Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sevginin və ümidin təcəssümü - Nardaran piri

09 Fevral 2018
 

Xəlifənin təqiblərindən qurtulmaq üçün Azərbaycana pənah gətirən Peyğəmbər övladları yerli əhali tərəfindən böyük hörmətlə qarşılanırdı. Burada onları çox sevir, qayğı göstərir, təhlükələrdən qoruyurdular. İmam övladları dünyalarını dəyişəndən sonra da məzarları ziyarətgahlara çevrildi. Müqəddəs tutulan belə məkanlardan biri də Nardaran piridir.

 

Nicat yeri

 

Bakının ən qədim yaşayış məskənlərindən birinə - Nardarana İmam qızı Rəhimə xanım da öz ailəsi ilə birlikdə təqiblərdən xilas olmaq üçün gəlmişdi. “Nur olan yer” mənasını daşıyan bu torpaq onlara əbədi məkan oldu.
Rəhimə xanım VII İmam Musa Kazımın qızı, VII İmam Rzanın bacısı idi. Xəlifələr Harun ər-Rəşidin və Məmunun etdikləri zülmlər illər idi davam edirdi. Ancaq atasından sonra da qardaşının şəhid edilməsi ilə Rəhimə xanım və digər Peyğəmbər övladları daha böyük təhlükələrlə üzləşdilər. Onların yaşadıqları yerləri gizlicə tərk etməkdən başqa çarələri qalmadı. Rəhimə xanım iki bacısı və digər qohumları ilə xəlifənin zülmündən qaçıb Azərbaycana sığındı. O, Nardaranda kənd sakini Seyid Yusif ağanın qonağı oldu. İmam qızına ehtiramını və azərbaycanlılara məxsus qonaqpərvərliyini Seyid Yusif ağa evini Rəhimə xanıma verməklə bildirdi. Özü ailəsi ilə birlikdə yaşamaq üçün bir az aralıda yeni ev tikdirdi.
Məlumatlara görə, Rəhimə xanımın əsl adı Fatimə imiş. O, qeyri-adi qabiliyyətə, insanlara şəfavermə bacarığına malik idi. Nicat tapmaq üçün yanına gələn xəstələri təkcə cəddinin kəraməti ilə deyil, həm də təbabət elminin, öz əlləri ilə topladığı dərman otlarından hazırladığı məlhəmlərin köməyi ilə sağaldırdı. Həddindən artıq rəhmli və şəfa verən olduğundan yerli əhali onu Rəhimə xanım adlandırırdı.
Rəhimə xanımın çox gənc - 20-22 yaşında vəfat etdiyi söylənilir. Bu barədə müxtəlif ehtimallar var. Bəzi fərziyyələrə görə, İmam qızı Nardaranda Mir Əbdulla ilə ailə həyatı qurub və onların bir uşağı olub. Rəhimə xanım da o zaman - ilk övladını dünyaya gətirən zaman dünyasını dəyişib. Başqa bir ehtimala əsasən, İmam qızı xəstəlikdən vəfat edib.
O, bu dünyadakı son anlarına qədər sonsuz sevgi gördüyü müqəddəs torpaqda - Nardaranda dəfn edildi. Məzarı ziyarət yeri oldu.

 

İmam qızının çağırışı

 

