07 May 2024 08:20
397
SİYASƏT
A- A+

Müasir dövlətçilik təfəkkürünün mücəssəməsi

 

Hər dəfə Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər saldıqca onun siyasi portretinin üzə çıxan yeni səciyyəvi ştrixləri Ulu Öndərin demokratik hüquqi dövlət quruculuğu sahəsində oynadığı müstəsna rolu daha dolğun və obyektiv şəkildə dəyərləndirməyə imkan verir. Belə ki, Azərbaycanda dövlət və dövlətçilik anlayışlarının əsl mahiyyəti cəmiyyət tərəfindən, ilk növbədə, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dönəmdəki fəaliyyəti sayəsində dərk olunmuşdur.
Ölkə ictimaiyyəti Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü onun əziz xatirəsinə mənəvi hesabat olaraq daha əlamətdar bir dövrdə və böyük ruh yüksəkliyi ilə qarşılayır: bu gün Azərbaycan Respublikası heç bir zaman olmadığı kimi güclü və müstəqildir, onun artıq bütövləşmiş ərazisində xalqın suveren hüquqları etibarlı şəkildə təmin olunur və yüksələn xətlə inkişaf edir.
Heydər Əliyevin dövlətçilik siyasətinin ana xəttini həyatın bütün sahələrini əhatə edən geniş şaxəli fəaliyyət istiqamətlərinə uyğun olaraq milli mənəviyyatın formalaşması, tarixi soy-kökə qayıdış və azərbaycançılıq prinsipləri təşkil etmişdir. Ciddi işgüzar keyfiyyətlər tələb edən fenomenal iş üslubu onun hələ Sovetlər Birliyi dövründən bəri topladığı zəngin idarəçilik təcrübəsinə söykənirdi. 
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birinci dövr - 1969-1982-ci illər müasir Azərbaycanın inkişaf tarixinə əsl dövlətçiliyin, dövlət müstəqilliyinin konturlarının cızıldığı ilk dönüş mərhələsi kimi yazılmışdır. Həmin illərdə müəyyənləşmiş fundamental strateji istiqamətlər sonrakı dövrlərin sosial-iqtisadi inkişafı üçün zəngin baza rolunu oynadı. Ümummilli Lider keçmiş SSRİ miqyasında Azərbaycanı ən geridə qalmış müttəfiq respublikadan mərkəzdən iqtisadi asılılığı olmayan öncüllər sırasına çıxarmağa nail olmuşdu. Ölkəmizdə nəhəng sənaye müəssisələrinin tikilməsi, hərbi məktəblərin açılması, bütün sahələr üzrə yüksəkixtisaslı milli kadrların hazırlanması, respublikanın misli görünməyən iqtisadi dirçəlişı məhz Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycanda o dövrə qədərki vaxtda mövcud olan neqativ meyillərin təhlili, cəmiyyətimizdəki rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması sağlam və mütərəqqi milli təfəkkürün formalaşmasına əvəzsiz töhfə vermiş və ittifaq miqyasında böyük əks-sədaya səbəb olmuşdu. 
Sonrakı mərhələdə SSRİ-nin ali hakimiyyət orqanlarında mühüm siyasi postlarda Siyasi Büronun üzvü və Nazirlər Soveti Sədrinin birinci müavini vəzifələrində çalışdığı zaman Heydər Əliyev Sovet İttifaqı kimi nəhəng bir ölkənin çox mühüm strateji sahələrinə rəhbərlik etmişdi. Buraya sosialist düşərgəsi ölkələri ilə əlaqələr, Yaxın Şərq problemlərinin həlli məsələləri, Uzaq Şərq, Mərkəzi və Cənub-Şərqi Asiya, Latın Amerikası ölkələri ilə qarşılıqlı münasibətlər kimi geniş spektrli problemlərin idarə edilməsi daxil idi. İqtisadiyyatın ən çətin sahələrindən sayılan ağır və yüngül sənaye, dəmir yolu, nəqliyyat, tikinti, habelə səhiyyə, təhsil, gənclərlə işlə bağlı mühüm məsələlərin bilavasitə Heydər Əliyevə həvalə olunması onun heyrətamiz liderlik, idarəçilik, təşkilatçılıq qabiliyyətinə və dövlətçilik təfəkkürünə inamdan irəli gəlirdi. "Heydər Əliyev İli"nin MDB məkanında dövlətlər səviyyəsində böyük təntənə ilə qeyd edilməsi, adının əbədiləşdirilməsi, ötən ay Moskvada Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə XX əsrin ən nəhəng layihəsinin ərsəyə gəlməsində Heydər Əliyevin müstəsna rolunun qeyd olunması, keçmiş sovet xalqlarının Ulu Öndərin xatirəsinə göstərdikləri dərin ehtiramın ifadəsidir. 
