Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Divar kağızlarının hər 6 ildən bir dəyişdirilməsi tövsiyə olunur

09 Aprel 2018
Gözəl, baxımlı və komfort evlərin bir sirri də ekoloji təmiz divar kağızları və materiallarıdır. Divar kağızları hər 6 ildən bir dəyişdirilməlidir. Divar kağızları dəbə görə klassik və avanqard olmaqla iki növə bölünür. Satışda divar kağızları vinil, tekstil və şüşəlifli olaraq təqdim edilir. Aldığımız divar kağızlarının keyfiyyəti onun təhlükəsizliyi ilə təyin olunur. Belə ki, onlar ekoloji standartlara cavab verməlidir. Həm divar kağızları həm də istifadə olunan yapışqanlar sağlamlıq üçün zərərli olmamalıdır. Mürəkkəbquruluşlu divar kağızları, məsələn dubleks akrilli ikiqat kağız və kobud ipli ağac lifləri qatılanlar daha çox yayılıb və keyfiyyətlidirlər. Ucuz və tez-tez reklam olunan divar kağızlarının alınması məsləhət görülmür.

Bu barədə AZƏRTAC-a dosent, kimya elmlər namizədi Abəli Hüseynli məlumat verib.

“Vinil (yuyulabilən) divar örtükləri çox baha olmasına rəğmən, geniş istifadə olunur. Onların əsasını bir və ya ikiqat kağızların çox incə polivinilxloridlə örtülməsi təşkil edir. Bu örtüklər nəm və çirkə qarşı davamlıdırlar və yuyula bilirlər. Belə divar örtükləri evin girişindəki və mətbəxdəki divarlara vurula bilər. Uşaq otaqlarına vinil divar kağızının vurulması tövsiyə edilmir. Bura yalnız divarların nəfəs almasını təmin edən kağızdan hazırlanmış divar örtükləri vurulmalıdır.

Müxtəlifrəngli və şəkilli olan tekstil divar kağızları parça əsasında hazırlanır. Çox bahalı və cəzbedici olmasına baxmayaraq, ekoloji təmizdir və sağlamlıq üçün təhlükəli deyil. Bu divar örtüklərini tozsoranlarla təmizləmək olar. Onları mətbəxdə də istifadə etmək mümkündür. Onlar qoxu ilə yanaşı, istilik və səsi də absorbsiya edə bilirlər. Lakin evdə astma xəstəsi varsa, tekstil divar kağızlarından istifadə etmək olmaz.

Eyni texnologiya ilə hazırlanan şüşə divar örtükləri şüşə liflərdən hazırlana bilir. Belə divar örtükləri odadavamlı, yanmayan və elastikdirlər. Ekoloji cəhətdən zərərsiz olan həmin divar kağızlarından otellərin, ofislərin və marketlərin divarlarında istifadə edilir”, - deyə mütəxəssis qeyd edib.