Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şərəfli və tarixi missiya

14 Noyabr 2017
 

YAP dünənki şanlı Qurtuluşun, bugünkü sürətli inkişafın və sabahkı möhtəşəm tarixin siyasi istinadgahıdır

 

Tarixin inkaredilməz həqiqətidir: hər bir xalq təkmil dövlət quruculuğu prosesində hökmən güclü liderə, sağlam ideoloji təmələ və mütləq əksəriyyəti sıralarında birləşdirən siyasi istinadgaha əsaslanır.
Müstəqillyinin 26-cı ildönümünü qeyd etdiyimiz Azərbaycanın keşməkeşli tarixinə, xüsusən də istiqlal salnaməsinin ilk dövrlərinə nəzər salarkən bu üç amil özünü tam doğruldur.
Bəli, müstəqil Azərbaycan məhz güclü liderin - Heydər Əliyevin şah əsəridir. Sağlam ideoloji təməl - Heydər Əliyev kursu Azərbaycanın xaosdan Qurtuluşa keçidinin, həmçinin qüdrətli dövlət və sürətli inkişaf konsepsiyasının əsas qayəsidir. Bu tarixi mərhələdə xalqı dövlətçilik məramında birləşdirən, vətəndaşları ali məqsədlər ətrafında səfərbər edən siyasi istinadgah isə əlbəttə ki, Yeni Azərbaycan Partiyasıdır.

 

YAP-ın yaranması Azərbaycan dövlətçiliyinin xilas günü, Qurtuluşun başlanğıc məqamıdır

 

25-ci ildönümünü böyük qürur hissi ilə qeyd etdiyimiz YAP dahi Heydər Əliyevin əmanəti, siyasi "şah əsəri"dir. YAP həm də Azərbaycanın istiqlal tarixinin, Qurtuluş salnaməsinin, davamlı inkişaf xəttinin əsas aparıcı qüvvəsi, ideoloji flaqmanı, siyasi bayraqdarıdır.
Dövlətinə, millətinə şərəflə xidmət edən iqtidarımızın, partiyamızın fəaliyyəti Azərbaycanın yüksəliş mərhələsinin əsas istinad mənbəyidir və bu danılmaz həqiqət hər birimizdə iftixar hissi doğurur.
Bu siyasi platformada - YAP sıralarında indi 700 mindən artıq vətəndaşımız birləşib. YAP-ın üzvü olmaq böyük şərəfdir, yüksək etimaddır. YAP üzvü olmaq yüz minlərlə insanı birləşdirən, qürurlandıran ən böyük dəyərdir. Bizi dosta, siyasi həmfikirə, Heydər Əliyev irsinin sədaqətli əsgərinə çevirən vacib amildir.
YAP öz fəaliyyəti müddətində heç vaxt siyasi partiya statusu ilə kifayətlənmədi, o, hər zaman - 25 il öncə də, indi də ümumxalq hərəkatı kimi təşəkkül tapdı.
Yeni Azərbaycan Partiyasının yaranması elə bir tarixi dövrə təsadüf edirdi ki, artıq dövlətçiliyimiz itirilmək mərhələsində idi, xalqımızın isə bütün ümidləri tükənmişdi. Xatırlayaq o dövrləri: 1992-ci ilin narahat iyun ayı, təhlükəli iyulu, milli hiddətin zirvəsini yaşayan avqustu, xalqın inamla çıxış yolu aradığı sentyabr ayı, yüzminlərlə insanın özünə nicat ünvanı seçərək fəallaşdığı oktyabr ayı və Azərbaycan tarixində dönüş yaradacaq 1992-ci ilin noyabrı...
25 il öncənin hər bir günü, hər bir saatı Azərbaycan üçün, xalqımız üçün itki, fəlakət dövrü idi. Siyasi və iqtisadi böhran içində olan, müstəqilliyindən bəhrələnə bilməyən, Qarabağın erməni separatçıları tərəfindən işğalı, şimal və cənubda isə etnik yönümlü təxribatlarla üzləşən, vətəndaş müharibəsinin ərəfəsində olan respublikamızda əhali ümidsizlik ovqatında, bədbin əhvalda, sabaha inamsızlıq ruhunda idi. Vətəndaşlarımız birmənalı olaraq belə hesab edirdilər ki, Azərbaycanı məhvolma təhlükəsindən xilas edəcək yeganə amil məhz Heydər Əliyev faktorudur. Hələ 1991-ci ilin ortalarından etibarən ölkəmizin müxtəlif bölgələrində insanlar kütləvi şəkildə toplantılar keçirir və Heydər Əliyevin fəal siyasətə qayıtmasını tələb edirdilər. O zaman üzləşdiyimiz inzibati maneələr, dövlət qurumlarının təhdidləri, təxribatları qarşısında xalqın bizə nümayiş etdirdiyi dəstək missiyamızın uğurla tamamlanmasına səbəb oldu.
Həmin dövrü xatırlayarkən, 91 ziyalının məktubuna ulu öndərin tarixi cavabını böyük ehtiramla yada salıram: “Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı problemlərin həllinə biganə qalmağa heç kəsin haqqı yoxdur. Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.
Bəlkə də indi - 25 il sonra bu fikirlər adi qəbul edilə bilər. Amma 1992-ci ilin noyabrında ölkənin siyasi həyatında ildırım kimi çaxan bu müraciət yalnız yeni bir partiyanın əsasını qoymadı, əslində, Azərbaycan tarixində böyük dəyişikliyin təməlinə çevrildi, dövlətimizi və xalqımızı labüd məhvdən xilas edən Qurtuluş missiyasının başlanğıcı oldu.
Ötən 25 ilin ictimai-siyasi təhlil kontekstində tam əsasla deyə bilərəm ki, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan dövlətçiliyinin xilas günü, Qurtuluşun başlanğıc məqamıdır!

