Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fevral ayında “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 330 sahibkar müraciət edib

07 Mart 2018
 

Fevral ayının 15-dən etibarən “Azərişıq” ASC “ASAN xidmət” vasitəsilə daha bir yenilik etdi və bununla da sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi artıq bölgələrdəki bütün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində gerçəkləşdirilməyə başlanıldı. Elə bu səbəbdəndir ki, fevral ayı ərzində sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərin sayında sıçrayış olub. Belə ki, fevral ayı 28 gündən ibarət olmasına baxmayaraq, 330 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edib. Hansı ki yanvar ayında 284 sahibkar bu məqsədlə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət etmişdi. Sahibkarların elektrik şəbəkəsinə qoşulmaq üçün “ASAN xidmət” vasitəsilə “Azərişıq” ASC-yə müraciətlərinin sayının çoxalmasında digər səbəb heç şübhəsiz vahid pəncərə sistemi üzrə prosedurların 7-dən 3-ə salınması və elektrik şəbəkəsinə qoşulma müddətinin 69 gündən 24 günə endirilməsidir.

Fevral ayı ərzində sahibkarlarla yanaşı, əhali abonentlərin də “ASAN xidmət” vasitəsilə “Azərişıq” ASC-yə müraciətlərinin sayında artım olub. Əgər yanvar ayında 3041 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN xidmət” vasitəsilə “Azərişıq” ASC-yə müraciət etmişdisə, fevral ayının 28 günü ərzində 3252 vətəndaş müraciət edib. Sözsüz ki, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulmaq üçün həyata keçirilən xidmətin bütün bölgələrdəki “ASAN xidmət” mərkəzlərini əhatə etməsi bu məsələdə də müsbət rolunu oynayıb.

Ümumilikdə isə fevral ayı ərzində “Azərişıq” ASC-nin “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərdiyi 10 xidmət üzrə (əhali və qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması, əhali və  qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğaçın yoxladılması, smart karta ödəniş edilməsi) 19 min müraciət olunub.

 

“Azərbaycan”