Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin iclasında 2018-ci ilin dövlət büdcəsi təsdiqlənib

01 Dekabr 2017
Dekabrın 1-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirildi.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə sənəd haqqında məlumat vermək üçün hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə söz verib. Komitə sədri bildirib ki, Qanuna təklif olunan dəyişikliklər normativ hüquqi aktların hazırlanmasında səmərəliliyin artırılması, vaxt itkisinə yol verilməməsi və çevikliyin təmin edilməsi məqsədilə təklif olunur. Deputatlar layihəni səsə qoyaraq təsdiqləyiblər.

Sonra “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ikinci oxunuşdan sonra layihə üzərində aparılmış işlər barədə məlumat verib. Bildirib ki, bu qanun ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Çıxış edən deputatlar qanun layihəsini yüksək qiymətləndiriblər. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin təqdimatlarından sonra deputatlar “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında” Birgə Bəyannaməni, 2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında” Protokolu, 1999-cu il 28 sentyabr tarixində Vaşinqton şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş”in növbəti yeddi il müddətinə uzadılması barədə Sazişi, “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutunun təsis edilməsi haqqında”, həmçinin “Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”nə qoşulmaq haqqında qanun layihələrini təsdiqləyiblər.

Sonra beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələbindən azad olunması haqqında” Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi arasında” Notalar Mübadiləsini və “Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişi, həmçinin “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında” Birgə Bəyannaməni təqdim edib. Bildirilib ki, bu beynəlxalq sənədlər ölkəmizin xarici əlaqələrinin daha da inkişafına xidmət edir. Sonra hər üç sənəd səsə qoyularaq təsdiqlənib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri və onların aparatlarının işçilərinin xarici ölkədə aldığı əməkhaqqı gəlir vergisindən azad olunacaq.

“Dövlət borcu haqqında” Qanuna təklif olunan dəyişiklik isə uyğunlaşdırma xarakteri daşıyır. Hər iki sənədə təklif olunan dəyişiklik təsdiqləndikdən sonra deputatlar İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında məsələni müzakirə ediblər. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu məsələ “Kütləvi informasiya vasitələri haqqında” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlərlə birlikdə daxil olub və bir-biri ilə sıx bağlıdır. Belə ki, göstərilən iki qanunda nəzərdə tutulmuş internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının pozulmasına, həmçinin yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulur. Bu iki qanun layihəsinə təklif olunan dəyişikliklər barədə danışan mədəniyyət komitəsinin sədri Rafael Hüseynov da dəyişiklikləri yüksək qiymətləndirib.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

İclasda İnzibati Xətalar və Miqrasiya məcəllələrinə də müvafiq dəyişikliklər edilib.

Deputatlar “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsini də birinci oxunuşda müzakirə ediblər.

Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun 1991-ci ildə qəbul olunub və hazırda qüvvədədir. Birinci oxunuşda müzakirəyə təqdim olunan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsinin qəbul olunması zərurəti isə ölkəmizdə keçirilmiş sonuncu referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərdən sonra yaranıb. Yeni qanun silahlı qüvvələrimizin hüquqi bazasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanun layihəsi hazırlanarkən Konstitusiyamız, Hərbi Doktrina və Milli Təhlükəsizlik Konsepsiyası əsas götürülüb. Bu yeni qanun qüvvəyə mindiyi gündən əvvəlki qanun qüvvədən düşəcək.

Çıxış edən deputatlar qanun layihəsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar. Sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Fasilədən sonra “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, büdcə layihəsi parlamentin plenar iclasında üç gün müzakirə olunduqdan sonra səsləndirilən təkliflərə baxılması üçün hökumətə 10 gün vaxt verilmişdi. Bu gün büdcə layihəsi yenidən müzakirəyə təqdim olunur.

Sonra çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Prezidentin tövsiyəsinə əsasən, gələn il üçün Azərbaycanda ehtiyac meyarı 14 manat və ya 12 faiz artırılaraq 130 manata çatdırılır.

