəticəsidir.

Sonda nümayiş olunacaq “Əli və Nino” filmi barədə məlumat verən N.Qurbanova sözügedən filmin, demək olar ki, yuxarıda sadalanan bütün məqamları özündə ehtiva etdiyini əlavə etdi. Bir tərəfdən, film müsəlman azərbaycanlı gənc ilə xristian gürcü qızının məhəbbəti barədədirsə, digər tərəfdən, AXC-nin yaradılmasından öncə və sonra Azərbaycanda cərəyan edən siyasi prosesləri təsvir edir.

Daha sonra Ruen bələdiyyəsinin meri İ.Osman, şəhər icma şurasının sədri Ə.Əşrəf, Bolqarıstan Respublikasının Xalq Məclisinin deputatı, Bolqarıstan-Azərbaycan dostluq qrupunun üzvü S.Əli, Avropa Parlamentinin Bolqarıstandan olan deputatı, Avropa naminə Liberalların və Demokratların Alyansı Qrupunun (ALDE) vitse-prezidenti İ.Küçük çıxış edərək N.Qurbanovanın Ruen şəhərinə səfərini, AXC-nin 100 illik yubileyi kimi əlamətdar tarixi hadisənin qeyd olunması çərçivəsində belə bir tədbirin təşkilini yüksək qiymətləndirib, ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd ediblər. Azərbaycan-Bolqarıstan arasında münasibətlərin inkişafından məmnunluq ifadə edən natiqlər bu əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə, xüsusilə Bakı-Sofiya birbaşa hava əlaqəsinin bu prosesə əlavə töhfə verəcəyinə inamlarını ifadə ediblər.

Gecədə qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

Filmin nümayişindən sonra yerli folklor qrupunun ifasında rəqs nümunələri təqdim edilib, Azərbaycan və türk mahnılarından ibarət rəngarəng musiqilər səsləndirilib.