Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Musiqi tariximizdə misilsiz xidmətləri olan sənətkar

12 Yanvar 2018
 

Hələ uşaq ikən Bülbülü xanəndə, vokal ifaçısı kimi tanıyırdım. Onun Azərbaycan mədəniyyəti, musiqi tarixi üçün etdiyi fədakarlıqları yalnız muzeylə tanış olduqdan sonra öyrəndim. 

Bülbülü onun çox sevdiyi həyat yoldaşı, irsinin təbliğatçısı, uzun illər Bülbülün Memorial Muzeyinə rəhbərlik edən Adilə xanım Məmmədovadan öyrənmişəm. Bütün uğurlarında dahi Bülbülün yanında olan, xatirəsinin əbədiləşdirilməsi üçün yaşadığı evi göz bəbəyi kimi qoruyub saxlayan Adilə xanımdan Bülbülü dinləmək hər insana qismət olmayıb.
Ötən il Prezident İlham Əliyevin 11 may 2017-ci il tarixli sərəncamına əsasən dahi sənətkarın 120 illik yubileyi keçirildi.
Bülbül 1897-ci il iyun ayının 22-də Azərbaycanın musiqi beşiyi Şuşada göz açmışdır. Aydın bir gecədə anadan olduğundan anası ona Aydınlıq adı vermək istəsə də, atası bir neçə il sonra səsi ilə dünyaya əks-səda salacaq bu balaca oğlanı Murtuza adlandırır. Lakin məsələ bundadır ki, ona əsl adı xalq verir. Elə bu adla da xalq tərəfindən sevilir. Hələ 8 yaşında ikən onu Bülbül adlandırırlar. Məşhur Şuşa xanəndələri ilə ünsiyyətdə olan, Azərbaycan musiqisini dərindən öyrənən Bülbül tezliklə Cənubi Qafqaz və Orta Asiyanın məşhur xanəndəsinə çevrilir. Onun məşhurluq dövrü 1909-cu ildə Gəncəyə köçdükdən sonra, Şamaxı mehmanxanasındakı çıxışından başlayır.
1921-ci ildə konservatoriyanın vokal sinfinə daxil olur. Burada vokal üzrə təhsil alan ilk azərbaycanlı tələbə idi. Təhsilini başa vurduqdan sonra onun uğurlarını görən hökumət Bülbülü İtaliyanın Milan şəhərinə, təhsilini təkmilləşdirməyə göndərir.
1927-1931-ci illər Bülbül üçün kəşflərlə dolu olur. O, Milanda dövrünün məşhur musiqiçilərindən təhsil alır, saatlarla arxivlərdə çalışır, italyan tədris metodikasını dərindən mənimsəyir. Dörd illik təhsildən sonra orada qalıb işləmək təklifləri gəlsə də, o, bu təklifləri qəbul etmir, vətəninə qayıdır.
1931-ci ildə İtaliyanın məşhur musiqi jurnalı “Arte Nostra” Bülbülün şəklini və “Bulbul dell` Azerbedgian” adlı məqalə çap edir. Məqalədə deyilirdi: “Bülbül müsəlman aləmindən İtaliyaya gəlmiş ilk azərbaycanlı vokalçıdır. O, spesifik Şərq oxuma üslubundan Avropa oxuma məktəbinə keçmişdir. Maestro Rafaelle Qrani Bülbülün italyan oxuma məktəbini, tədris üsuluna mükəmməl yiyələndiyini etiraf etdikdən sonra o, Avropada topladığı bilikləri xalqına çatdırmaq, öz arzusunu - iki məktəbin sintezini həyata keçirmək üçün vətənə tələsir. Belə sintezin gözəl sübutu Bülbülün yaradıcılığıdır”.
Təhsil aldığı müddətdə dövrünün tanınmış musiqiçilərindən - Cüzeppe Anselmi, Delli Ponti və Rafaelle Qranidən dərs alan korifey sənətkar Bülbül xatirələrində yazır ki, bir gün maestro Anselmi ondan muğam oxumasını xahiş edir. Üçüncü oktavada si və do notlarını götürən, Bülbül C.Anselmini çox təəccübləndirir. C.Anselmi Bülbülə deyir: “Siz bu cür oxuma tərzini, məktəbi atıb adi tenor olmaq istəyirsiniz? Bu sənətlə siz bütün dünyanı gəzib uğurlar qazana və milyonçu ola bilərsiniz”. Bülbül cavab verir: “Maestro, mən sənətimi atmaq istəmirəm. İstəyirəm ki, mənim xalqım bu gün muğam oxuduğunda sabah “Toska”, “Karmen” oxumağı bacarsınlar. Mən iki məktəbin sintezini həyata keçirmək istəyirəm”.
1931-ci ildə Bülbülün İtaliyadan qayıtmasından sonra Azərbaycan musiqi sənətinin inkişaf tarixində yeni mərhələ başlanır.
Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, bəstəkar Fikrət Əmirovun dünyanı zəfər yürüşü ilə keçən “Şur” və “Kürd ovşarı” simfonik muğamları Bülbülün təşəbbüsü və bilavasitə iştirakı ilə məhz onun evində yaranmışdır. “Kürd ovşarı” partiturası üzərində Fikrət Əmirov öz təşəkkürünü bu cür ifadə edir: “İri simfonik əsərlərin yeni forması olan iri simfonik muğamların yaranmasında mən Sizə borcluyam, əziz Bülbül”.