Heydər Əliyev hər zaman olduğu kimi, Kremldəki uğurlu fəaliyyəti ilə həm də öz xalqına, amallarına və prinsiplərinə sədaqətini, dünya miqyasında yüksək nüfuzunu qoruyub saxlamağa müvəffəq olmuşdur. O, buradakı yüksək mövqeyindən məharətlə istifadə edərək respublikamızda xalq təsərrüfatının inkişafını təmin etmək üçün Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin mühüm qərarlarının qəbul edilməsinə nail olmuş və Azərbaycanın mərkəzi büdcədən asılılığını minimuma endirərək, demək olar ki, müstəqil fəaliyyətini təmin etmişdir. Yuxarıda göstərilən tarixi reallıqlar Heydər Əliyevin gəldiyi nəticənin də inkarolunmaz həqiqət olduğunu bir daha sübut edir: "Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır". 
Təəssüf ki, Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik etmiş şəxslərin kölə psixologiyası, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş kor-koranə addımları respublikanı getdikcə tənəzzülə doğru apardı. Xüsusilə, Kremlin əlaltısına çevrilmiş və dövlətçilik anlayışından bixəbər Əbdürrəhman Vəzirovun rəhbərliyi dövründə Azərbaycan dərin iqtisadi və siyasi böhrana yuvarlanmışdı. Bu fonda cəmiyyət tərəfindən Heydər Əliyev fenomeni ölkəmizi həmişə daxili və xarici təhdidlərdən mühafizə edə biləcək əsas amil kimi dəyərləndirilirdi. Ona görə də 1987-ci ildə respublikada başlayan və müstəqillik çağırışları ilə müşayiət olunan xalq hərəkatı həm də həmin dövrdə bütün siyasi və inzibati postlardan uzaqlaşdırılmış Heydər Əliyevə qarşı sərgilənən ədalətsiz münasibətə kəskin etirazın təzahürü kimi səciyyəvidir. Bu fonda yaranmış vəziyyəti fürsət bilən ittifaqın ermənipərəst rəhbərləri keçmiş Dağlıq Qarabağda separatçı hərəkətlərə rəvac verdilər. Bu, həm də 1988-ci ildə 300 minədək soydaşımızın Ermənistandan kütləvi deportasiyası ilə nəticələndi. 
Sonrakı hadisələrin gedişi onu deməyə əsas verir ki, məhz bu hadisələr o dövrdə Azərbaycanın milli azadlıq hərəkatına təkan verən əsas amillərdən biri olmuşdur. AXC-Müsavat cütlüyü isə antimilli və xəyanətkar mövqeyi ilə bu hərəkata yamaq kimi qoşularaq hakimiyyəti ələ keçirmək üçün hər cür çirkin oyunlara gedirdi. Çox keçmədi ki, Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi böhran, hakimiyyətdə olan Ayaz Mütəllibovun qorxaqlığı və həmçinin "cəbhəçi"lərin təxribat xarakterli davranışları Sovet qoşunlarının Bakıya yeridilməsi və 1990-cı il qanlı 20 Yanvar faciəsi ilə nəticələndi. Bu hadisəyə ilk olaraq kəskin etirazını bildirən, ən cəsarətli və obyektiv siyasi qiyməti verən də məhz Heydər Əliyev oldu. O, əsl liderə məxsus mövqeyini ortaya qoyaraq həyatı üçün real təhlükələrdən çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəliyindən beynəlxalq aləmə tarixi bəyanat ünvanladı. Bu çıxışdan ruhlanmış Azərbaycan xalqının milli azadlıq hərəkatı daha geniş vüsət aldı. Bu gün Azərbaycan cəmiyyəti birmənalı olaraq o fikirdədir ki, əgər həmin dövrdə Heydər Əliyev Azərbaycanın rəhbərliyində olsaydı, nə Qarabağ işğal olunardı, nə də ki ölkəmiz müstəqilliyinin ilk illərində iqtisadi və siyasi böhran yaşayardı. Təəssüf ki, biz bu tarixi şansdan yararlana bilmədik və onun acı nəticələrini gördük. 
