Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İndi Azərbaycan dünyada həm də investor ölkə kimi tanınır

19 Yanvar 2018
 

Keçən əsrin 90-cı illərinin ortalarından Azərbaycan iqtisadiyyatı inkişaf istiqaməti götürərək dünyaya inteqrasiya etməyə başladı. Müəllifi ümummilli lider Heydər Əliyev olan, 1994-cü ildə Xəzər hövzəsi ölkələri və Qərbin tanınmış enerji şirkətləri arasında əməkdaşlığın başlanğıcını qoyan “Əsrin müqaviləsi”nin uğurları Azərbaycana marağı getdikcə artırdı. Hazırda quruda və dənizdə yerləşən əməliyyat sahələrində 17 layihə üzrə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi müvəffəqiyyətlə həyata keçirilir. Xarici tərəfdaşlarla birgə yaradılmış 35 müəssisə, 6 alyans, müxtəlif ölkələrdə çoxsaylı törəmə şirkətlər müasir neft-qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. 

İndi Azərbaycan dünyada alternativ karbohidrogen mənbəyi, transmilli neft-qaz şirkətlərinin etibarlı tərəfdaşı, qlobal enerji təhlükəsizliyi sistemində əvəzedilməz yeri olan ölkə kimi tanınır. Bu, ölkəmizin enerji daşıyıcılarını beynəlxalq bazarlara nəql etməsi, möhtəşəm layihələri həyata keçirməsi sayəsində mümkün olub. Prezident İlham Əliyev bu barədə demişdir: “Bu regional və daha sonra beynəlxalq əməkdaşlığın yaranmasında iki mühüm mərhələ oldu. Regional əməkdaşlığa gəldikdə, bu regionda üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə uzun illərdir ki, uğurla əməkdaşlıq edir və bu üç ölkə dəhlizlər yaratmağa müvəffəq olmuşdur... Biz ilk olaraq buradan Gürcüstanın Qara dəniz sahillərinədək uzanan Bakı-Supsa neft kəmərini inşa etdik. Daha sonra Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri və nəhayət, Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilmişdir. “Cənub qaz dəhlizi” layihəsinin icrasında 7 ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi də gələcəkdə “Cənub qaz dəhlizi”nə qoşula bilər. Bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar - yəni Azərbaycan, tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar”.
Azərbaycan sözügedən qlobal layihələri tərəfdaşları ilə birlikdə həyata keçirir. Digər tərəfdən, ölkəmizin özü də dünyanın bir çox yerlərində investisiya qoyaraq müvafiq işlər aparır. Beləliklə, cəmi son 20-23 il əvvəl iqtisadiyyatına, ilk növbədə neft-qaz sənayesinə xarici sərmayə cəlb etməyə çalışan Azərbaycan son illərdə artıq özü digər ölkələrdə, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniyaya sərmayə yatırır.
Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR Türkiyədə də mühüm layihələr həyata keçirir. Qardaş ölkənin bu sektorda yeganə istehsalçısı olan “Petkim” holdinqi SOCAR-ın idarəçiliyində ilbəil uğurlu nəticələr qazanır. Holdinq 2016-cı ili yüksək maliyyə nəticələri ilə başa çatdırmış, 207 milyon ABŞ dolları həcmində xalis mənfəət əldə etmişdir. 15 zavod, 6 köməkçi infrastruktur və ildə 3,6 milyon ton istehsal gücünə malik “Petkim”in əsas hədəfi istehsalat və xidmət keyfiyyətinin yüksəldilməsindən, istehlakçıların artan tələbatlarının vaxtında təmin edilməsindən ibarətdir. Dinamik inkişafda olan Türkiyə neft-kimya bazarında “Petkim”in payını 30 faizədək artırmaq məqsədilə neft emalı-neft kimyası-enerji-logistika-distribusiya zəncirindən ibarət geniş bir inteqrasiya layihəsinə start verilmişdir. Layihə 2023-cü ildə başa çatdırılmalıdır.
İnteqrasiya şəbəkəsinin əsas elementini illik emal gücü 10 milyon ton həcmində nəzərdə tutulan “STAR” neft emalı zavodu təşkil edir. Zavod ilk növbədə “Petkim”i xammalla (yüngül və ağır nafta ilə) təmin etmək üçün inşa olunur. “STAR”ın Azərbaycan iqtisadiyyatına ilk 5 ildə hər il 614 milyon dollar, növbəti 10 il ərzində isə hər il 864 milyon dollar həcmində gəlir gətirəcəyi gözlənilir. Müəssisədə ilk məhsulun 2018-ci ildə istehsal ediləcəyi planlaşdırılır.
