Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Köhnə binalar yeni görkəm alır

15 Aprel 2018
 

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası sayəsində Quba rayonunda da bir sıra sosialyönümlü layihələr həyata keçirilmişdir.

Ötən il də rayonun həyatı bir çox əlamətdar hadisələrlə zəngin oldu. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dekabrın 7-də dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksi, Quba Bayraq Muzeyi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışı oldu. Həmin gün əsaslı şəkildə yenidən qurulan Rostov-Xanəga-Gürdəh, Rostov-Nöydün-Şuduq, Rostov-Məskəxacə, Rostov-Bağçalı-Yekdar avtomobil yollarının açılışında da Prezident iştirak etdi. Bu yollar 6 min əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirir.

Dekabrın 7-də ölkə rəhbəri Qubada abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin mənzil fonduna daxil olan çoxmənzilli 36 binanın əsaslı təmiri üçün sərəncamla Prezidentin Ehtiyat Fondundan rayon icra hakimiyyətinə 3 milyon manat vəsait də ayırdı. 

İndi bu hesaba şəhərin müxtəlif istiqamətlərində - Heydər Əliyev prospektində, Fətəli xan, Mövlud Qonaq, Vaqif küçələrində və digər yerlərdə çoxmənzilli binalar təmir olunur. Yazın gəlişi ilə  əlaqədar işlərin sürəti bir qədər də artıb. Dam örtükləri, qapı-pəncərələri dəyişdirilən binalar indi çox yaraşıqlı görünür. Təmir işləri başa çatdıqdan sonra şəhərimizin gözəlliyi bir qədər də  artacaq.

 

Qəhrəman QASIMOV,

Quba şəhəri