Əslində, o zaman Azərbaycan xalqı öz nicatını məhz Heydər Əliyevdə görürdü. Amma, təəssüf ki, o zaman onun Moskvadan Azərbaycana gəlməsinə həm mərkəzi hakimiyyət, həm də iqtidarda olan milli xəyanətkarlar hər vəchlə mane olurdular. Ona görə 1990-cı ilin iyulunda gizli yollarla Bakıya gələn Heydər Əliyev iki gündən sonra Naxçıvana getdi. Həmin il noyabrın 17-də muxtar respublikanın Ali Məclisinin sədri seçildikdən sonra siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı. Məhz həmin illərdə yaranan ekstremal vəziyyətlərdə Heydər Əliyev əsl dövlət adamı, lider kimi fövqəl-adə keyfiyyətlərini nümayiş etdirdi. O, yüksək səviyyəli dövlətçilik və idarəçilik nümunələri ilə böyük dövlətlərin diqqətini bölgənin problemlərinə cəlb etməyə nail oldu. 
Lakin bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etməyə başladı. İqtidarın və Xalq Cəbhəsinin başı hakimiyyət uğrunda mübarizəyə qarışdığı həmin dövrdə Heydər Əliyev Naxçıvandan Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik edirdi. Ulu Öndərin müdrik, uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı, 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı.
1991-ci ilin avqustunda Moskvada dövlət çevrilişinə cəhddən sonra SSRİ-nin parçalanması prosesi daha da gücləndi. Müttəfiq respublikalar bir-birinin ardınca öz suverenliklərini elan etdilər. Bu proses Azərbaycanda hərbi-siyasi vəziyyətin daha da mürəkkəbləşməsinə yol açdı. Ulu Öndər Naxçıvan əhalisini və potensialını öz ətrafında birləşdirərək dövlətçilik təcrübəsini yenidən ortaya qoydu və Naxçıvana qarşı istiqamətlənmiş erməni təcavüzünün genişlənməsinin qarşısını almağa müvəffəq oldu. Azərbaycan iqtidarının yanlış siyasəti nəticəsində qardaş Türkiyə ilə soyumuş münasibətləri müsbət məcraya yönəltməklə muxtar respublikanı ağır iqtisadi blokadadan çıxarmaq mümkün oldu. Ermənistanın işğalçılıq siyasəti Heydər Əliyevin Naxçıvandan atdığı çevik diplomatik addımlar sayəsində beynəlxalq aləmdə kifayət qədər qınandı və qarşı tərəfi öz davranışlarına məsuliyyətlə yanaşmağa sövq etdi. Bu, Ermənistan-Azərbaycan münaqişəsi tarixində ilk nümunə idi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illəri Heydər Əliyevin timsalında mətanət və siyasi iradənin bənzərsiz nümunələri ilə zəngindir. 1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyini elan etsə də, bu tarixi nailiyyəti itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi. Belə ki, o dövrdə ölkə daxilindəki vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı birbaşa hədəfə almışdı. 
