Xıdır Nəbi bayramı

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xıdır Nəbi bayramı

10 Fevral 2018
 

Folklor ədəbiyyatında ən çox rast gəlinən mifoloji obrazlardan biri də Xıdır Nəbidir. Dirilik suyunu tapıb içdiyi üçün ölməzlik qazanmış və bu möcüzəsinə görə “nəbi” - peyğəmbər olaraq qəbul edilmişdir. Dədə-baba qaydalarında hər il qış yarı olanda, yəni Kiçik çillənin birinci ongünlüyündə bu mərasim təntənə ilə keçirilirdi. Axşam şər qarışandan sonra cavanlar, uşaqlar bir yerə cəm olub “Xıdır Nəbi” nəğmələrini oxuya-oxuya qapılar döyər, onun adına pay yığardılar. 

Xıdır Nəbi bolluq, firavan yaşayış etiqadları ilə bağlı meydana gəlmişdir. Bu bayramda əski inanclarımız, ulu əcdadlarımızın təbiətin müqəddəs ünsürləri ilə bağlı mifik dünyagörüşü əks olunmuşdur. Ulularımız belə bir ölməz həqiqətə inanmışlar ki, insan həyatının əzəl yaşayışı üçün ulu Tanrının yaratdığı dörd müqəddəs ünsürün - Suyun, Odun, Yelin və Torpağın hər ilin başlanğıcında təzələnməsini adamlar görməli, təntənə ilə qarşılamalı və bayram etməlidirlər. Yalnız müqəddəs dördlüyə bəslənən etiqad insanları bolluğa və firavanlığa, xoşbəxtliyə qovuşdura bilər. Su və torpaq kultu bayramın əsas atributları kimi bütün mərasim və ayinləri bəzəyir.
Su etiqadını müqəddəs tutanlar elə bunun arxasınca Xıdır Nəbini axtarmağa çıxır ki, o, özü ilə su bolluğu yaratsın. Ağ atlı Xıdır Nəbinin gəlişi ilə dağın, meşənin, torpağın, düzün ağ örpəyə bürünməsi bir olur. Xıdır Nəbinin ağ atının dırnağı dəyən torpaqda il boyu sudan korluq çəkən olmur, çeşmələrin, çayların gözü qurumur. Əski etiqadlara görə, qar, çovğun da özü ilə bolluq gətirir, torpağı təmizləyir. Xalqda belə bir inam vardı ki, torpaq ölməsə, yenidən dirilməz. Torpağı isə yalnız Xıdır Nəbinin ağ atının dırnağında gələn sərt şaxtalar öldürə bilərdi. Onun dirilməsi isə suyun dəyişməsi, istinin artması, havanın qızması ilə başlayardı.
Rəvayətə görə, Xıdır ilə İlyas iki qardaş olmuşlar. Makedoniyalı İsgəndər Zülqərneyn bu iki qardaşla birlikdə “abi-həyatı” - dirilik suyunu tapmaq üçün qaranlıq dünyaya - zülmət aləminə səfərə yollanmış, bir müddətdən sonra zülmətdə fırtına qopmuş və onların hərəsi bir tərəfə düşüb dirilik suyunu ayrı-ayrılıqda axtarmalı olmuşlar. Xıdır suyun üzündə, İlyas isə quruda gəzib dolaşmışlar. Günlərin birində iki qardaş yenidən rastlaşmış və “abi-həyatı” birlikdə axtarmağa başlamışlar. Uzun axtarışdan sonra onlar dincəlmək üçün bir su kənarında dayanmışlar. Heybədən çıxardıqları quru balığı təmizləmək üçün suya saldıqları zaman balıq canlanaraq dirilmişdir. Onlar bunun dirilik suyu olduğunu başa düşmüş və həmin sudan doyunca içib əbədi həyat - ölməzlik qazanmışlar. İsgəndər isə nə onları, nə də dirilik suyunu tapa bilməmiş və zülmətdə qeyb olmuşdur.
Səfər zamanı Xıdır suda - dəryada, İlyas isə quruda gəzib dolaşdığı üçün folklor təfəkküründə onun biri suyu, o biri isə qurunu himayə edən mifoloji obraza çevrilmişdir. Onlar dirilik suyu içdikləri üçün əfsanə, nağıl və dastanlarda, eləcə də klassik Şərq ədəbiyyatında həyat bəxş edən, dardan, çətinliklərdən qurtaran, yaşıllıq, xeyir-bərəkət gətirən müqəddəs qüvvə sayılırlar. Deyilənlərə görə, qardaşların görüşdüyü və dirilik suyunu tapdıqları gün yazın başlanğıcı - Novruzun ilk günü olub.
İnama görə, Kiçik çillənin ikinci cümə axşamının gecəsi Xıdır Nəbi atına minib xəlvətcə hər yeri gəzir. Onun adına ayrılmış paylara gizlincə əl toxundurur ki, həmin nemətlərin bərəkəti artıq olsun. Xıdır gecələrində axşamdan səhər açılana qədər sərt külək əsir. El arasında deyirlər ki, Xıdır Nəbidir, atını çapıb bərəkət paylaya-paylaya gedir, əsən külək də onun möhtəşəm atının yelidir. Xıdır Nəbi həm də yaşıllıq hamisi sayılır. Buna görə də insanlar baharın, yazın gəlişi ilə çöllərin, düzlərin yaşıllaşmasına Xıdır Nəbini səbəbkar bilir, onun şərəfinə yazın ilk gününə “Xıdır günü” deyirlər.
Azərbaycanın bəzi yerlərində Xıdır Nəbi mərasimi keçirilən vaxtdan bir gün əvvəl bağ-bağçadan uşaqlar alma çubuqları qırıb evə gətirirlər. Həmin çubuqların hərəsi bir niyyət üçündür: yurdun abadlığı, dincliyi, ailənin sağlamlığı, bağ-bostanda barın çoxluğu, mal-qaranın artması, toy-düyünün, şənliklərin uzun sürməsi və s. Çubuqlar qovutun üstündə şam kimi yandırılır. Sübhəcən evdəkilərdən bir kimsə qovuta toxunmamalıdır. Etiqada görə, əvvəlcə Xıdır Nəbi boz atı ilə gəlib qovutdan payını götürməlidir. Belə olduqda evə bolluq gəlir. Yalnız bundan sonra düşərli sayılan bu qovutdan ailənin bütün üzvləri yeməlidir. Bu ərəfədə gənc oğlan və qızlar, yeniyetmələr tərəfindən Xıdır Nəbi nəğmələri də oxunarmış:

