08 May 2024 08:15
325
SİYASƏT
A- A+

Heydər Əliyev missiyası

 

Bu gün Azərbaycan xalqı özünün dövlətçilik və müstəqillik tarixinin ən şərəfli mərhələsini yaşayır. Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi, Qazaxın Ermənistanın işğalı altında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı razılığın əldə edilməsi Prezident İlham Əliyevin yaratdığı zəfər salnaməsinin növbəti təntənəsinə çevrilərək hər birimizin dərin sevincinə səbəb oldu. 
Vətən müharibəsindəki Zəfərimizi və 2023-cü ildə bütün torpaqlarımız üzərində  suverenliyimizin təmin olunmasını şərəfləndirən bu siyasi-diplomatik hadisələrin nəticəsi kimi 2024-cü il də tariximizə növbəti qürurdoğuran dövr kimi daxil olacaq. Eyni zamanda Azərbaycanın milli maraqlarının qətiyyətlə təmin olunduğunu nümayiş etdirən bu uğurların təcəssümü kimi xalqımız əlamətdar tarixləri indi daha böyük coşqu ilə qeyd edir. Ulu Öndər, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü bütün torpaqlarımız üzərində milli suverenliyimizin tam təmin edildiyi bir tarixi şəraitdə qarşılamağımız isə daha əlahiddə məqamdır.

 

Dövlətimizin etibarlı təməlinin müəllifi

 

Bütün inkişaf etmiş cəmiyyətlərin keçdiyi tarixi yol sübut edir ki, dövlətlərin və xalqların tərəqqisi, yüksəlişi üçün maddi imkanlar böyük rol oynasa da, bu, yetərli deyil. Hər bir dövlətin və xalqın taleyində lider amili bütün zamanlarda dövlətçilik və müstəqillik üçün vacib olan siyasi-iqtisadi şərtlərin fövqündə dayanır. 
Çox tarixi hadisələrə varmadan Türkiyədə Atatürkün, Böyük Britaniyada Uinston Çörçillin, ABŞ-də Corc Vaşinqtonun, Almaniyada Otto Bismarkın və eləcə də adlarını çəkmədiyimiz digər tarixi şəxsiyyətlərin timsalında aydın görürük ki, dövlətlərin intibahı, qlobal siyasi səhnədə özünə layiqli yer tutması, nüfuzu həm də fenomen siyasi liderlərdən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanın müasir tarixi Ulu Öndər Heydər Əliyevin nəhəng siyasi fəaliyyətinin, xalq arasındakı misilsiz nüfuzunun mahiyyətində əsas amil kimi lider faktorunu şərtləndirir. Eyni zamanda onun dövlətin və millətin tarixində, gələcək inkişaf yolunun formalaşmasında, beynəlxalq aləmdə özünü təsdiq etməsində mütləq istinad olduğunu isbata yetirir. 
Bütün siyasi fəaliyyətini, şərəfli ömrünü öz dövlətinə həsr edən, xalqına bağışlayan Ulu Öndər Heydər Əliyevin barəsində fikir yürüdərkən son 55 illik dövrü təhlil etmək vacibdir. Ona görə ki, Heydər Əliyevin yaratdığı şanlı irs Azərbaycanın bu günü, gələcəyi üçün dəyişməz mayakdır və bizlər bu irsi həm təbliğ etməli, həm də gələcək nəsillərə çatdırmalıyıq. Lakin o da aydındır ki, Heydər Əliyevlə bağlı düşüncələrimiz nə qədər əhatəli, müfəssəl olsa da, onun şəxsiyyətinin nəhəngliyini tam şəkildə ehtiva edə bilməz. Çünki müasir Azərbaycan dövlətinin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə istisnasız olaraq bütün uğurları, o cümlədən müstəqilliyimizin xilası və dövlətçiliyimizin etibarlı təməllərinin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrlərdəki tarixi proseslərdə lider amilini ətraflı təsvir etməyə isə cild-cild fundamental araşdırmalar, akademik əsərlər gərəkdir.

