Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

AMEA Rəyasət Heyətində alüminium sənayesinin inkişafına dair müşavirə keçirilib

03 May 2018
Mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində ölkəmizdə alüminium sənayesinin inkişaf etdirilməsi, bu sahədə istehsalın artırılması məqsədilə kompleks sənaye emalının təşkili və yeni texnologiyaların tətbiqinə dair müşavirə keçirilib. Tədbiri AMEA ilə "Azərbaycan Sənaye Korporasiyası" ASC (ASK) birgə təşkil edib.

AZƏRTAC xəbər verir ki, müşavirədə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə alüminium sənayesinin tarixi və hazırkı vəziyyəti barədə məlumat verib. Akademik Strateji Yol Xəritəsinin prioritet istiqamətlərindən olan alunit emalının inkişaf etdirilməsi məqsədilə əlaqədar qurumlarla əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb, müşavirənin bu baxımdan böyük əhəmiyyət daşıdığını nəzərə çatdırıb. AMEA-nın prezidenti alüminium sənayesinin inkişaf etdirilməsi, istehsalının artırılması və alüminium kompleks sənaye emalının təşkili ilə bağlı bu günədək görülən işləri yüksək dəyərləndirib, gələcəkdə də səmərəli nəticələrin əldə olunacağına əminliyini bildirib.

Tədbirdə çıxış edən “ASK” ASC-nin baş direktoru Kamran Nəbizadə rəhbərlik etdiyi təşkilatın Prezident İlham Əliyevin 2017-ci il 6 noyabr tarixli Fərmanı ilə yaradıldığını xatırladıb. Bildirilib ki, qurumun yaradılmasının məqsədi dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, eləcə də dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin qurulmasına nail olmaqdır. K.Nəbizadə "ASK" ASC tərəfindən alüminium kompleks sənaye emalının təşkili istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

Sonra AMEA “Yüksək Texnologiyalar Parkı”nın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev “Azərbaycanda alüminium sənayesinin icmalı” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, Azərbaycanda alüminium sənayesinin əsası 1955-ci ildə Sumqayıt alüminium zavodunun qurulması ilə qoyulub. V.Babayev zavodun yerli xammalla təmin edilməsi məqsədilə 1966-cı ildən etibarən Daşkəsən alunitindən istifadə edilməklə Gəncə Gil-Torpaq zavodunda gil-torpağın istehsalına başlanıldığını vurğulayıb. O deyib: “1966-cı ildən 1997-ci ilədək Gəncə Gil-Torpaq zavodunda Daşkəsən Zəylik-Alunit mədəni istismar edilməklə alunitdən gil-torpaq məhsulu istehsal olunub. Göstərilən dövrdə 18,4 milyon ton alunit filizi emal edilib və ondan 2,1 milyon ton gil-torpaq, 0,8 milyon ton gübrə, 4,5 milyon ton sulfat turşusu istehsal olunub”.

“Yüksək Texnologiyalar Park”ının direktoru bildirib ki, hazırda bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda ekoloji normalara cavab verən iqtisadi səmərəli üsulun müəyyənləşdirilməsi məqsədilə alunit filizinin müxtəlif üsullarla emalı üzrə tədqiqatlar aparılır. Bu istiqamətdə artıq laborator nəticələrin əldə olunduğunu deyən V.Babayev onların sənaye üsulu ilə yoxlanılması istiqamətində işlər aparıldığını diqqətə çatdırıb.

Müşavirədə AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Qaşqay “Alunit filizindən tərkib komponentləri ayıran emal texnologiyası”, texnika üzrə fəlsəfə doktorları Telman İsrafilov “Zəydaşı filizinin qatı Na2O qələvisi məhlulu ilə işlənilməsi üsulu” və Eldar Tağıyev “Alunit filizinin potaş-qələvi üsulu ilə emal edilməsi” mövzusunda təqdimatlarla çıxış ediblər.

Mövzular ətrafında müzakirələr aparılıb.