Digər tərəfdən də təcavüzkar Ermənistanın ölkəmizə qarşı torpaq iddiaları ilə müşayiət olunan Dağlıq Qarabağ problemi ağır yük kimi Azərbaycanın başı üzərində dururdu. Hər kəsin var gücü ilə xarici düşmənə qarşı həmrəylik nümayiş etdirməli olduğu belə bir şəraitdə ayrı-ayrı mafioz qruplarda birləşmiş hakimiyyət hərisləri isə özlərinin şəxsi maraqlarına xidmət edən fəaliyyətlə məşğul idilər. Azərbaycanın o dövrdəki hakimiyyətinin dişsizliyi, qorxaqlığı, siyasi səbatsızlığı bir tərəfdən, xəyanətkar AXC-Müsavat cütlüyünün antimilli mövqeyi isə digər tərəfdən vəziyyəti daha da mürəkkəbləşdirmişdi. 1992-ci ilin yaz aylarından başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və Qarabağ savaşında ermənilərin üstünlüyü ələ almasına gətirib çıxardı. Başqa sözlə, AXC-Müsavat cütlüyü Qarabağ kartından istifadə etməklə, daha konkret desək, Şuşa və Laçın rayonlarını xaincəsinə erməni işğalçılarına təslim etməklə Ayaz Mütəllibovu devirərək hakimiyyəti faktiki olaraq zəbt etdi. 
Özünə qarşı təşkil olunan sui-qəsd cəhdlərinə cavab olaraq hər zaman olduğu kimi, cəsarət və siyasi iradə nümunəsi göstərən Ulu Öndərin prinsipial mövqeyi xalq tərəfindən birmənalı şəkildə dəstəkləndi və bu xain cəhdlərin qarşısı qətiyyətlə alındı. Heydər Əliyev isə həmin həyəcanlı günlərdə müdrik mövqe sərgiləyərək öz çıxışlarında ümummilli məqsədlər uğrunda birliyə çağırış edirdi: "Biz çalışmalıyıq ki, hamı bir yumruq kimi birləşsin. Biz həm düşmən təcavüzünün qarşısını almalıyıq, həm də maddi və sosial böhran içərisində yaşayan xalqımızın həyat tərzini yüksəltməyə çalışmalıyıq". 
Zaman keçdikcə Azərbaycanın inkişaf strategiyasının ideoloji sütununa və ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması da həmin dövrə təsadüf edir və bu, Heydər Əliyevin əsl dövlətçilik təfəkkürünün daha bir təntənəsidir. Belə ki, xalqı milli mənafelər üzərindən azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək məqsədilə müxalifət partiyası kimi yaradılmış YAP öz fəaliyyəti ilə siyasi-ideoloji mübarizənin sivil qaydalarla aparmağın doğru yolunu və ölkənin inkişaf konsepsiyasını düzgün müəyyənləşdirə bilən yeganə siyasi təşkilat kimi həyata vəsiqə aldı.
Dövlətçilikdən anlayışı olmayan avantürist Müsavat-AXC tandeminin səbatsız daxili və xarici siyasət kursu Azərbaycanın başına gələn bəlaların əsas səbəbi idi. "Cəbhəçi"lər Heydər Əliyevin 1970-80-ci illər ərzində yaratdığı fundamental nailiyyətləri qısa müddətdə məhv etmişdilər, sərvətlər talan olunaraq işbazlar tərəfindən xaricə satılmışdı. Ümumiyyətlə, səfalət burulğanına sürüklənmiş ölkə kriminal, mafioz qruplar, silahlı birləşmələr tərəfindən idarə olunurdu. 
Qarabağ məsələsi milli maraqlar çərçivəsindən çıxaraq şəxsi mənafe predmetinə çevrilmişdi. Kəlbəcər rayonunun işğalı nəticəsində Dağlıq Qarabağ faktiki olaraq Ermənistanla birləşdi. Beləliklə də, bu hadisələr yarıtmaz fəaliyyəti və davranışları ilə xalq içində tamamilə nüfuzdan düşmüş AXC-Müsavat iqtidarının biabırçı sonunu yaxınlaşdırdı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev AXC-Müsavat cütlüyünün xəyanətkar mahiyyətini bir daha ifşa edərək onu səciyyələndirən məqamlarla bağlı demişdir: "...Xalq Cəbhəsi-Müsavat hakimiyyəti bunun günahkarıdır. Onlar bu xəyanəti törətdilər, ondan sonra da qorxaqcasına qaçıb gizləndilər, fərarilik etdilər, Şuşanı satdılar... Xalq Cəbhəsi - Müsavat ancaq hakimiyyətə gəlmək üçün xəyanət, satqınlıq, cinayət törədib... Sonra da Azərbaycanda talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb. Xalq Cəbhəsi-Müsavat satqınları xalqımızı dünyanın gözü qarşısında rəzil etmişlər, biabır etmişlər".