 

Azərbaycanı liderlər cərgəsinə çıxaran rəhbər

 

Heydər Əliyev bütün tarixi mərhələlərdə, ən çətin anlarda öz xalqının yanında, daha doğrusu, önündə olub. Ötən əsrin 70-ci illərində respublikamızda tənəzzüldən tərəqqiyə keçid və nəticə etibarilə yaşanan milli, iqtisadi və sosial intibah birmənalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır. Məlum olduğu kimi, həmin illər Azərbaycan ittifaq miqyasında inkişafına görə çox geri idi, müttəfiq respublikalar arasında sonuncu yerləri tuturdu. Lakin Ulu Öndərin təşəbbüsləri və nəzarəti ilə həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatda geniş vüsətli dəyişikliklər baş verdi. Maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, yüngül sənaye, yeyinti, emal müəssisələri inşa olundu, çoxsaylı strateji əhəmiyyətli müəssisələr yaradıldı. Məhz Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin strateji əhəmiyyətli müəssisələri Azərbaycanda inşa olundu.
Görülən məqsədyönlü tədbirlər nəticəsində qısa bir zamanda Azərbaycan aqrar əyalətdən inkişaf edən sənaye respublikasına çevrildi. Belə ki, 1980-ci ildə sənaye məhsulu istehsalının həcmi 1970-ci ilə nisbətən 2,9 dəfəyə qədər yüksəldi. Maşınqayırma sənayesində istehsalın həcmi 5,3 dəfə, kimya və neft-kimya sənayesində 3 dəfədən, yeyinti sənayesində 4 dəfədən çox artdı. Sənaye ilə yanaşı, kənd təsərrüfatı da inkişaf etdirildi. Əkinçiliyin ayrı-ayrı sahələri - pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəz, eləcə də heyvandarlıq məhsullarının istehsalı 1982-ci ildə 1969-cu illə müqayisədə 2,5 dəfədən çox artdı.
Paralel olaraq respublikanın yol infrastrukturu, nəqliyyat sistemi yenidən quruldu, dəmiryolu xətləri, geniş prospektlər tikilib istifadəyə verildi, Bakıda yeni metrostansiyalar inşa olundu. Əhalinin mənzilə olan tələbatının ödənilməsi istiqamətində böyükmiqyaslı layihələr həyata keçirilməyə başlandı. 1971-1982-ci illərdə respublikada 18 milyon 293 min kvadratmetr mənzil sahəsi tikilib istifadəyə verildi. Respublika ərazisində müasir şəhərsalma normalarına uyğun yeni qəsəbələr, yaşayış massivləri, parklar, küçə və meydanlar salındı, milli memarlıq xüsusiyyətlərini özündə əks etdirən elm, mədəniyyət, səhiyyə obyektləri, sanatoriya və kurort kompleksi yaradıldı. 
Məhz Heydər Əliyevin sayəsində Azərbaycan ittifaq miqyasında sosial-iqtisadi göstəricilərinə görə sonuncu yerlərdən qabaqcıl mövqeyə, daha dəqiq desək, 14-cü yerdən liderlər cərgəsinə yüksəldi. Heydər Əliyev respublikamızda elə bir möhkəm iqtisadi-sosial baza yaratdı ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da xalqımız onun bəhrəsini, müsbət təsirini hiss etdi. Həmin iqtisadi potensial Azərbaycan üçün böyük imkanlar açdı və bu gün də müstəqil dövlətimizə tam gücü ilə xidmət göstərir.