Xıdır, Xıdır xıd gətir,
Var dərədən od gətir.
Mən Xıdırın nəyiyəm,
Bircə belə dayıyam.
Ayağının nalıyam,
Başının torbasıyam.
Xıdıra Xıdır deyərlər,
Xıdıra çıraq qoyarlar.

Mən Xıdırın quluyam,
Boz atının çuluyam.
Xıdır getdi hayınan,
Bir qulunca dayınan.
Dayı palçığa batdı,
Xıdır yanımda yatdı.
Xıdır Nəbi, Xıdır İlyas,
Bitdi çiçək, oldu yaz.

Çatma-çatma çatmaya,
Çatma yerə batmaya.
Xıdıra pay verməyən
Murazına çatmaya.

Xıdır Nəbi mərasimi şərəfinə oxunan nəğmələrdə Novruzun bütün adət-ənənələri, müqəddəs ünsürləri, inancları, atributları, xalqın gün-güzəranı öz əksini tapırdı.
Bəzi bölgələrdə bu mərasim üç gün keçirilərdi. Xıdır Nəbinin birinci günü “Xan Xıdır”, ikinci günü “Rəiyyət Xıdır” adlanır. Bu günlər bayramın ilk və ümumiyyətlə, qışın ən sərt günləri hesab olunur. Üçüncü gün isə çillənin ən soyuq günü kimi “Çillə Xıdır” adlanır. Adamlarda belə bir inam yaranır ki, “Xan Xıdır” özü ilə nə qədər qar, çovğun, şaxta gətirsə, torpağı nə qədər bərk dondursa, bir o qədər xeyir-bərəkət artar, ölüb-dirilən torpaq əkinçinin üzünə daha bol nemət gətirər. Bayramın “Rəiyyət Xıdır” günü xalq arasında geniş keçirilərdi. Çünki özü ilə bərəkət, bolluq, firavanlıq gətirirdi. Üçüncü gün “Çillə Xıdır” isə Günəş və istilik etiqadları ilə bağlı idi.
Ümumiyyətlə, bu bayramın məramı eli, ulusu, mahalı qışdan yaza salamat çıxarmaq, insanları bir-biri ilə mərhəmətli və rəhmli rəftara çağırmaq, ən əski etiqad və inamların müqəddəsliyini tanıtmaq olmuşdur.

Hazırladı:
İradə ƏLİYEVA,
“Azərbaycan”