Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda törətdiyi cinayətdən yayınmaq üçün müqabil ölkəyə keçməyə cəhd edən şəxs saxlanılıb

11 Yanvar 2018
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Azərbaycan Respublikası ərazisində törətdikləri cinayət əməlindən yayınmaq məqsədilə qeyri-qanuni yollarla dövlət sərhədini pozaraq müqabil ölkə ərazisinə keçməyə cəhd edən şəxslərin aşkarlanması və saxlanılması istiqamətində tədbirlər keçiriblər.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 4-də Azərbaycan Respublikası vətəndaşları 1983-cü il təvəllüdlü Xasməmmədov Sənan Səməd oğlu və 1981-ci il təvəllüdlü Xasməmmədov Elvin Azər oğlu Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən saxlanılıblar.

Aparılmış araşdırmalar nəticəsində hər iki şəxsin müxtəlif banklara borclu olduqlarına görə məhkəmə qərarı ilə ölkədən çıxışlarının məhdudlaşdırılması və bu səbəbdən onların ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərmələri məlum olub.

Yanvarın 8-də Azərbaycan Respublikası vətəndaşı, 1985-ci il təvəllüdlü Orucov Xəqani Soltan oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən saxlanılıb.

Aparılmış ilkin araşdırma nəticəsində onun törətdiyi cinayət əməlinə görə axtarışda olması müəyyənləşdirilib.

Hazırda həmin faktlar üzrə cinayət işi başlanılıb, müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.