Mövsümi xəstəliklərin statistikası açıqlanıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mövsümi xəstəliklərin statistikası açıqlanıb

25 Yanvar 2018
Yanvarın 25-də Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində mövsümi xəstəliklər mövzusunda brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva çıxışında payız-qış dövründə kəskin respiratorlu infeksiyaların və qripin yaranması hallarının sürətlə artmasını bildirib. Bu xəstəliklərin yaranmasına səbəb virus və bakteriyalardır. Onun sözlərinə görə, risk qrupuna əsasən tənəffüs yolları və xroniki xəstəlikləri olan insanlar daxildir.

“Kəskin respiratorlu xəstəliklər tənəffüs yollarının “soyuqdəymə” simptomları ilə müşayiət olunan istənilən infeksiyalı xəstəlikləri özündə birləşdirir. Buraya faringit, laringit, traxeit və s. daxildir. Zökəm, öskürək və digər soyuqdəymə hallarının əmələgəlmə səbəbləri aşkarlanmadıqda, o zaman həkim tərəfindən “Kəskin respiratorlu xəstəlik” diaqnozu qoyulur. Bu xəstəliklər qrupu həm viruslu infeksiyaları, həm də burun-udlaq infeksiyalarının xroniki ağırlaşmasını özündə birləşdirir. Əgər sizin hərarətiniz olduqca yüksəkdirsə, deməli bu, qripdir. Soyuqdəymə nadir hallarda yüksək hərarətlə müşayiət olunur. Mövsümi xəstəliklərə yoluxmamaqdan ötrü soyuq havada uzun müddət qalmamaq və tərkibində çoxlu vitamin olan yeməklə qidanlanmaq vacibdir. Həmçinin aktiv həyat tərzi keçirmək, insanların daha sıx olduğu yerlərdən uzaq durmaq məsləhətdir”, - deyə R.Əliyeva vurğulayıb.

Bakı şəhərinin baş terapevti jurnalistlərə mövsümi xəstəliklərlə əlaqədar mərkəzə daxil olan müraciətlərin statistikasını təqdim edərək deyib: “Mövsümi xəstəliklərlə bağlı müraciətlər əsasən sentyabr-may aylarında olur. Bu dövrdə xüsusən ürək-damar sistemi, tənəffüs yolları, mədə-bağırsaq traktı, həmçinin dayaq-hərəkət sistemi xəstəlikləri ilə əlaqədar müraciətlər artır. Ötən ilin sentyabr-dekabr aylarında Kliniki Tibbi Mərkəzin iki terapevtik şöbəsinə 378 müraciət daxil olub. Həmin müddətdə xəstəxanaya müraciət etmiş 113 nəfərə stasionar müalicə təyin edilib. Bronxial astma, sətəlcəm, tənəffüs yollarının iltihabı və digər xəstəliklərlə də bağlı müraciətlər az olmayıb”.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.