 

Xalq 25 ildir bütün seçkilərdə etimad mandatını yalnız YAP-a verir

 

25 il öncə yüzminlərlə insan öz tarixi seçimini etdi: onlar Heydər Əliyevin adı, imzası, sözü olan təşkilatda birləşib, dövlətin və millətin məhvinə son qoymağa çalışırdılar. Təsadüfi deyil ki, YAP yaranmamışdan öncə xalqımız hələ layihə şəklində olan yeni siyasi gücə Heydər Əliyev Partiyası adını qoymuşdu. Partiyamızın bu gün də - 25 il sonra yenə də xalqın nəzərində Heydər Əliyev Partiyası olaraq xatırlanması bizlərə böyük şərəf, qürur hissi bəxş edir və sübut edir ki, ulu öndərin bu siyasi əmanəti etibarlı əlllərdədir.
YAP adi partiya kimi yaranmadı, o, milli hərəkat, xalqın səfərbəredici gücü kimi formalaşdı.
YAP bu gün də yalnız hakim partiya kimi fəaliyyət göstərmir. Ümumiyyətlə, YAP-ın fəaliyyəti, hədəfləri heç vaxt bir partiya miqyası ilə məhdudlaşmadı.
YAP dünən də, bü gün də hərtərəfli inkişafın əsas siyasi lokomotivi, dövlətçiliyimizin siyasi istinadgahı, istiqlaliyyətimizin möhkəm bünövrəsi oldu.
Müstəqil respublikamız var olduqca, YAP da Heydər Əliyev Partiyası kimi daim Azərbaycanın vahid siyasi qüvvəsi, əsas gücü olaraq qalacaq.
Yeni Azərbaycan Partiyasının fəaliyyət salnaməsi, əslində, elə məhz müstəqil Azərbaycan dövlətinin tarixidir.
YAP Qafqazın ən güclü siyasi təşkilatıdır, Avropanın və Asiyanın ən nüfuzlu, mütəşəkkil siyasi qurumları sırasındadır. 700 mindən artıq insanı sıralarında birləşdirən partiyamızın təəssübkeşlərinin sayı isə milyonlarla ölçülür.
Ötən 25 il ərzində bütün seçkilərin qalibi məhz YAP olub. Partiyamız 5 prezident, 5 parlament, 4 bələdiyyə seçkisinin qalibi olub. 4 referendumda xalqımız partiyamızın təklifini, təşəbbüsünü birmənalı dəstəkləyib.
Bunlar YAP-a, onun liderlərinə olan ümumxalq sevgisinin, ümummilli dəstəyinin ən bariz göstəricisidir.
Bu nailiyyətlərin əsas təməli Heydər Əliyev ideyalarıdırsa, onun təminatçısı məhz möhtərəm Prezidentimiz İlham Əliyevdir, onun fəaliyyətidir. YAP-ın əldə etdiyi hər bir qələbə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.
Bu baxımdan YAP-ın başlıca resursu, qələbələrinin kökündə dayanan əsas həqiqət Prezident İlham Əliyevin şəxsiyyəti, reytinqi, xalqımızın ölkə rəhbərinə olan böyük etimadı, inamı və ölkəmizdə həyata keçirilən siyasətin uğurlarıdır.
Bütün bunlar Azərbaycan seçicilərinin siyasi ovqatının formalaşmasının əsasını təşkil edir və seçkilər zamanı YAP-ın lehinə verilən səslərdə öz əksini tapır.
Cənab İlham Əliyev YAP-ın yarandığı ilk günlərdən onun inkişafına ən böyük töhfələri verib. Hələ ötən əsrin sonlarında parlament seçkilərində partiya siyahısına rəhbərlik edərək böyük siyasi qələbənin səbəbkarı olub. Sonradan YAP sədrinin birinci müavinliyinə yüksələn hörmətli İlham Əliyev partiyada islahatların müəllifinə çevrildi, sıralarımıza gənclərin kütləvi axınını təmin etdi.
Prezident İlham Əliyevin ötən 14 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz inkişaf yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz siyasi qüvvə statusunu da möhkəmləndirdi.
YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir.
Bu baxımdan YAP-ın fəaliyyətini həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin fəaliyyətləri çərçivəsində təhlil etmək lazımdır. Çünki ulu öndər Azərbaycanın dövlət quruculuğu və müstəqilliyinin möhkəmləndirilməsi prosesində həm də YAP-ın banisi, sədri kimi iştirak edib. Prezident İlham Əliyev isə ölkəmizi dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirmək strategiyasının icrasında, eyni zamanda YAP-ın sədri kimi də mühüm tarixi rol oynayıb.
Bu gün Azərbaycan dövlətinin inkişafında əldə olunan misilsiz nailiyyətlər qüdrətli sədrlərimizin - ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərinin nəticəsi və həm də YAP-ın töhfələri kimi səciyyələnməlidir.

