Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlər üçün yeni imkan

29 Mart 2018
Respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən müsahibələrin keçirilməsi nəzərdə tutulur.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsahibədə iştirak etmək istəyən namizədlər martın 29-dan aprelin 4-dək http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.

Sözügedən müsahibələrdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək lazımi keçid balını toplayan, tutulmayan və ya yeni yaranan vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.

Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fizika, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə keçid balı 42, musiqi fənni üzrə 30, həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələrə fizika, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə keçid balı 36, musiqi fənni üzrə isə 24 bal müəyyənləşdirilib. Digər fənlər üzrə keçid balları müvafiq olaraq 36 və 48 bal müəyyənləşdirilib.

Müsahibələrin keçirilmə yeri və tarixi barədə məlumat elektron sənəd qəbulu başa çatdıqdan sonra hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək.

Müsahibə proqramı və materialları barədə məlumat http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.