Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağsulu gənclər vətənə xidmət etməyi özlərinə şərəf bilirlər

14 Yanvar 2018
 

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların müddətli hərbi xidmətə çağırılması haqqında fərmanının tələblərinə uyğun olaraq Ağsu rayonunda da geniş işlər aparılmaqdadır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi mayor Nizami Heybətov bildirdi ki, hərbi xıdmətdən yayınma halları yoxdur.

Çağırışçıların hərbi xidmətə yola salınması isə, bir qayda olaraq, təntənəli şəkildə təşkil olunur. Tədbirlərdə rayon rəhbərliyi, ictimaiyyətin nüfuzlu nümayəndələri yaxından iştirak edirlər. Ağsaqqallar Şurasının, Qarabağ müharibəsi və veteranları təşkilatları rayon şöbələrinin də belə tədbirlərdə iştirak edərək xeyir-dua vermələri çağırışçılarda xoş ovqat yaradır: “2017-ci ildə də rayon ərazisində yaşayan və qeydiyyatda olan, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslər və Milli qəhrəmanlar unudulmayıb. Həmçinin Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər, müharibə veteranları, onların ailə üzvləri diqqətdə saxlanılır, lazımi kömək göstərilir. Bundan başqa, Ağsudan  şəhid olan və itkin düşənlər daim xatırlanır. Bu qəbildən olanların doğulduqları, şəhid olduqları və ya itkin düşdükləri gün ailələrinə baş çəkilir. Göstərilən diqqət isə, sözsüz ki, belə ailələr üçün böyük əhəmiyyətə malikdir”.

Vətəni üçün canını-qanını əsirgəməyən soydaaşlarımızla bağlı dövlətin göstərdiyi diqqət və qayğı barədə vətəndaşlara məlumatlar verilir. Hesab olunur ki, belə tədbirlərin davamlı xarakter alması gənclərin vətənpərvərlik ruhunda böyümələrinə təsir edir və  qəhrəmanların şərəfli döyüş yolu onlara canlı nümunə olur.

Ötən ay Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əliyev Yusif Əlyusif oğlunun doğum günü münasibətilə dəfn olunduğu Rəhimli kəndində geniş  tədbir keçirilib. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, eləcə də ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər. Milli Qəhrəmanın məzarı ziyarət edilib, onun qəhrəmanlıq dolu döyüş yolu haqqında ətraflı danışılıb.

2016-cı ilin aprel döyüşləri zamanı mina partlaması nəticəsində şəhid olmuş Bico kənd sakini Fərəczadə Toğrul Habil oğlunun doğum günü onun təhsil  aldığı məktəbdə qeyd edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəhbərliyi və zabit heyətinin iştirakı ilə şəhidin məzarı ziyarət edilərək üstünə əklil qoyulub.

Həmin tədbirlərdə edilən çıxışlar, səslənən şeirlər, göstərilən ədəbi-bədii kompozisiyalar gənclərdə vətənpərvərlik hissinin artırılmasına ciddi təsir göstərir. Ən vacibi isə, gənclər bir daha vətənə xidmət etməyin şərəfini daha yaxşı  dərk etmək imkanı qazanırlar.

 

Əli SƏLİMOV,

“Azərbaycan”