“STAR” Türkiyədə ilk “Strateji İnvestisiya Təşviq Sənədi” verilən layihədir. Zavod regionda Azərbaycan iqtisadiyyatının nüfuzunu artıracaq, Aralıq dənizi bazarında mövqelərimizi xeyli möhkəmləndirəcək.
Hazırda görülən işlərlə yanaşı, “Petkim” və “STAR” zavodunu elektrik enerjisi ilə fasiləsiz təmin edəcək külək enerji stansiyası tikilir. Stansiyanın quraşdırılması üçün 2014-cü ildə “Alstom” firması ilə müqavilə imzalanıb.
İnteqrasiya zəncirində vacib halqalardan birini təşkil edən konteyner limanının inşası üzrə Hollandiyanın “APM Terminals” şirkəti ilə də əməkdaşlıq uğurla davam edir. Müqaviləyə əsasən, liman 28 il müddətində bu şirkət tərəfindən idarə olunacaq. Egey bölgəsinin ən böyük konteyner limanı olan “Petkim”in inşası keçən il yekunlaşıb. Bu layihənin potensialı 1,5 milyon standart konteyner təşkil edir. “Petkim”in davamlı inkişafı məqsədilə həyata keçirilən investisiya layihələri “SOCAR-Türkiyə Enerji” şirkətini bütövlükdə regionun ən böyük neft-kimya, logistika, konteyner, limançılıq və distribusiya komplekslərindən birinə çevirəcək.
Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının investisiya proqramlarının həyata keçirilməsi və bu yolla xarici ölkələrlə məhsuldar iqtisadi əlaqələrin qurulmasında neft-qaz sektoru mühüm rol oynayır. Dövlət Neft Şirkətinin son illərdə dünya enerji bazarına inamla daxil olması bunun təsdiqidir.
Gürcüstanda Kulevi “Black Sea” terminalı Qara dənizdə strateji mövqe qazanmışdır. İldə 10 milyon ton neft və neft məhsullarının nəqlinə imkan verən terminalla Azərbaycan və Xəzər hövzəsindəki digər istehsalçı ölkələrin yükünün daşınması həyata keçirilir. İndiyədək buradan milyonlarla ton neft və neft məhsulları ötürülmüşdür.
Azərbaycan Gürcüstanın regional qaz təchizatında və neft məhsullarının pərakəndə satış bazarında da əhəmiyyətli yer tutur. Bu qurum ardıcıl olaraq “İlin ən yaxşı şirkəti” adına layiq görülür. “SOCAR Georgia Gas” MMC Gürcüstanda 567 mindən artıq abonentə xidmət edir. Gürcüstanda SOCAR brendi ilə 115 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Gələcəkdə bu ölkədə şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur.
İsveçrədə treydinq şirkətinin yaradılması da qabaqcıl beynəlxalq neft şirkətlərinin təcrübəsinə uyğundur və ölkəmizdə həyata keçirilən iri neft-qaz layihələrində Azərbaycanın payına düşən mənfəət neftinin əhəmiyyətli dərəcədə artmasından, həmin həcmlərin səmərəli şərtlərlə satışının təşkil olunması zərurətindən irəli gəlmişdir.
İsveçrə, Rumıniya və Ukraynanın pərakəndə neft məhsullarının satışı bazarlarında da Azərbaycanın yeri möhkəmlənib. Hazırda SOCAR brendi ilə İsveçrədə 164, Ukraynada 61, Rumıniyada 38 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Tətbiq olunan innovativ metodlar Avropa alıcılarının rəğbətini qazanmışdır. Biz beynəlxalq bazarlarda iştirak payımızı və coğrafiyamızı bundan sonra da genişləndirməkdə maraqlıyıq.
Xatırladaq ki, Dövlət Neft Şirkəti Azərbaycanda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçmiş ilk dövlət qurumlarındandır. Onun konsolidə olunmuş hesabatları dünyanın bu sahədə tanınmış şirkətlərindən biri - “Ernst & Young” tərəfindən beynəlxalq maliyyə hesabatları standartlarının ən qabaqcıl təcrübəsinə uyğun surətdə audit edilir və bəyənilir. “Fitch Ratings”, “Standard & Poors” və “Moodys” kimi nüfuzlu agentliklər tərəfindən verilən beynəlxalq reytinq dərəcələri şirkətin işgüzar nüfuzunu yüksəldir, onun beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Bütün bunlar Azərbaycanın dünyadakı nüfuzunun artması deməkdir.

Flora SADIQLI,
“Azərbaycan”