Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsmayıllıda bir qrup gənc təntənəli şəkildə hərbi xidmətə yola salınıb

13 Aprel 2018
Aprelin 13-də səhər saatlarında İsmayıllı şəhərindəki mərkəzi meydanda böyük qələbəlik var idi. Bir qrup gənc təntənəli surətdə hərbi xidmətə yola salınırdı.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyinin, valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yolasalma mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin rəisi, polkovnik–leytenant Xamis Bədəlov çıxış edərək hərbi xidmətə yola düşən gəncləri təbrik edib, Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarına əmin olduğunu bildirib. Vurğulayıb ki, torpaqlarımızın erməni işğalından azad edilməsi, ölkəmizin müdafiəsi hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Tədbirdə Rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədri Vidadi Zərbiyev, oğlunu hərbi xidmətə yola salan Qarabağ qazisi Fərman Səmədov çağırışçı gənclərə məsləhətlərini, xeyir-dualarını veriblər.

Çağırışçılar adından çıxış edən Elvin Babayev Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarını, işğal altındakı torpaqlarımızın erməni qəsbkarlarından təmizlənməsi üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildirib.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkəmizdə ordu quruculuğu sahəsində aparılan uğurlu dövlət siyasətindən danışıb, müstəqil Azərbaycanın güclü orduya malik olduğunu diqqətə çatdırıb.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi Əlirza Hüseynovun ifasında səslənən “Ana, mən əsgər gedirəm” şeiri mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonda gənclər təntənəli şəkildə yola salınıb.