Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir

14 Mart 2018
Martın 14-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu deyib. Bildirib ki, bu münasibətlərin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var. Hökumətlərimiz və parlamentlərimiz arasında da əlaqələr davamlı olaraq genişlənir.

İqtisadi münasibətlərdən danışan Milli Məclisin sədri qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi milyardlarla ölçülür. İki qardaş ölkə bir-birinin iqtisadiyyatına böyük həcmdə investisiyalar yatırır.

Görüşdə iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmlənməsində parlamentlərin rolundan, işçi qruplarının fəaliyyətindən, deputatlarımızın beynəlxalq təşkilatlarda xalqlarımız və dövlətlərimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmələrindən, Dağlıq Qarabağ problemindən söhbət açılıb.

Milli Məclisin sədri Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı ilə bağlı keçirilmiş sərgidə iştirakına görə Baş nazir Binəli Yıldırıma təşəkkürünü bildirib.

Baş nazir Binəli Yıldırım VI Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşləri yüksək qiymətləndirib.

Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazir deyib ki, Türkiyə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması üçün bundan sonra da dəstəyini davam etdirəcək. O, münaqişənin tezliklə Azərbaycanın haqlı mövqeyinə uyğun olaraq həll ediləcəyinə inandığını bildirib.

Söhbət zamanı bölgədə həyata keçirilən irimiqyaslı iqtisadi layihələrdən, Türkiyə-Azərbaycan münasibətlərinin gələcək inkişafından da danışılıb.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, hər iki ölkənin səfirləri Erkan Özoral, Xəzər İbrahim və digər rəsmi şəxslər iştirak ediblər.