Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əhalinin tibbi dispanserizasiyası çərçivəsində 34 minə yaxın xaçmazlı pulsuz müayinə olunub

28 Fevral 2018
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən əhalinin tibbi dispanserizasiyası çərçivəsində Xaçmaz rayonunda fevralın 12-dən indiyədək 33 min 810 sakin müayinə olunub.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Lətif Abbasov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində kampaniyanın müvəffəqiyyətlə davam etdiyini deyib. Müayinə olunanlardan 161-i stasionar müalicəyə cəlb olunub. 59 nəfər isə Bakı şəhərinin müxtəlif ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Lətif Abbasov bildirib ki, ölkə vətəndaşlarının kütləvi tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib. Xaçmazda keçirilən müayinələr zamanı daha çox qan-damar və kəskin respirator xəstəliklərindən şikayət edən vətəndaşlar müəyyənləşdirilib. Ehtiyac yarandıqda vətəndaşlar kardioqram, ultrasəs, rentgen və laborator müayinələrdən keçirilib.

Baş həkimin müavini qeyd edib ki, xəstəxana bütün lazımi tibbi avadanlıqlarla təmin olunub və rayonun səhiyyə işçiləri aksiyada fəal iştirak edirlər. Bununla yanaşı, kəndlərdə yaşayan sakinləri müayinə etmək üçün altı səyyar həkim briqadası da yaradılıb.

Mayın 12-dək davam edəcək tibbi müayinələrə rayonun 133 mindən çox sakinin cəlb olunması nəzərdə tutulur.