O dövr Heydər Əliyev Azərbaycanı yalnız sosial-iqtisadi inkişaf yoluna çıxarmamışdı, həm də bu intibah milli-mədəni, mədəni-ictimai sahələrdə gerçəkləşmişdi. Dövlət tədbirlərində ana dilində danışan, Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail olan, şair və yazıçılarımızı repressiyalardan xilas edən Ulu Öndər xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin qorunması, yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün qeyri-adi əzmkarlıq, böyük fədakarlıqlar göstərmişdi. Bu baxımdan ilk dəfə o zaman xalqımız öz dahi oğlunun vətənpərvərliyinə, cəsarətinə, milli hisslərə bağlılığına şahidlik etmişdi. 
Bu sırada Heydər Əliyevin təşəbbüsləri ilə gənclərimizin təhsil almaq üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsini, azərbaycanlıların hərbi təhsilə daha yaxından cəlb edilmələri üçün Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasını xüsusi qeyd etməliyik. Keçmiş ittifaqın nüfuzlu təhsil ocaqlarında təhsil alan azərbaycanlı gənclər bu gün də Azərbaycanda həyatın bütün sahələrində fəal iştirak edirlər. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin məzunları isə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasına, tarixi Zəfərin qazanılmasına layiqli töhfələrini verdilər. 
Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün münbit şərait yaratdı. Həmin dövr respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi.
Moskvada SSRİ rəhbərliyində işlədiyi dövrdə də Heydər Əliyev olduqca vacib sahələrə rəhbərlik edirdi. Prezident İlham Əliyevin ötən ay Rusiyaya işgüzar səfəri zamanı görüşlərdə səslənən fikirlər bir daha təsdiqləyir ki, Heydər Əliyevin ümumilikdə Sovet İttifaqındakı tarixi xidmətləri bu gün də Rusiyada böyük ehtiramla xatırlanır. Prezident İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə Heydər Əliyevlə bağlı səslənən fikirlər xalqımızın dahi oğlunun nə qədər böyük şəxsiyyət olduğunu növbəti dəfə nümayiş etdirdi. 
Dünyanın fövqəldövlətləri sırasında olan Rusiyanın Prezidenti Vladimir Putinin "BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası, - bunu bütün BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi" sözləri Ulu Öndərin tarixi xidmətlərinə verilən böyük dəyərdir. Yaxud BAM-ın tikintisində çalışmış və sonralar SSRİ nəqliyyat tikintisi nazirinin müavini olmuş Yefim Vladimiroviç Basinin fikirlərinə diqqət yetirək: "Hökumət tərəfindən tikintiyə Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyev nəzarət edirdi. O, möhkəm iradəli, böyük erudisiyaya malik və səriştəli bir insan idi. O, mənim taleyimdə də əhəmiyyətli rol oynayıb. Mənim taleyimdə o, BAM-ın tikinti rəisi - SSRİ nəqliyyat tikintisi nazirinin müavini vəzifəsinə təyin edilməyimdə də mühüm rol oynayıb". Bütün bu deyilənlər Rusiya ictimaiyyətində Heydər Əliyevin daim böyük minnətdarlıqla xatırlandığını göstərir. 
Moskvadakı işlərinin çoxluğuna rəğmən, Heydər Əliyev doğma Vətəninin inkişafı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayırdı. Yüzlərlə faktdan yalnız birini xatırlayaq: O illərdə Heydər Əliyevin qətiyyəti nəticəsində Bakıda SSRİ miqyasında yeganə olan Bakı Dərin Dəniz Özülləri Zavodunun inşası başa çatdırılmasaydı, müstəqillik illərində neft sənayemizi sürətlə inkişaf etdirmək mümkün olmazdı.

