Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Mühasibat uçotu haqqında” qanuna dəyişiklik olunur

24 Aprel 2018
 

Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bir sıra qanun layihələrinə təklif olunan dəyişikliklər müzakirə edildi.

Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda texniki dəyişikliklər edilir. Belə ki, sözügedən sənədlərin “Reklam haqqında” qanuna uyğunlaşdırılması təklif olunur.

İclasda maliyyə nazirinin müavini Emin Hüseynov “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verdi. O qeyd etdi ki, layihəyə Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli 215 nömrəli Qərarı ilə təsdiq edilmiş “İri, orta və kiçik sahibkar meyarları”nın tələblərinin nəzərə alınması, habelə mühasibat uçotu sahəsində fəaliyyət göstərən mütəxəssislərin fəaliyyətinin tənzimlənməsi məqsədilə bir sıra yeni anlayışlar əlavə edilib. Eyni zamanda layihəyə mühasibat uçotu subyektlərində mühasibat uçotu xidmətinin təşkil edilməsi, mühasibat uçotunun aparılması, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsi ilə bağlı müvafiq müddəalar, eləcə də bir sıra hüquqi şəxslərin baş mühasiblərinin peşəkar mühasiblər olmaları barədə tələblər daxil edilib.

Bildirildi ki, peşəkar mühasib sertifikatının əldə edilməsi baş mühasiblərin bilik və bacarıqlarının artırılması ilə nəticələnməklə mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının tərtib edilməsi işlərinin daha təkmil səviyyədə təşkilinə təkan verəcək.

Komitə üzvləri qanuna təklif edilən dəyişikliklərlə bağlı fikirlərini səsləndirdilər.

İclasda, həmçinin  “Müflisləşmə və iflas haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə olundu. Layihə borclunun ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədilə hazırlanıb. Bu da iş yerlərinin saxlanmasına, ödəmə qabiliyyətinin bərpasına və kreditorların tələblərinin daha dolğun ödənilməsinə imkan yaradacaq.

Müzakirə edilən bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

“Azərbaycan”