Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri ilə bağlı yeni qaydalara dair seminar keçirilib

17 Aprel 2018
Aprelin 17-də İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri ilə bağlı seminar keçirilib.

İxracatçılar Klubu çərçivəsində keçirilmiş tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.

AZƏRTAC xəbər verir ki, AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev İxracatçılar Klubunun Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradıldığını qeyd edib, İxracatçılar Klubuna üzv olan şirkətlərə İqtisadiyyat Nazirliyi, eləcə də AZPROMO tərəfindən göstərilən dəstək mexanizmləri barədə məlumat verib.

Bildirilib ki, rəqabətqabiliyyətli məhsul istehsalı, ixracın diversifikasiyası, qeyri-neft məhsullarının ixrac həcminin genişləndirilməsi qarşıda duran prioritet vəzifələrdəndir. Bu məqsədlə ölkəmizdə qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

“Made in Azerbaijan” brendinin təşviqi istiqamətində 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə reallaşdırılacaq tədbirləri diqqətə çatdırıb.

Seminarda AZPROMO-nun İxracın Təşviqi Departamentinin direktoru Fuad Cəfərovun “Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri ilə bağlı yeni qaydalar” mövzusunda təqdimatı dinlənilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.