 

Xilaskar

 

Müasir Azərbaycanın 1969-cu ildən başlanan tarixi göstərir ki, son 55 ildə xalqımızın məruz qaldığı faciələr yalnız Ulu Öndərin siyasi hakimiyyətdə olmadığı illərdə baş verib. Təəssüf ki, o illər Heydər Əliyevdən sonra Azərbaycanda siyasi hakimiyyətdə olan şəxslər tarixi reallıqları düzgün dərk edə bilmədilər, qətiyyətsizlik nümayiş etdirdilər. Məkrli erməni iddialarının və keçmiş Dağlıq Qarabağdakı separatizmin qarşısının alınması üçün cəsarətli mövqe ortaya qoymadılar. Bu da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının güclənməsinə gətirib çıxardı, daha sonra 20 Yanvar faciəsi baş verdi. Həmin ağır günlərdə də Heydər Əliyev heç nədən qorxmadan, böyük cəsarətlə haqq səsini ucaltdı. 
Bütün vəzifələrindən istefa verən Heydər Əliyev ötən əsrin 80-ci illərinin sonunda, 90-cı illərin əvvəllərində heç bir vəzifə tutmasa da, yenə də öz xalqının yanında idi. Bu baxımdan Heydər Əliyevin 1990-cı ilin iyul ayında Moskvadan öz vətəninə gəlişi o dövr respublikamızda yeni baş qaldırmaqda olan istiqlal mücadiləsini yeni mərhələyə yüksəltdi. Bakıya gələn Heydər Əliyev daha sonra Naxçıvana getdi və bu qədim diyar öz böyük oğlunu böyük coşqu, sevgi ilə qarşıladı. Məhz Naxçıvanda Heydər Əliyevin qətiyyətli təşəbbüsləri ilə üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı elan edilməsi, muxtar respublikanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması, SSRİ-nin saxlanılması ilə bağlı referendumun Naxçıvanda boykot edilməsi xalqımızın müstəqillik uğrunda mübarizəsinin şərəfli səhifələridir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin ən mühüm mərhələsini isə müstəqilliyimizin ilk illərində həyata keçirdiyi böyük xilaskarlıq missiyası təşkil edir. Heydər Əliyev müstəqilliyimiz uğrunda siyasi mübarizənin önündə getmiş, öz qətiyyəti ilə bu mübarizəni daha da gücləndirmişdi. Lakin müstəqilliyimizin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsiz və naşı siyasəti, o cümlədən milli ideallara xəyanət etmələri müstəqilliyimizi itirilmək təhlükəsi qarşısında qoymuşdu. Amma o dövr məhz Heydər Əliyev faktoruna görə Azərbaycan cəmiyyəti sabaha olan inamını itirməmişdi. 
Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis olunması da Heydər Əliyevə olan inamdan irəli gəlirdi. Hər kəs inanırdı ki, Azərbaycanı üzləşdiyi bütün problemlərdən yalnız Heydər Əliyev dühası xilas edə bilər. Beləliklə, ölkədə hərbi-siyasi qarşıdurmanın pik həddə çatdığı 1993-cü ilin iyun günlərində xalqın təkidli istəyi ilə Naxçıvandan Bakıya gələn Ümummilli Lider ilk gündən başlatdığı xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Tarix də sübut edir ki, əgər həmin ağır şəraitdə Heydər Əliyev proseslərə müdaxilə etməsəydi, müstəqilliyimiz itirilər və Azərbaycan dövlət kimi parçalanardı. Bu baxımdan Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçildiyi 15 İyun tarixinin təqvimə Milli Qurtuluş Günü kimi həkk olunması Ulu Öndərə olan ümumxalq minnətdarlığının bariz ifadəsidir.
Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı Azərbaycanda tamamilə yeni iqtisadi-siyasi proseslərin meydana çıxması ilə nəticələndi. Ulu Öndərin siyasi dühası ilə dövlətimizin güclü və etibarlı təməli qoyuldu. Milli və dini mənsubiyyətindən asılı olmayaraq cəmiyyətimizin bütün təbəqələri Heydər Əliyevin müəllifi olduğu müasir dövlətçilik ideallarının və azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşdi. Sonrakı dövrlərdə də dövlətçiliyimizə qəsd edilməsinə cəhdlərin şahidi olduq. Lakin Ulu Öndər elə bir bünövrə yaratmışdı ki, heç bir qüvvə onu sarsıda və ya zəiflədə bilməzdi.
Ümummilli Liderin zamanın çağırışlarından irəli gələrək həyata keçirdiyi hüquqi dövlət quruculuğu, o cümlədən iqtisadi, sosial və aqrar islahatlar Azərbaycanın müasir dövrün tələbləri səviyyəsində yüksəlişini təmin edən mühüm amillər oldu. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması isə beynəlxalq səviyyədə Heydər Əliyevə olan inamın göstəricisi idi. Neft sazişi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, qlobal miqyasda mövqelərimizin gücləndirilməsi, dövlətimizin etibarlı iqtisadi təməlinin yaradılması baxımından lokomotiv rolunu oynadı.
Eyni zamanda Heydər Əliyev siyasi hakimiyyətə qayıdışı ilə Ermənistanın respublikamıza qarşı həyata keçirdiyi hərbi əməliyyatların qarşısını aldı. Ulu Öndərin yaratdığı nizami ordu cəbhənin müxtəlif istiqamətlərində uğurlu hərbi əməliyyatlar həyata keçirdi, Murov dağı və Füzuli rayonu istiqamətində ərazilərimizin bir qismi düşməndən geri alındı. 
Bütövlükdə, xalqımızın dahi oğlu Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi indi tarixi uğurları ilə fəxr etdiyimiz güclü Azərbaycan dövlətinin yaranması ilə nəticələndi. Özünün dediyi kimi, ömrünün qalan hissəsini xalqına bağışlayan Ulu Öndərin adı tariximizə müasir Azərbaycan dövlətinin banisi və qurucusu kimi yazıldı. Heydər Əliyev respublikamız üçün elə bir yüksəliş kursunun əsasını qoyub ki, bu yol həm indi, həm də gələcəkdə Azərbaycanın inkişafına və güclənməsinə xidmət edəcək. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ötən 20 ildə Azərbaycanın keçdiyi möhtəşəm inkişaf yolu bunu aydın şəkildə təsdiq edən tarixi reallıqdır. 

