Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Gimnastika Federasiyasının VIII ümumi yığıncağı keçirilib

26 Dekabr 2017
Dekabrın 26-da Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) VIII ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə federasiyanın vitse-prezidenti Altay Həsənov 2002-ci ildən fəaliyyətə başlayan AGF-in 15 illik yubileyinə dair hesabat məruzəsi ilə çıxış edib.

Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışan vitse-prezident 15 il ərzində gimnastlarımızın beynəlxalq arenada qazandıqları nailiyyətləri və Azərbaycanda gimnastika növləri üzrə irimiqyaslı yarışların yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Bu ilin mayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında gimnastlarımızın çıxışını yüksək qiymətləndirən Altay Həsənov gimnastikanın altı növünün ölkəmizdə inkişaf etdiyini vurğulayıb.

Altay Həsənov vurğulayıb ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva idmanın bu növünün inkişafını həmişə diqqət mərkəzində saxlayır. Gimnastika üzrə əldə olunan nailiyyətlərdə AGF rəhbərliyinin xidmətləri əvəzolunmazdır. Vitse-prezident AGF-in baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsinin bu sahədə qazanılan nailiyyətlərin tərkib hissəsi olduğunu qeyd edib.

Sonra gimnastika sahəsində nailiyyətlərinə və xidmətlərinə görə fərqlənən idman gimnastı Murad Ağarzayevə, kişi idman gimnastikası üzrə baş məşqçi Rza Əliyevə və qadın idman gimnastikası üzrə baş məşqçi Nina Pravdinaya AGF-in İcraiyyə Komitəsinin qərarına əsasən, bürünc xatirə medalları təqdim olunub.

Federasiyanın maliyyə direktoru Validə Məmmədovaya isə qızıl xatirə medalı verilib.

Mükafatlandırma mərasimindən sonra gimnastika növləri üzrə yığma komandaların üzvlərinin yeni geyim dəstlərini xüsusi dizayn etmiş Mənzər Hacıyeva həmin geyim dəstləri ilə bağlı təqdimatla çıxış edib.

AGF-in İntizam Komitəsinin üzvü Elşad Nərimanov çıxışında Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın gimnastlara daim yüksək diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. O, idmanın bu növünün ölkəmizdə inkişafı və kütləviləşməsi istiqamətində Mehriban xanım Əliyevanın gördüyü işləri yüksək qiymətləndirib və Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında gimnastların da özünəməxsus yeri olduğunu deyib.

Sonra federasiyanın İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev görülən işlər, əldə olunan nailiyyətlər və perspektivli planlar barədə məlumat verib.

Tədbir müzakirələrlə davam edib.