 

Bütün zamanların əsas siyasi bayraqdarı

 

Ümummilli liderimizin böyük uzaqgörənliklə söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” fikri 25 illik zaman anlamında öz tarixi həqiqiliyini təsdiq edib.
Bu kontekstdə yanaşsaq, tam əminliklə deyə bilərik ki, YAP dünənki şanlı Qurtuluşun, bugünkü sürətli inkişafın və sabahkı möhtəşəm tarixin siyasi istinadgahıdır.
Heydər Əliyevin yaratdığı sağlam özül üzərində bərqərar olan milli yüksəliş strategiyasını Prezident İlham Əliyev “İnkişafın Azərbaycan modeli” nümunəsində formalaşdırdı və dünyanın iqtisadi beyin mərkəzləri, araşdırma qurumları bu modelin uğurlu mahiyyətini birmənalı etiraf etdilər. Son illərdə başlayan qlobal böhran, ümumdünya maliyyə-iqtisadi təlatümlər fonunda başqa ölkələrin iflas həddinə çatması, böyük sosial problemlər məngənəsinə düşdüyü bir vəziyyətdə Azərbaycanın bu fəsadlardan qorunması, böhran dalğasına tab gətirməsi, nəhayət, bu problemlərdən qurtulması məhz Prezidentin düzgün siyasətinin məntiqi nəticəsidir. Cənab İlham Əliyevin ötən həftə elan etdiyi “Azərbaycanda artıq heç bir maliyyə, iqtisadi problem yoxdur, sürətli inkişaf yenidən davam edir” fikri həm də məhz YAP sədrinin cahanşümul fəaliyyətinin real təzahürüdür.
Hörmətli İlham Əliyevin “Qlobal böhranda milli inkişaf” konsepsiyası yeni islahatlar kursunun əsas qayəsini təşkil edir. 2015-ci ilin sonlarından başlayaraq Prezident İlham Əliyevin həyata keçirdiyi yeni islahatlar kursu nəticəsində Azərbaycan davamlı tərəqqinin yeni nümunəsini formalaşdırıb. Bu strateji baxış həm Azərbaycanda, həm də ümumən dünyada baş verən sürətli dəyişikliklərdən irəli gəlirdi. Ortaya çıxan yeni çağırışların, dünyadakı iqtisadi kataklizmlərin vaxtında dəyərləndirilməsi və qabaqlayıcı addımların atılması üçün xüsusən iqtisadi islahatların aparılması zamanın qarşıya qoyduğu bir zərurət idi. Odur ki, ötən iki il ərzində Azərbaycanda bir-birinin ardınca mühüm islahat proqramları qəbul edilərək icraya yönəldildi.
İlkin nəticələr uğurludur. Eyni zamanda “Əsrin müqaviləsi”nin daha 30 il müddətinə, bu dəfə Azərbaycanın maraqlarına daha çox cavab verən şərtlərlə uzadılması da inkişafın dinamikasının azalmayacağına Prezidentin yaratdığı etibarlı bünövrədir. Çindən Londonadək ən səmərəli, effektiv ticarət marşrutunu - “Dəmir İpək Yolu” adlanan Bakı-Tbilisi-Qars layihəsini artıq istismara verməklə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Azərbaycanı qlobal dünyanın əsas nəqliyyat-kommunikasiya-logistika mərkəzlərindən biri kimi təsdiq etdirdi.
Siyasi liderlik, şübhəsiz, kütlələri ətrafında birləşdirmək bacarığında ifadə olunur. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyət və lider kimi böyüklüyü onun ideyalarının ilk növbədə hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı verir. Cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürüdür.
Bu prosesdə liderimizin ən yaxın silahdaşı, etibarlı dayağı məhz Yeni Azərbaycan Partiyası və onun üzvləridir. YAP üzvləri bütün səviyyələrdə cənab İlham Əliyevin siyasətinin fəal icraçıları, təbliğatçılarıdırlar.
Bütün zamanların siyasi bayraqdarı olan Yeni Azərbaycan Partiyasının üzvləri yeni islahatlar kursunun uğurla həyata keçirilməsi prosesində də möhtərəm Prezidentimizin, cənab sədrimizin sədaqətli əsgərləri kimi böyük təşəbbüskarlıq və əzm nümayiş etdirirlər.

 

YAP ümummilli həmrəylik ünvanıdır

 

Möhtərəm sədrimiz İlham Əliyev partiya qurultaylarında, tədbirlərində YAP təmsilçilərinə daim tövsiyə edib ki, hər bir üzv ümummilli lider Heydər Əliyevin həyata keçməyən ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir. Biz bu xidmət nümunəsini Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində daha qabarıq görürük.
Hörmətli sədr müavinimizin Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması, əslində, həm də Yeni Azərbaycan Partiyasına, bu partiyanın yüzminlərlə üzvünə olan növbəti etimaddır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban Əliyevanın bu ali vəzifəyə təyinatının səbəblərini formalaşdıran amillər sırasında onun yüksək siyasi-ictimai nüfuzunu və YAP-ın sədr müavini kimi səmərəli, məhsuldar fəaliyyətini xüsusi diqqətə çəkmişdi: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır”. Həqiqətən də, Mehriban xanıma göstərilən bu ali etimad partiyanın hər bir üzvünün qürur mənbəyinə, böyük sevincinə səbəb oldu.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Gimnastika Federasiyasının prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyevanın indiyədək göstərdiyi fəaliyyət çoxşaxəlidir. Bu fəaliyyət hər addımda ulu öndər Heydər Əliyevin xalqımızın işıqlı gələcəyinə yönəlmiş ideallarının reallaşmasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə və uğur qazanmasına xidmət edir.
Azərbaycan və eləcə də dünya ictimaiyyəti Mehriban Əliyevanı böyük xeyriyyəçi, qayğıkeş vətəndaş kimi tanıyır. Hələ illər öncə Heydər Əliyev Fondu yaranarkən insanlara qayğı və təmənnasız xidmət amalını prioritet elan edən ölkəmizin birinci xanımı öz səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara, qocalara kömək göstərilməsinə yönəltdi. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin, talassemiya və diabet xəstəliklərindən əziyyət çəkən vətəndaşların dəstəklənməsinə yönəlmiş müxtəlif proqramlar məhz bu məqsədə xidmət edir. Bu xeyriyyəçilik tədbirlərinin nəticəsində yüzlərlə insan normal sağlam həyata dönüb.
2004-cü ildən sonra ölkəmizin dörd bir yanında geniş vüsət alan məktəb və xəstəxana tikintisində, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün xüsusi tibb müəssisələrinin yaradılmasında, internat məktəblərinin, uşaq bağçalarının yenidən qurulmasında, tarixi və dini abidələrin bərpasında Mehriban xanım Əliyevanın əzmkarlığını, təhsilimizin inkişafına, milli genefondumuzun qorunmasına xidmət edən əsl vətəndaşlıq missiyasını görürük.
Mehriban Əliyevanın həyatda mükafatları çoxdur. Ən ali mükafatı isə “Heydər Əliyev” ordenidir. Bu, Azərbaycan dövlətinin və xalqının Mehriban xanım Əliyevanın fəaliyyətinə, respublikamız qarşısındakı xidmətlərinə verdiyi yüksək qiymətin göstəricisidir.
Bütün sahələrdəki fəaliyyəti ilə uğur rəmzinə çevrilmiş Mehriban xanım Əliyeva həm partiyamızın sədr müavini, həm Heydər Əliyev Fondunun prezidenti kimi YAP-ın inkişafında və cəmiyyətdəki nüfuzunun daha da yüksəlməsində mühüm rol oynayır, partiya daxilində qadın hərəkatının genişlənməsini təmin edir. Bu gün YAP üzvləri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məsuliyyətli fəaliyyətini yüksək qiymətləndirir və onun Azərbaycana, xalqa həsr olunan şərəfli missiyasında daha böyük nailiyyətlərə imza atacağına əmindirlər.
Mehriban xanım Əliyeva respublikamızın Birinci vitse-prezidenti, YAP sədrinin müavini, ən əsası isə Prezident
İlham Əliyevin ən yaxın silahdaşı kimi dövlətimizə və xalqımıza bundan sonra da layiqincə xidmət edəcək, Azərbaycanın daha da çiçəklənməsinə öz töhfəsini verəcək.

