Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

14 Dekabr 2017
Dekabrın 14-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hadi Rəcəbli sənədə təklif olunan dəyişiklik barədə məlumat verib. Bildirib ki, layihəyə əsasən Azərbaycanda elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün edilən müraciətə ən geci 3 saat müddətində baxılacaq. O qeyd edib ki, hazırda Qanunun 7-1-ci (Turizm vizası) maddəsinin 7-1.16-cı bəndinə əsasən, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.