Bəzən zamanın küləkləri, qasırğaları bir çox həqiqətlərin üzərinə pərdə çəkir. Ancaq onları əbədi unutdurmağa gücü yetmir. Rəhimə xanımın qəbri yerləşən pir də uzun illər itib-batdı. Belə ki, Xəzər dənizinin XIII-XIV əsrlərdə yerinə çəkilməsi nəticəsində Nardaran kəndinin şimal hissəsində boşluq əmələ gəldi. Şimal küləklərinin gətirdiyi qumlar qəbrin üzərinə çox qalın bir örpək saldı. Beləcə, Həzrət Rəhimə xanım və onun ailə üzvlərinin qəbirləri üstündə tikilmiş məscid binası əsrlər boyu qum altında qaldı.
Nəhayət, XX əsrin ortalarında burada qazıntı işləri aparıldı. Məscidin tapılması barədə maraqlı bir hadisə söylənilir. Danışırlar ki, Nardaran kənd sakini Yunis kişi üç gecə eyni yuxunu görürdü. Yuxusuna gələn nur üzlü, mələk simalı qadın onu çağırırdı: “Mən İmam övladı, İmam bacısı Rəhimə xanımam. Burada torpaq içərisində qalmışam, məni xilas et!” Yuxusunu kəndin ağsaqqallarına söylədi. Birlikdə köhnə qəbiristanlıq yerinə getdilər. Yunis kişi yuxuda gördüyü yeri nişan verdi. Orada balaca bir çökək gözə dəyirdi. Sanki qum altda harasa axıb gedirdi. Kənd əhli yığıldı. Həmin yeri qazmağa başladılar. Qazıldıqca böyük bir çuxur göründü. Torpağın altından çıxan tikili hamını heyrətə saldı.
1950-ci ildə tapılaraq qum altından çıxarılan bina iki otaqdan ibarət idi. Düzbucaqlı plana malik əvvəlinci otaq (5,80 x 3,20 x 2,53 m) məscidə aiddir. İkinci tağ tavanlı otaq (2,75 x 2,75 x 2,53) isə türbə binasıdır. Türbənin başqa yerdən qapısı yoxdur. Buraya ancaq məsciddən açılan çatmatağlı qapıdan (1,13 x 0,58) daxil olunur. Məscidin tağlı qapısı (1,20 x 0,59 m) eşmə ilə, kiçik baştağı isə sadə həndəsi naxışlarla haşiyələnib. Qapı üzərindəki iki parça əhəng daşında (1,07 x 3,9) kufi elementli süls xətti ilə kitabə həkk olunub.
Bəzi mənbələrdə də imam övladlarının təqib olunarkən bu tərəflərə üz tutduqları haqqında ara-sıra qısa məlumatlara rast gəlindiyini qeyd edən etnoqraf alim Məşədixanım Nemət yazırdı ki, Nardaran pirindəki türbə binasını memarlıq quruluşuna görə XII-XIII əsrlərə aid etmək olar. Ona bitişik düzbucaqlı plana malik məscidin qapısı üzərində bütöv bir əhəng daşına iri süls elementli nəsx xətt ilə yazılmış ərəbcə kitabəni etnoqraf alim belə tərcümə etmişdi: “Bu mübarək məscidin, Allahın evinin bina olunmasına hacıların seçilmişi, dövrün yeganəsi, Böyük sədr Xacə Hacı Həmzə ibn Qutlu Mahmud Şahabadi - Allah onun müvəffəqiyyətini əbədi etsin - yeddi yüz altmış beşinci ildə əmr etmişdir” (Miladi: 1363-1364).
Kitabədə adı çəkilən Xacə Hacı Həmzə Şirvanşahlar dövlətində baş sədr vəzifəsini daşıyırdı. Bu vəzifəyə görə o, dövlətdə şirvanşahdan sonra üçüncü şəxs sayılırdı. Belə məsul vəzifə tutan baş sədrin həmin kompleksdə məscid binası tikdirməsi buranın yalnız imamzadə kimi yox, ölkənin ictimai, iqtisadi, siyasi həyatında mühüm rol oynamış mərkəzlərdən biri olduğunu təsdiq edir. Belə mərkəzlər adətən baş sədrin tabeliyində olurdu.
Başdaşındakı kitabələr məqbərə qarşısında dəfn edilənlərin də dövrlərinin görkəmli alimləri olduğunu təsdiq edir. Hicri 1049-cu ildə (1639-1640) şəhid edilmiş Şeyx Sədinin adı digər mənbələrdə qeyd olunmayıb. Oğlu Şeyx Xoda Pulad onunla yanaşı dəfn edilib. Şeyx ləqəbinə və “əs - şəhid əs - səid” - xoşbəxt şəhid sözlərinə əsaslanaraq, güman edilir ki, Şeyx Sədi hansısa bir hərəkatda, mübarizədə həlak olub.
Pir kompleksi yaxınlığında başqa məscid, karvansara binası, ətrafda böyük qəbiristanlıq da mövcuddur. Kompleksdəki məscid olduqca maraqlıdır. Ərəbcə kitabənin məzmunu belədir: “Bu məscidin tikilməsinə mömin Şeyx Nurəddin Mahmud ibn Şeyx Zahid Əbu Yusif, həqiqətən yeddi yüz yeddinci ildə (1307-1308) əmr edib: - Hökmdarlıq Allaha məxsusdur”. Kitabədə daha iki şeyxin - Nurəddin Mahmud və atası Şeyx Zahid Əbu Yusifin adları çəkilir.
Kompleks yaxınlığında olan hamam binası da sonradan uçub dağılıb. Onun üzərindəki kitabəni hələ 1920-ci illərdə arxeoloq İ.Əzimbəyov oxuyub nəşr etdirdi. Ərəbcə yazılmış həmin kitabənin mətni belədir: “Bu pak və təmiz imarətin tikilməsinə sədr əl - möhtərəm Xacə Zeynəddin ibn mərhum Dağmanlı Mövlana Şəhabəddin (Allah ona rəhmət eləsin!) əmr etdi” (1338 miladi)”.

