Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ekspert: Manatın dəyərdən düşməsi üçün fundamental əsas yoxdur

16 Aprel 2018
Azərbaycanda manatın dəyərini itirməsi və xarici valyutaların məzənnəsinin artması üçün heç bir fundamental əsas yoxdur.

Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli AZƏRTAC-a bildirib ki, son günlərdə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 13 faizdən 11 faizə, faiz dəhlizinin yuxarı həddinin 16 faizdən 14 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 8 faiz səviyyəsində saxlanılması bunu deməyə əsas verir.

Ekspert qeyd edib ki, artıq manatın məzənnəsi sabitləşib, inflyasiyanın səviyyəsi azalıb. “Əminlikdə demək olar ki, AMB yumsaq pul-kredit siyasəti çərçivəsində pul kütləsini artırmağa qərar verib. AMB-nin əlində ciddi məlumat bazası mövcuddur və Mərkəzi Bank manat üzərində təzyiq hiss etsəydi və ya inflyasiya təzyiqi müşahidə etsəydi uçot dərəcəsini aşağı salmazdı. MB-nin bu qərarı bazara manat üzərində və mal və xidmətlərin qiymətində ciddi dəyişiklik olmayacağı ilə bağlı mesajdır.

Digər bir məsələ son dönəmdə neft qiymətlərinin sabit qalması, yerli istehsalın artırılması və ixracın stimullaşdırılması istiqamətində aparılan tədbirlər ölkənin tədiyə balansında müsbət saldonun yaranmasını təmin edib. Eyni zamanda, cari ildə dövlət büdcəsinin artırılması çərçivəsində Neft Fondundan 6 milyard dollar satılacağı gözlənilir ki, bu da bazarda tələb olunan valyutanın təmin ediləcəyi və valyuta çatışmazlığının olmayacağını deməyə əsas verir.