Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan dünya çempionatında 11 şahmatçı ilə təmsil olunur

26 Dekabr 2017
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda başlayan şahmat və blits üzrə dünya çempionatlarında 55 ölkədən 200 şahmatçı iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan yarışlarda 11 idmançı (6 kişi və 5 qadın) ilə təmsil olunur. Kişilərin çempionatında qrossmeysterlər Şəhriyar Məmmədov, Qadir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli, Arkadi Naydiç və Rəsul İbrahimov iştirak edəcək. Qadın çempionatında ölkəmizin idman şərəfini beynəlxalq usta Gülnar Məmmədova, qrossmeysterlər Zeynəb və Türkan Məmmədyarovalar, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva qoruyacaq.

Çempionatların təşkilatçılarının nümayəndələri təbrik nitqlərində bildirmişlər ki, Səudiyyə Ərəbistanında idman sahəsində yeni dövr başlayır. FİDE-nin vitse-prezidenti Georgios Makropulos təşkilatın “Biz bir ailəyik” devizini xatırlatmışdır. O, həmçinin əmin olduğunu bildirmişdir ki, bu çempionatlar böyük uğur qazanacaq.

Kişilərin turnirində rapid üzrə start siyahısına norveçli Maqnus Karlsen (2908) , qadınlar üzrə isə rusiyalı Yekaterina Laqno (2590) başçılıq edir. Bu gün sürətli şahmat yarışları üzrə 1-5-ci turlar oynanılacaq.

Turnirin mükafat fondu 2 milyon dollardır. Bu məbləğin 1,25 milyon dolları kişi, 750 min dolları qadın şahmatçıların yarışına aiddir. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun adını daşıyan dünya çempionatında rapid üzrə yarışlar dekabrın 26-dan 28-dək və on beş turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçiriləcək. Blits üzrə çempionat dekabrın 29-30-da keçiriləcək və 11 qoşa turdan ibarət olacaq.