Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Kitabxanada “Unudulmaz bəstəkar Qara Qarayev” kitab sərgisi açılıb

06 Fevral 2018
Fevralın 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibətilə “Unudulmaz bəstəkar Qara Qarayev” adlı kitab sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq dahi bəstəkarın milli musiqi irsimizə dəyərli əsərlər bəxş etdiyini, sənətkarın 100 illik yubileyi haqqında Prezidentin Sərəncamına uyğun olaraq il ərzində keçiriləcək tədbirlərdən danışıb.

Qeyd edib ki, ötən ay ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los-Anceles Universitetinin kitabxanasında olarkən amerikalılar ona bəstəkarın 1961-ci ildə I Beynəlxalq Los-Anceles musiqi festivalında böyük əks-səda doğuran çıxışını xatırladıblar. Direktor bu sözləri eşidərkən mədəniyyətimizi dünyanın hər yerində tanıdan xalqımızın bu cür nümayəndəsinin olması ilə bir daha fəxarət hissi keçirdiyini vurğulayıb. O, həmçinin kitabxana tərəfindən də elektron məlumat bazasının və biblioqrafik vəsaitin hazırlandığını, silsilə tədbirlərin keçiriləcəyini qeyd edib.

Daha sonra kitabxananın nəşriyyat işləri üzrə baş mütəxəssisi Gülbəniz Səfərəliyeva və direktor müavini Ədibə İsmayılova sənətkarın çağdaş musiqi mədəniyyətimizin inkişafındakı, özünəməxsus dəyərli əsərləri ilə musiqimizin dünya səviyyəsində təbliğindəki misilsiz xidmətlərindən danışıblar.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə görkəmli bəstəkarın not-musiqi əsərləri, görkəmli şəxsiyyətlərin bəstəkar haqqında söylədikləri fikirlər, Azərbaycan və xarici dillərdə haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunub.