Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Ölkəmizi tanıyaq”: Cənub bölgəsi ilə tanışlıq

13 Noyabr 2017
Gəncə şəhərinin, eləcə də Qazax, Ağstafa, paytaxtın Yasamal və Nəsimi rayonlarının məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəranla tanışlıqdan sonra noyabrın 13-də Masallı və Astara rayonlarına ekskursiya ediblər.

AZƏRTAC xəbər verir ki, Masallıda məktəbliləri rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən şagirdlərə xoş arzularını çatdırıb.

Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə məktəblilərə məlumat verən A.Qafarova bildirib ki, 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunur. Bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin iştirakı ilə bu il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsinə dair saziş isə “Yeni əsrin müqaviləsi” adlandırılır. Yeni müqaviləyə görə, AÇG-dən 2050-ci ilədək çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək.

Diqqətə çatdırılıb ki, son illər Azərbaycanda nəqliyyat infrastrukturuna böyük investisiya yatırılır. Bu il oktyabrın 30-da açılışı olan və qitələri birləşdirən, dəmir İpək yolu adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Londondan Pekinədək qatarlar hərəkət edəcək, yük və sərnişin daşınacaq. Bu layihənin təkcə iqtisadi deyil, həm də geostrateji əhəmiyyəti var.

Məktəblilər Ümummilli Liderin parkda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Sonra tur-aksiya iştirakçıları Masallı Uşaq İncəsənət Məktəbinə gəliblər. Diqqətə çatdırılıb ki, 1979-cu ildən fəaliyyət göstərən məktəbin yeni binası ötən il sentyabrın 3-də Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, Prezident İlham Əliyev 2016-cı il sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. Muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir.

Məktəblilər "ASAN həyat" kompleksindəki “ASAN xidmət” və ABAD Mərkəz, İncəsənət Məktəbi və kinoklubla tanış olub, “İntellektual Mərkəz”də Masallı məktəblilərinin "Breyn-rinq" yarışmasını izləyiblər.

Masallıdakı Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanışlıq da şagirdlərdə zəngin təəssürat doğurub.

Tur-aksiya iştirakçıları günün ikinci yarısında Astara rayonuna səyahət ediblər.

Astarada məktəbliləri rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasındakı rolundan danışaraq bildirib ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var.

Qeyd olunub ki, ölkəmizdə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu baxımdan Lənkəran, Astara, Masallı rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Cənub bölgəsi sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir.

Bu il sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr, bu sahələrin dirçəldilməsi ilə əlaqədar imzalanan Sərəncam ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm rol oynayır. Bu sahələrin dirçəldilməsi üçün mövcud potensialın qorunub saxlanılması, həmçinin çəltikçilik, sitrus meyvəçilik, çayçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması nəzərdə tutulur.

Şagirdlərə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib, Azərbaycan Ordusunun aprel zəfərindən söz açılıb.

Məktəblilər Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini, böyük rəhbərin Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə böyük maraqla tanış olublar.

Sonra tur-aksiya iştirakçıları Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə gəliblər. Məlumat verilib ki, 2014-cü ildə 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 9 hektar artırılaraq 15 hektara çatdırılacaq. İran İslam Respublikası ilə dövlət sərhədinə qədər sahil boyunca inşa edilən park-bulvar kompleksinin yeni ərazisində tikiləcək Bayraq Meydanı, mehmanxana və hotellər, idman və müxtəlif əyləncə mərkəzləri, xidmət obyektləri Astara şəhərinə xüsusi gözəllik verəcək. Parkın əvvəlki hissəsindən fərqli olaraq yeni ərazidə dəniz sahilinə çıxışlar da olacaq.

Park-bulvar kompleksi ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları rayonun Ərçivan kəndindəki “Yanar bulaq”da suyun alovlanmasını böyük maraqla izləyiblər.

Məktəblilər “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesi, eləcə də burada yaradılmış “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlarla tanış olublar.

Masallı və Astara rayonları ilə tanışlıqdan sonra şagirdlər Lənkəran rayonuna qayıdıblar.

X X X

Həmin gün tur-aksiyanın Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarından olan iştirakçıları Lənkəran rayonuna səyahət ediblər.

Məktəblilər Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində, Gənclər Mərkəzində, Rayon Tarix-Diyarşünaslıq Muzeyində, “Qoşa Qala Qapıları” meydanında, “Dairəvi Qala”da, “Mayak” binasında, general Həzi Aslanovun ev-muzeyində, Bayraq Meydanında, Hirkan Milli Parkında, çay plantasiyasında və sitrus meyvə bağlarında olublar.

Şam yeməyindən sonra tur-aksiyanın iştirakçıları Lənkərandakı “Şah sarayı”nda musiqili-əyləncəli proqramda iştirak ediblər.