 

Tarixin qovğalarında...

 

Sovet hakimiyyəti illərində xalqın müqəddəs bildiyi məscidlərin, ziyarətgahların başlarının üstünü təhlükə aldı. Digər ziyarətgahlar kimi Nardaran pirinin də sökülməsi gözlənilirdi. Nardaran əhalisi bunun qarşısını almaq üçün pirin qapısını daşla hördü. Ancaq gecələr bu daşları sökərək pirə daxil olurdular. Hər dəfə bu hadisə təkrarlandığı üçün çıxış yolu axtarmağa başladılar. Kəndin kolxoz və kənd sovetinin sədrləri pirin möhkəm bünövrəsini əsas gətirərək onun anbar kimi istifadə edilməsini təklif etdi. Bu yolla Nardaran pirini xilas etmək mümkün oldu. 1951-ci ildə anbara çevrilən tikilidə buğda saxlanılmağa başlandı. Nəhayət, 1956-cı ildə yerli əhali yığışaraq buranı təmizlədi. Nardaran piri əvvəlki vəziyyətinə qaytarıldı.
Həmin dövrlərdə Azərbaycandakı bərpaçıların çoxu milliyyətcə erməni olduğundan, onlar daş kitabələrin üzərindəki yazıları pozurdular. Beləcə, Rəhimə xanımın qəbrinin üzərindəki kitabələrin bəziləri məhv edildi.
1994-cü ildə Rəhimə xanım məscid-ziyarətgahının yenidən inşa olunması üçün işlərə başlandı. Pirin maketinin hazırlanması mahir memar Nemət Əsədulla oğluna həvalə edildi. Həmin ilin 10 avqustunda, Peyğəmbərin mövludu günü tikintinin bünövrəsi qoyuldu. Nardaran əhalisindən toplanmış vəsait hesabına qədim türbənin üzərində ikinci mərtəbə inşa olundu. Bütün kənd sakinləri tikintidə iştirak etdi. İnşaat işlərinə böyük həssaslıqla yanaşıldı. Köhnə tikili bu gün də qədim abidə kimi qorunmaqdadır.
Nardaran pirinin müxtəlif yerlərində 3 quyu var. Bu quyulardan vaxtilə Rəhimə xanımın istifadə etdiyi söylənilir. Onlardan biri 17 metr dərinliyə malikdir. Bəziləri onun Məkkədəki müqəddəs Zəmzəm suyunun dadını verdiyini deyirlər.
Pirin həyətində “Ürək daşı” adlandırılan bir ziyarətgah da mövcuddur.
Bu gün öz möhtəşəm görkəmi ilə diqqəti cəlb edən Nardaran piri bizim dinimizə, adət-ənənələrimizə, ən əsası Yaradanın birliyinə, Onun rəhminin sonsuzluğuna inamımızın və sevgimizin təcəssümüdür. İnsanların müqəddəs ziyarətgah kimi üz tutduqları Rəhimə xanım məscid-ziyarətgahı həm də tarixi abidələrimizdən biri kimi dəyərlidir. Bu memarlıq abidəsinə daxil olan bir neçə məscid, məqbərə, başdaşı, sənduqə formalı mədəniyyət abidələri tariximizin dəyərli nümunələrindəndir.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”