 

YAP-ın qarşısında daha böyük hədəflər, məsuliyyətli vəzifələr dayanır

 

Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi təşkilatı, Azərbaycanın isə alternativsiz siyasi gücüdür. Bu, olduqca böyük şərəf, eyni zamanda böyük məsuliyyətdir. Çünki cəmiyyətin bu baxımdan YAP-dan, onun üzvlərindən böyük gözləntiləri və tələbləri var.
Daim yeniləşmə, modernləşmə, xalqa daha da yaxınlaşma YAP-ın fəaliyyətinin əsas prioritetləridir. Bu prinsiplər partiyamızın banisi Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və bu gün hörmətli sədrimiz İlham Əliyevin rəhbərliyi altında uğurla tətbiq olunur.
Siyasi mühitdə yaranan rəqibsizlik şəraiti və bizimlə siyasi yarış, sağlam mübarizə aparmaq gücündə təşkilatın olmaması, əslində, müəyyən problem də yaradır. Məlum olduğu kimi, rəqabət siyasi proseslərdə də həmişə inkişafın əsas rəhni olub. Lakin bu məlum problemin hansısa təsirini qabaqcadan görən partiya rəhbərliyi fəaliyyətdə ətalətin yaranmaması üçün konkret tədbirlər həyata keçirir.
YAP ölkənin siyasi həyatının ən fəal, ən novator, ən təşəbbüskar qüvvəsidir.
Fəqət zamanımızın dinamik dəyişkənliyi, yeni qlobal trendlərin ölkəmizə sürətlə gəlişi, müasir siyasi və ideoloji çağırışların siyasi mühitimizə sirayət etməsi partiyamızın və üzvlərimizin qarşısında yeni vəzifələr müəyyənləşdirir.
Bir mühüm amili nəzərə almalıyıq ki, sədrimiz İlham Əliyev dünya siyasi arenasındakı yeni nəsil liderlər sırasında öncül mövqe tutur. Prezidentimizin malik olduğu şəxsi keyfiyyətlər cənab İlham Əliyevin müasir düşüncə tərzi, modern siyasi yanaşmaları ilə tam bir uyğunluq təşkil edir və onun beynəlxalq miqyasda yüksək nüfuzunu şərtləndirir.
Sədrimizin təşəbbüskarlığı, novatorluğu hər birimiz üçün ən mükəmməl örnəkdir. Hamımız, xüsusən gənclər yeni siyasi innovasiyaları mənimsəməli və fəaliyyətimizdə daim tətbiq etməliyik. Gənclərimiz daha təşəbbüskar olmalı, partiya həyatında daha fəal iştirak etməli, ölkənin siyasi mühitində söz sahibinə çevrilən mövqelərini möhkəmləndirməlidirlər. Qafqazın ən böyük siyasi gənclər hərəkatı olan YAP Gənclər Birliyi partiyamızın ideyalarının da ən fəal təbliğatçıları kimi cəmiyyətin bütün təbəqələri ilə sıx ünsiyyət qurmalıdırlar. O cümlədən Qadınlar təşkilatı yerlərdə səmərəli fəaliyyətlərini artıraraq qadınlarımızın potensialından partiya həyatında daha effektiv istifadəni təmin etməlidirlər.
Hər birimiz konkret siyasi baxışı olmayan insanlar ilə əlaqələri daha da möhkəmləndirməliyik. Bir məqamı da nəzərə alaq ki, partiyamızın üzvlərinin sayı 700 mindən artıq olsa da, seçkilərdə partiyamızın sədrinə səsvermə hüquqi olan vətəndaşların 85-90 faizi - 4 milyona yaxın insan səs verir. Yəni YAP-ın üzvü olmayan 3 milyona yaxın insan sədrimizə etimad göstərir, onun alternativsizliyini qəbul edir. Bu zümrə həm də YAP-ın təəssübkeşləri sayıla bilərlər. Onlarla ünsiyyət hansısa seçki kampaniyası dövrü ilə məhdudlaşmamalı, mütəmadi xarakter almalıdır. Bizim məhəlli görüşlərinin sayını artırmağımız günün tələbidir.