 

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Lider

 

2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev xalqımıza müraciətində demişdi: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər". 
Ötən 20 il Azərbaycanda həyatın bütün sahələrində baş verən dəyişikliklər, dövlətimizin tarixini şərəfləndirən hadisələrin yaşanması Heydər Əliyevin nə qədər uzaqgörən şəxsiyyət olduğunu təsdiq edir. İnkişafın, yüksəlişin ən əsas təsdiqi makroiqtisadi göstəricilərdir. Odur ki, bəzi statistik rəqəmlərə, əsas makroiqtisadi göstəricilərə nəzər yetirməklə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 20 ildəki inkişafının nə qədər sürətli və məzmunlu olduğunu bilmək mümkündür. 
Bu dövr ərzində Azərbaycanda ÜDM 7,1 milyard manatdan 133,8 milyard manata, dövlət büdcəsinin gəlirləri 1,2 milyon manatdan 34 milyard, müdafiə xərcləri 150 milyon ABŞ dollarından 6 milyard 421 milyon manata, strateji valyuta ehtiyatları 1,8 milyard dollardan 69 milyard ABŞ dollarına, orta aylıq əməkhaqqı 77,4 manatdan 1000, minimum pensiya 20 manatdan 280 manata çatıb. 2003-cü ildə Azərbaycanda adambaşına düşən ÜDM 888,6 ABŞ dolları olduğu halda, ötən ilin yekunlarına əsasən, bu rəqəm 13292,2 manata bərabər olub. Dövlət büdcəsinin sosial xərcləri 20 dəfədən çox, minimum əməkhaqqı 38, minimum pensiya 14 dəfə artıb. 
Bu qürurdoğuran rəqəmlər o qədər çoxdur ki, onların cüzi hissəsini qeyd etdik. Əlbəttə, biz bu rəqəmlərə yalnız quru statistik göstəricilər kimi yanaşa bilmərik. Çünki bu rəqəmlərin hər birinin arxasında Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, düşünülmüş və əsaslandırılmış iqtisadi siyasəti, ən əsası vətən sevgisi, Azərbaycanı inkişaf etmiş dövlətlərin cərgəsinə çatdırmaq arzusu dayanır.
Bu illər ərzində Heydər Əliyevin əsasını qoyduğu enerji siyasətini qətiyyətlə davam etdirən Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin həyata vəsiqə almasını təmin edib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, "Cənub qaz dəhlizi" kimi meqalayihələrin reallığa çevrilməsi İlham Əliyev siyasətinin növbəti qələbələri kimi tariximizə həkk olunaraq, ölkəmizdə gedən inkişaf proseslərinin sürətləndirilməsinə yol açıb, Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. 
Bütün bu qürurdoğuran iqtisadi və sosial inkişaf nümunələrinin hər biri, Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsi göstərir ki, Heydər Əliyev siyasəti layiqincə davam etdirilmiş, Ulu Öndərin ideyaları həyata vəsiqə almışdır. 

 

Ulu Öndərin arzuları gerçəkləşdi

 

Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızı azad görmək idi və inanırdı ki, ərazilərimiz işğaldan mütləq qurtulacaq. Ulu Öndərin 2003-cü ildə xalqa müraciətində yer alan "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" sözləri də məhz bu inamdan irəli gəlirdi.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyev Ermənistanla aparılan danışıqlar dövründə vasitəçilərin Azərbaycanın milli maraqlarına uyğun olmayan heç bir təklif və təşəbbüsünü yaxına buraxmadı. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini bəyan edən Prezident İlham Əliyev eyni zamanda bildirirdi ki, əgər danışıqlar nəticəsiz qalarsa, respublikamız müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcək. Bu məqsədlə Azərbaycan Silahlı Qüvvələrində müasir çağırışlardan irəli gələn islahatlar həyata keçirildi, ordumuzun döyüş imkanları ən yüksək səviyyəyə çatdırıldı. 
2020-ci ilin Vətən müharibəsi cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə döyüş imkanlarını artıran Azərbaycan Silahlı Qüvvələrinin gücünün praktik təsdiqi oldu. Cəmi 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilməsi Prezident İlham Əliyevin qətiyyətinin, siyasi-diplomatik uzaqgörənliyinin təntənəsinə çevrildi. Çünki bu savaşda Azərbaycan yalnız Ermənistana deyil, dünya erməniliyinə və onlarla iş birliyində olan fövqəldövlətlərə qalib gəldi. 
Ötən ilin sentyabr ayında isə Müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətçiliyimizi şərəfləndirən növbəti tarixi qələbəyə imza atdı. Dövlət başçısının sərkərdə qətiyyəti, hərbçilərimizin şücaəti ilə Qarabağdakı erməni separatçıları tam darmadağın edildilər. Bununla Azərbaycan bütün ərazisi üzərində milli suverenliyini təmin etdi, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq kimi mənfur ideya tarixdən birdəfəlik silindi. Bununla cənab İlham Əliyev ərazimizdə 200 il ərzində mövcud olmuş erməni separatçılığına son qoydu. 
Bu il fevralın 7-də keçirilən prezident seçkilərində xalqımız Vətən müharibəsindəki qalibiyyətin yaratdığı coşqu ilə iştarak etdi. İlk dəfə olaraq Azərbaycan dövlətinin bütün ərazilərində keçirilən və xalqımızın öz qalib Liderinin ətrafında sıx səfərbər olmasının növbəti təcəssümü olan bu seçki tariximizə həm də Zəfər seçkisi kimi həkk edildi. Seçkinin nəticəsi Azərbaycan xalqının Heydər Əliyevin ideyalarına sədaqətinin, torpaqlarımızın işğaldan azad olunmasını təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığının ifadəsinə çevrildi. Xalqımız Azərbaycanı tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəldən siyasətin ətrafında daha da sıx birləşərək, ötən 20 ildə qazandığımız uğurların yeni inkişaf dövründə də davamına səs verdi.
Yeni inkişaf dövrünü isə Azərbaycan yeni reallıqlarla qarşılayır. Qarabağın və Şərqi Zəngəzurun sürətlə bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, Ermənistanla dövlət sərhədinin delimitasiyasının başlanması, Rusiya sülhməramlılarının ölkəmizin ərazisini tərk etməsi, dünya erməniliyinin anti-Azərbaycan siyasətinin fiaskoya uğradılması qədəm qoyduğumuz yeni tarixi mərhələnin hər birimizi fərəhləndirən hadisələridir. 