Rusiya hərbi birləşmələrinin ölkəmizin ərazisindən çıxarılması Moskvanın Bakıya münasibətdə məlum sərt mövqeyinin formalaşmasında öz sözünü dedi: həmin illərdə məhz şimal qonşumuzun himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi. Bundan savayı, Müsavat-AXC cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda "Cənubi Azərbaycan" problemini qabartması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. Qardaş Türkiyə ilə qarşılıqlı münasibətlər inamsızlıqla müşayiət olunmağa başladı. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən "907-ci əlavə"ni qəbul etdi.
Hakimiyyət uğrunda daxili çəkişmələrin kulminasiya nöqtəsi kimi Gəncə şəhərində baş vermiş 1993-cü il 4 iyun hadisələri respublikanı faktiki olaraq real vətəndaş müharibəsinə sürüklədi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalniz Heydər Əliyevin simasinda görürdü. Nəhayət, Ulu Öndərin obyektiv tarixi zərurət kimi 1993-cü ilin iyun ayında ölkə rəhbərliyinə gəlişi Azərbaycanın qurtuluş təqvimi, ölkənin inkişaf strategiyasının dönüş nöqtəsi oldu. Belə ki, sələflərindən çox ağır bir mirası qəbul etməsinə baxmayaraq, Heydər Əliyev Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etməyə nail oldu.
1991-ci ilin oktyabrında Azərbaycan dövlət müstəqilliyini elan etsə də, SSRİ-dən miras qalmış hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi.
Azərbaycanda dövlət orqanlarının fəaliyyətini və dövlətçiliyi bərpa etmək məqsədilə 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərinin nəticələri ölkə Prezidenti seçilən Heydər Əliyevə xalqın dərin etimadının göstəricisinə çevrildi. Ulu Öndər bundan sonra ölkəmizin inkişaf paradiqmasını dövrün xüsusiyyətlərinə və zamanın tələblərinə müvafiq olaraq müəyyənləşdirdi. 1994-cü ilin mayında cəbhədə atəşkəsə nail olduqdan sonra ağıllı neft strategiyasına start verilməsi nəticəsində iqtisadi dirçəliş mümkün oldu. Daxildəki pozucu qüvvələrin neytrallaşdırılması ilə ölkədə sabitlik bərpa olundu. Təsadüfi deyil ki, 1993-cü ildə Ulu Öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir". 
1995-ci ildə Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyanın qəbul olunması ilə ölkənin əsas hüquqi, dünyəvi dövlətçilik modelinin əsas hüquqi bazası formalaşdı. Milli qanunvericiliyimizin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Hakimiyyətin qolları arasında qarşılıqlı əlaqələrin sistemli şəkildə formalaşması nəticəsində bütün istiqamətlərdə çevik və səmərəli fəaliyyət üçün real zəmin yarandı. Bu baxımdan, dünyanın siyasi arenasında müstəqil subyektə çevrilmiş Azərbaycanda milli dövlətçilik ənənəsinin formalaşması, ilk növbədə, Heydər Əliyevin tarixi xidməti kimi dəyərləndirilməlidir. 
Əsrə bərabər cəmi 10 il ərzində müstəqil Azərbaycan Respublikasının sükanı arxasında duran Heydər Əliyevin praqmatik xarici siyasəti nəticəsində dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. Ulu Öndər Qərb demokratiyası ilə Şərq dəyərlərinin bənzərsiz sintezini özündə əks etdirən yeni nəsil müasir dövlət modelini yaratmağa müvəffəq oldu. 
Ona qədər AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində xarici siyasət sahəsində bağışlanılmaz səhvlər edilmişdi. Bu, eyni zamanda meydana gələn yeni müstəqil dövlətlərlə münasibətlərin formalaşmasında özünü büruzə verirdi. Xüsusilə Rusiya Federasiyasınin tarixən Cənubi Qafqazda təsir gücünü nəzərə almayan "cəbhəçilər" şimal qonşumuzla əlaqələrinin sonda bu naşılığın bədəlini Azərbaycan xalqına ödətdirmiş oldular. Məsələyə daha geniş aspektdən yanaşsaq, əmin olarıq ki, belə vəziyyət həm Rusiyada, həm də Azərbaycanda hakimiyyətə gəlmiş rəhbərlərin - SSRİ prezidenti Qorbaçovun bütövlükdə sovet xalqına xəyanətindən, Rusiya prezidenti Yeltsinin dünya siyasətinə yanlış baxışından və Azərbaycan prezidenti Əbülfəz Əliyevin səhv diplomatik addımlarından və qonşuluq münasibətlərinə məsuliyyətsiz yanaşmasından irəli gəlmişdi.