1932-ci ildə Bülbül Cənubi Qafqazda ilk Elmi-Tədqiqat Musiqi Kabinetini yaradır. Bu kabineti yaratmaqda məqsədi Azərbaycanın ayrı-ayrı bölgələrində yaddaşlarda yaşadılan xalq mahnılarını toplamaq və notlara köçürmək idi.
Bülbül Musiqi Kabineti ilə əməkdaşlığa bəstəkar Ü.Hacıbəylini, S.Rüstəmovu, Ə.Bədəlbəylini, Niyazini, Z.Stelniki, daha sonra tələbələrdən T.Quliyevi, Z.Bağırovu, Ərtoğrol Cavidi, M.İsmayılovu, Q.Qarayevi, C.Hacıyevi, F.Əmirovu dəvət edir. Bu da Azərbaycan musiqi irsinin öyrənilməsində, yayılmasında, bəstəkar və musiqişünasların yetişməsində böyük rol oynayır.
Bülbül aşıq yaradıcılığına da böyük sevgi ilə yanaşırdı. O, aşıq yaradıcılığı nümunələrini toplamaq üçün respublikanın müxtəlif rayonlarına xüsusi ekspedisiyalar təşkil edirdi. Onun təşəbbüsü ilə 25 aşığın iştirakı ilə müşavirə keçirilib, şifahi xalq yaradıcılığı materiallarının toplanması üçün briqada yaradılıb, 250 çap vərəqindən artıq dastan, nağıl, qoşma və aşıq musiqisi nümunələri yazılıb.
1933-cü ildə Bülbül pianoçuların, skripkaçıların, violonçel çalanların və vokalçıların Birinci Ümumittifaq Moskva Müsabiqəsində iştirak edir. O, Vokalçıların Birinci Ümumittifaq Moskva müsabiqəsində ilk azərbaycanlı laureat olub.
Opera studiyasının, səsyazma kabinetinin, not nəşriyyatının yaradılmasının, parlaq istedadların aşkara çıxarılması üçün Azərbaycanda I Musiqi Olimpiadasının çağırılmasının, musiqişünaslığa vahid rəhbərliyi təmin etmək məqsədilə SSRİ-nin ən məşhur musiqişünaslarının geniş müşavirəsinin keçirilməsinin təşəbbüsçüsü və təşkilatçısı olan Bülbül yalnız xalq deyil, həmçinin öz həmkarları, bəstəkar dostları tərəfindən də sevilir və rəğbətlə qarşılanırdı.
Muzeyin fondunda qorunub saxlanılan materiallara nəzər salarkən orada bir-birindən dəyərli sənədlərlə qarşılaşırsan. Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, bəstəkar Qara Qarayev yazırdı: “Elmi-Tədqiqat Musiqi Kabinetinin rəhbəri Bülbül məni xalq musiqisi üzərində işləməyə cəlb etdi. Mən aşıq yaradıcılığının, xalq mahnı və rəqslərinin yazılışını aparır, xalq mahnılarını işləyirdim. Beləliklə, mən xalq musiqisinə yaxınlaşdım və xalq yaradıcılığının zənginliyinə valeh oldum. Mən elmi ekspedisiya ilə Nuxa rayonunda oldum. Bu səfərin nəticələri gözəl idi, eşitdiyim bir xalq melodiyası isə ilk simfonik əsərim olan “Ürək mahnısı”nın əsasını təşkil etdi”.
SSRİ xalq artisti, maestro Niyazi Şalyapini rus, Bülbülü isə Azərbaycan operasının novatoru adlandırırdı. Onlar bir çox opera tamaşaları üzərində bərabər işləyir, konsertlərdə çıxış edirdilər. Maestro Niyazi xatirələrində qeyd edir: “Biz Bülbüllə tez-tez qastrollara çıxırdıq. Hər yerdə gözəl qarşılanma, dolu salonlar, alqışlar bizi gözləyirdi. Bülbülün melodiyanı, hər musiqi ifadəsini cilalamaq bacarığı məni heyrətə gətirirdi. Yeni əsərin hər notunu cana hopduraraq, Bülbül sanki o musiqinin bəstələnmə prosesini canlandırırdı”.
Ecazkar səs sahibi olan Bülbül bu gün aramızda olmasa da, onun zəngin irsi yaşayır. Onun yüksəlişlərlə dolu həyatına hər zaman qiymət verilib - xatirəsi əbədiləşdirilib.
Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1976-cı ilin iyun ayında Bakı şəhərində Bülbülün Memorial Muzeyi yaradılıb. 1982-ci il iyun ayının 10-da muzeyin təntənəli açılışı olub. Uzun illər Bülbülün xanımı, onun zəngin irsinin əvəzsiz tədqiqatçısı Adilə xanım Məmmədova muzeyə rəhbərlik edib. Təkcə onu deyək ki, sədaqətli ömür-gün dostu Adilə xanımın fədakar səyləri nəticəsində bu gün muzeydə 9000-ə yaxın eksponat qorunub saxlanılır.
Adilə xanımın sevgi və qayğıyla qoruyub saxladığı, həyatının ən gözəl günlərini yaşadığı ev bu gün də muzeyə gələn qonaqları heyrətə gətirir. Qorunub saxlanılan hər bir əşyada Adilə xanımın Bülbülə olan sevgisi duyulur. Muzeyin arxiv materialları zəngin xəzinədir. Arxivdə işlədikcə Bülbülün Azərbaycan mədəniyyəti üçün fədakar təşəbbüslərinin bir daha şahidi oluruq.

Fərqanə CABBAROVA,
Bülbülün Memorial Muzeyinin direktoru