2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputatların səsləndirdiyi təkliflər hökumət tərəfindən ilkin təhlil edilib. Təkliflərə uyğun olaraq bəzi tədbirlər üzrə xərclər üçün tələb olunan maliyyə təminatını yaratmaq məsələsi nəzərdən keçirilib və bəzi istiqamətlər üzrə xərclər artırılıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə eşitmə və ürək qüsurlu uşaqların müalicəsi üçün 4 milyon manat vəsait ayrılacaq. Bu məsələlər Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyinin birgə iştirakı ilə dəqiqləşdiriləcək. Növbəti ildən dövlət büdcəsi hesabına eşitmə və ürək qüsurlu uşaqlar müalicə ediləcək.

2018-ci ilin dövlət büdcəsinin layihəsində siyasi partiyalar üçün nəzərdə tutulan maliyyə yardımının məbləğinin 20 faiz, yəni, 500 min manat artırılaraq 3,1 milyon manata, qeyri-hökumət təşkilatlarına nəzərdə tutulan maliyyə yardımının məbləğinin 600 min manat və yaxud 2017-ci illə müqayisədə 12,1 faiz artırılaraq 5,6 milyon manata çatdırılması təmin olunacaq.

Qeyd olunub ki, bir sıra təşkilatların büdcələri üzrə xərclərin artırılması üçün, o cümlədən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərin aylıq vəzifə maaşlarına Prezident əlavəsinin tətbiqi ilə əlaqədar, Energetika Nazirliyinin və Polşada açılacaq ticarət nümayəndəliyinin bəzi xərclərinin tənzimlənməsi üçün əlavə vəsait ayrılacaq.

Təhsil bölməsində Təhsil Nazirliyinin sair xərclər maddəsində nəzərdə tutulmuş vəsaitin 46 milyon manatının təyinatı dəyişdirilərək tələbələrə verilən təqaüdlər xərc maddəsinə yönəldiləcək. Beləliklə, 2018-ci il üçün həmin maddə üçün xərclər 70 milyon manata çatdırılacaq ki, bu da cari il ilə müqayisədə 11,3 milyon manat və ya 19,3 faiz çoxdur. Hesab edirik ki, bu da 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı təqaüdlərlə bağlı yaranmış anlaşılmazlıqları tam aradan qaldırır.

Ediləcək dəyişikliklər nəticəsində dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 141,3 milyon manat artırılaraq 21 milyard 47 milyon manata çatdırılacaq. Bununla əlaqədar dövlət büdcəsinin kəsiri 141,3 milyon manat artırılır və 920 milyon manata çatdırılır. Bu da cari illə müqayisədə 255 milyon manat azdır.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında”, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası haqqında qanun layihələri səsə qoyularaq qəbul edilib.

Sonra deputatlar “Pasportlar haqqında” , “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Dövlət rüsumu haqqında” qanun layihələrinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikləri müzakirə ediblər. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dörd qanuna təklif olunan dəyişikliklər bir zərfdə daxil olub. Dəyişikliyə görə, Azərbaycan vətəndaşlarına verilmiş ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsi zamanı rüsumlar ümumi qaydadan yüksək olacaq. Bu dəyişikliklər də səsə qoyularaq təsdiqlənib.

İclasın sonunda deputatlar Cinayət Prosessual və Cəzaların İcrası məcəllələrinə də dəyişikliklər ediblər. Bildirilib ki, bu dəyişikliklər Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası ilə əlaqədardır.

Çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Elmira Axundova, Qüdrət Həsənquliyev, Zahid Oruc, Bəxtiyar Əliyev, Vüsal Hüseynov, Səməd Seyidov, Siyavuş Novruzov, Elşən Musayev, Çingiz Qənizadə və Rüfət Quliyev təklif olunan dəyişiklikləri Azərbaycanda humanist dövlət siyasətinin təzahürü kimi qiymətləndiriblər. Müzakirələrdən sonra hər iki məcəlləyə təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.