Bu istiqamətdə məsələlərin düzgün istiqamətə yönəldilməsi də məhz Heydər Əliyevin tarixi xidmətidir. Onun təşəbbüsü ilə Cənubi Qafqazda mühüm xarici vektor olan Rusiya amilinin Azərbaycanın xeyrinə işləməsi üçün iki ölkə arasında dostluq münasibətlərinin qurulması istiqamətində mühüm addımlar atıldı, iki ölkə arasında strateji tərəfdaşlığın əsasları qoyuldu. Bu gün ən yeni tariximiz Ulu Öndərin uzaqgörənliyini təsdiq edən nümunələrlə zənginləşməkdə davam edir. Heydər Əliyevin yüksək nüfuzunu dəyərləndirən Vladimir Putinin ali rəhbərliyə gəlişindən sonra - 2000-ci illərin əvvəllərindən başlayaraq ölkələrimiz arasında münasibətlərdə formalaşmağa başlayan əsaslı dönüş cənab İlham Əliyevin prezidentliyi dönəmində - 2022-ci ildə müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə qədər yüksəldi. Burada da dövlət başçılarının birgə müdrik diplomatik gedişləri həlledici rol oynadı. Artıq indi heç kimə sirr deyil ki, Azərbaycanın real müstəqilliyinin təmin edilməsi, ərazi bütövlüyünün və bütün ölkə ərazisində konstitusiya quruluşunun etibarlı şəkildə bərpası digər amillərlə yanaşı, beynəlxalq güclərlə, qonşu dövlətlərlə, o cümlədən dünyanın fövqəldövlətlərindən biri olan və Cənubi Qafqazda ən böyük təsir imkanlarına malik qonşu Rusiya ilə münasibətlərin lazımi istiqamətdə tənzimlənməsi ilə bilavasitə əlaqədardır. Təkcə onu qeyd etmək kifayətdir ki, 44 günlük Vətən müharibəsində və ötən ilin sentyabrında bütün ölkə ərazisində konstitusiya quruluşunun bərpası ilə nəticələnmiş uğurlu antiterror tədbirlərinin keçirilməsində Rusiyanın loyal mövqeyinə nail olunması bənzərsiz diplomatik gedişlərin nəticəsidir. Heydər Əliyevin yeni dövlət müstəqilliyi dövründə bu istiqamətdə göstərdiyi səylər bu gün təkcə Rusiya ilə deyil, həmçinin Müstəqil Dövlətlər Birliyinə (MDB) və Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan digər ölkələrlə münasibətlərin istiqamətini müəyyənləşdirən möhkəm siyasi təməl rolunu oynayır.
Beləliklə, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi ciddi uğurlar, sürətli iqtisadi inkişaf yolu ilə bölgədəki stabil lider mövqeyi məhz Ulu Öndərin müəyyən etdiyi dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi ilə bilavasitə bağlıdır. Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında deyilir: "Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir... Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir". 
Qarabağı düşmən tapdağından azad etməklə Ulu Öndər Heydər Əliyevin ən ümdə vəsiyyətinə əməl edən dövlət başçımızın diplomatik səyləri nəticəsində ölkəmizin paytaxtı dünyanı təhdid edən ən ciddi problemlərin çözüldüyü beynəlxalq platformaya çevrilib. Mayın 1-dən 3-dək Bakıda təşkil edilmiş VI Ümumdünya Mədəniyyətlər-arası Dialoq Forumunun yekunu və bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi barədə qəbul olunmuş yekdil qərar Azərbaycana beynəlxalq səviyyədə növbəti dəfə böyük etimadın və hörmətin göstəricisidir.

Əli HÜSEYNLİ, 
Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video