Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Zərifə xanım Əliyeva öz nurlu siması, ana ləyaqəti, alim məsuliyyəti ilə yaddaşlarda daim yaşayacaq

30 Aprel 2018
Bakı Slavyan Universitetində (BSU) akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr olunmuş “Milli mənəvi tariximizin örnəyi” adlı tədbir keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının idarə heyətinin üzvləri, Milli Məclisin deputatları, təşkilat və müəssisə rəhbərləri, digər rəsmi şəxslər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ulu öndəri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra tədbir BSU-da davam edib. Tədbirdə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, BSU-nun rektoru, professor Nurlana Əliyeva akademik Zərifə Əliyevaya həsr etdiyi “Nur heykəli” mövzusunda məruzə ilə çıxış edib. Akademik Zərifə Əliyevanın Azərbaycan tarixində, ölkənin milli mənəvi həyatında mühüm rol oynadığını bildirən rektor Azərbaycan xanımlarının zərifliyinin, humanizminin və qayğıkeşliyinin mücəssəməsi olan Zərifə xanım Əliyevanın öz nurlu siması, ana ləyaqəti, alim məsuliyyəti ilə yaddaşlarda daim yaşayacağını deyib: “Zərifə xanım öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə, sözün əsl mənasında, vətəndaşlıq örnəyinə çevrilib. Zərifə Əliyeva bir çox sahələrin pioneri olub, uşaq və gənclərin inkişafı üçün onlara hər zaman dəstək göstərib. Zərifə xanım tanınmış ictimai xadim olmaqla yanaşı, gözəl həyat yoldaşı, qayğıkeş ana olub. О, müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynayıb. Ulu Öndərin yaxın silahdaşı, Prezident İlham Əliyevin tərbiyəçisi olub”.

N.Əliyeva Ulu Öndərlə Zərifə xanımın müqəddəs sevgisinin ağır repressiya illərində dəfələrlə sınaqdan keçdiyini bildirib.

Görkəmli akademikin həyat yolunu Azərbaycan tarixinin ən gözəl səhifələri kimi qiymətləndirən N.Əliyeva alimin XX əsr Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan da danışıb. Bildirilib ki, görkəmli oftalmoloqun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Tədbirdə akademik Zərifə Əliyevanın həyat yolundan bəhs edən sənədli film nümayiş olunub. BSU-nun gənc istedadları ana, Vətən, Azərbaycan haqqında mahnılar səsləndirib, “Arzu” rəqs ansamblı isə milli rəqslərimizi təqdim edib.