 

Heydər Əliyevin ideyalarını və irsini yaşadan fond

 

May ayının 10-da başqa bir əlamətdar hadisənin - Ulu Öndərin ideyalarını və irsini yaşatmaq üçün ictimai həyatın müxtəlif sahələrində fundamental layihə və proqramlar həyata keçirən Heydər Əliyev Fondunun yaradılmasının 20-ci ili tamam olur. Böyük məmnuniyyətlə qeyd etməliyik ki, respublikamızda həyatın bütün sahələrində Heydər Əliyev Fondunun fəaliyyətinə rast gəlmək mümkündür. Təsadüfi deyil ki, ötən 20 ildə fond gördüyü işlərlə Azərbaycanda müxtəlif istiqamətlərdə həyata keçirilən dövlət siyasətinə layiqli töhfələr verib. 
Öz fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, qlobal miqyasda böyük nüfuz qazanan Heydər Əliyev Fondunun bütün nailiyyətlərinin təməlində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əzmkarlığı dayanır. Mehriban xanım Əliyevanın təşkilatçılığı və təşəbbüsləri ilə Heydər Əliyev Fondunun sosial, mədəniyyət, humanitar və digər sahələrdə həyata keçirdiyi layihə və proqramlar ölkəmizdə təhsilin, səhiyyənin inkişafına, mədəni və tarixi dəyərlərimizin qorunmasına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, müxtəlif xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın, xüsusilə körpə və uşaqların müalicəsinə, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib. Fond tərəfindən yüzlərlə məktəb və uşaq bağçasının inşası və təmiri, uşaq evlərinin yenidən qurulması, irsi və qan xəstəliklərinin qarşısının alınması, autizm və daundan əziyyət çəkən uşaqların müalicəsi ilə bağlı tibbi mərkəzlərin yaradılması həm də Mehriban xanımın vətənpərvərliyinin təcəssümüdür. COVID-19 pandemiyasının tüğyan etdiyi dövrdə və Vətən müharibəsi günlərində də Azərbaycan ictimaiyyəti bir daha Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə Mehriban xanım Əliyevanın vətənpərvərliyinə şahidlik etdi.
Bu gün Heydər Əliyev Fondu həm də Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələr həyata keçirir. Fond tərəfindən Şuşada və işğaldan azad edilmiş digər şəhər və kəndlərimizdə görülən işlər bir daha Mehriban xanımın vətən sevgisini təcəssüm etdirir. Bütövlükdə isə bu layihələr Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda başlatdığı bərpa və quruculuq prosesinə ən böyük ictimai dəstəkdir.
Prezident İlham Əliyev qeyri-adi tarixi nailiyyətlərimizin memarı olaraq, həm də Ulu Öndər Heydər Əliyevin bütün arzularını həyata keçirdi. Ən əsası isə Azərbaycanı Heydər Əliyevin arzuladığı zirvəyə ucaltdı. 

Ağalar VƏLİYEV,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video