Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hədəflər bəllidir

15 Noyabr 2017
 

Ölkənin bütün regionlarında, o cümlədən ən ucqar kənddə belə, inkişaf hiss olunur. Xüsusən infrastruktur layihələrinin  icrası bölgələrin simasını büsbütün dəyişib.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində Oğuz rayonunda da çoxsaylı  tədbirlər həyata keçirilib. Bu proqramda Oğuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı 13 maddə var.

 

Bu il rayonda 41,8 min tondan çox taxıl istehsal olunub

 

Cari ilin məhsulu üçün 17 min 293 hektar sahədə payızlıq və yazlıq dən, eləcə də dənli paxlalılar yetişdirilib. Payızlıq taxıl sahələrinin hər hektarından 24,4 sentner olmaqla 41 min 824 ton buğda və arpa,   169 hektardan 827 ton dən qarğıdalı biçilib. Sahələrdən həmçinin 3489 ton kartof, 2907 ton tərəvəz, 71 ton bostan, 2932 ton meyvə, 117 ton tütün, 110 ton üzüm yığılıb, 2 hektarda təkrar əkin aparılıb. Gələn ilin taxıl məhsulu üçün isə 4715 hektarda şum çıxarılıb və 3300 ton toxum fondu ayrılıb.

 

Kəndlərin işıq və təbii qaz problemləri həll olunur

 

Cari ilin ötən dövrü ərzində Bayan, Qumlaq, Şirvanlı, Tayıflı və Hallavar kəndlərində 10 və 0,4 kilovoltluq şəbəkələrin yenidən qurulması işləri başa çatıb. Oğuz şəhəri, Xalxal, Xalxalqışlaq, Ərmənət, Filfili, Xaçmaz, Bucaq, Calut, Muxas, Baş Daşağıl kəndlərində xətlərin yenidən qurulması davam edir. Bundan əlavə, müasir tipli 5 transformator qurulub, 35 yeni dayaq quraşdırılıb, 35-10 kilovoltluq Oğuz şəhər yarımstansiyasının tikintisində isə işlər sürətlə gedir.

Xaçmazqışlaq kəndinə  qaz xətti  çəkilib. Əhalinin təbii qaza olan tələbatını ödəmək üçün Qarabulaq, Yaqublu və  Tərkeş kəndlərinin hər birində yeni qaz tənzimləyicisi quraşdırılıb, yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi üçün Oğuzçay, Daşağılçay, Qalaçay, Xalxalçay və Türyançay sistemlərində çay məcrası təmizlənib. Daşağıl çay sisteminin sol sahilində isə Baş Daşağıl kəndinin cənub hissəsində yerləşən yaşayış məntəqəsinin sel sularından mühafizəsi məqsədilə 400 kubmetr daş-beton bəndi quraşdırılıb.

Hazırda Oğuz şəhərində iki körpələr evi-uşaq bağçası tikilir, Padar kənd tam orta məktəbində əsaslı təmir və bərpa işləri aparılır. Yemişanlı, Xalxalqışlaq və Qarabaldır kəndlərində modul tipli məktəblər istifadəyə verilib. Bundan başqa,  Oğuzçay çayı üzərindəki piyada keçidi körpüsündə, Bayraq meydanında, olimpiya idman kompleksinin ətrafında,  Heydər Əliyev parkında, yeni istirahət parkında və bir çox küçələrdə təmir və abadlıq işləri görülüb.

 

Əli SƏLİMOV,

“Azərbaycan”