Bir mühüm məqama da nəzər salmaq istərdim. Bəzən bugünkü inkişafı, yüksəlişi görənlər, xüsusən də yeni formalaşan gənc nəsil keçmişi unudurlar. Bəziləri elə zənn edir ki, bu xoş vəziyyət 30 il öncə də belə idi, 25 il öncə də... Buna görə də hər birimizin borcudur ki, davamlı olaraq təbliğat işində fəallıq göstərək, bugünkü inkişafı 25 il öncəki fəlakətlə müqayisəli şəkildə izah edək, qurtuluşun əsl mahiyyətini dəqiqliklə bilək və bunu müfəssəl şəkildə ictimaiyyətə, xüsusən də o məşəqqətli dövrü yaşamamış gənclərə anladaq.
YAP öz daxilində demokratik mühiti tam bərqərar edən yeganə təşkilatdır. İlk təşkilatlardan ən ali postlara qədər bütün vəzifələr seçkilər yolu ilə müəyyənləşir. Yalnız sıravi üzvlərin etimadını qazananlar partiyada səlahiyyət sahibi olurlar. Bununla belə, ilk təşkilatların, həmçinin rayon təşkilatlarının formalaşmasında qətiyyətli, prinsipial, fəal mövqeli, ən əsası isə sədaqətli insanların potensialından istifadə etməyimiz zəruri şərtdir. Başqa maraqlar, təmənna naminə partiyamıza üzv olan şəxslərə qarşı daha mübariz olmalı, sıralarımızın təmizliyini daha məsuliyyətlə qorumalıyıq.
Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkədə aparılan ictimai-siyasi-iqtisadi proseslərdə cəmiyyətin nəzarətedici mövqeyini həlledici amil sayır. Sədrimizin bütün çağırışlarına adekvat və operativ cavab verən partiya üzvləri olaraq bizlər bu məsələdə də xüsusi fəallıq nümayiş etdirməli, rastlanan nöqsanların aydınlaşdırılmasında, müvafiq strukturlara çatdırılmasında, aradan qaldırılmasında prinsipial mövqe göstərməliyik. İctimai nəzarət mexanizminin reallaşmasında bizlər - YAP üzvləri daha çox fərqlənməliyik, çünki bu, həm də siyasi öhdəlikdir.
Heç vaxt unutmamalıyıq ki, biz ən güclülərin siyasi birliyiyik. Daim güclü olmaq, gücümüzü daha da artırmaq üçün zamanın çağırışlarına böyük bacarıq və qabiliyyətimizlə cavab verməliyik.

Ulu öndər Heydər Əliyev deyirdi ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək, dövlətə, xalqa xidmət etmək deməkdir. Sədrimiz başda olmaqla bütün üzvlərimiz 25 ildir bu şərəfli missiyanı layiqincə yürüdür. Əminik ki, bizdən sonra gələcək hələ çox nəsillər Yeni Azərbaycan Partiyasının sıralarında Azərbaycan dövlətinə və xalqına ləyaqətlə xidmət edəcəklər.
Nə qədər Azərbaycan var, Heydər Əliyev siyasi irsi də mövcud olacaq, onun partiyası da - YAP da yaşayacaq!

Abdin FƏRZƏLİYEV,
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü