A320neo təyyarələrində quraşdırılan mühərriklərin 30 faizində problemlər aşkarlanıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

A320neo təyyarələrində quraşdırılan mühərriklərin 30 faizində problemlər aşkarlanıb

12 Fevral 2018
“Airbus SE” təyyarə istehsalı konserni istismarda olan A320neo təyyarələrində quraşdırılan 113 Pratt & Whitney (ABŞ) mühərrikinin 30 faizində problemlər və nasazlıqlar aşkarlayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyini bu barədə xəbərdar edən konsern, həmçinin A320neo təyyarələrinin yeni müştərilərə çatdırılmasını qismən dayandırmağa məcbur olub. Hazırda bütün dünya üzrə 18 aviakompaniyanın bu laynerlərdən istifadə etdiyi bildirilir.

“Bloomberg” agentliyinin məlumatına əsasən, Hindistanda “IndiGo” və “GoAir” kompaniyalarının istifadə etdikləri 17 təyyarədə eyni nasazlıqlar aşkarlanıb. A320neo təyyarələrinin ən böyük alıcısı olan “IndiGo” fevralın 11-də uçuş zamanı mühərrikin sıradan çıxması ilə əlaqədar üç faktın və pilotların anqara qayıtmağa məcbur olduğu üç insidentin qeydə alındığını bildirib. Kompaniya nümayəndələrinin sözlərinə görə, vəziyyətdən ən yaxşı çıxış yolu mühərriklərin dəyişdirilməsidir.

Qeyd edək ki, bu həftə “Airbus” 2018-ci il üçün təyyarə istehsalının yeni planlarını elan etməli idi. Ötən il A320neo təyyarələrinin istehsal həcmi mühərriklərin çatdırılmasında yaranan fasilələr səbəbindən planlaşdırılandan az olmuşdu.