Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyənin Azərbaycandakı hərbi attaşesi xüsusi təyinatlı hərbçilərimizin bir qrupu ilə görüşüb

13 Noyabr 2017
Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general-mayor Zafer Ocak “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə xüsusi təyinatlı hərbçilərimizin bir qrupu ilə görüşüb.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Zafer Ocak görüşdə türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarını xatırladaraq, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan dostluq və qardaşlıq münasibətlərinin qədim tarixə malik olduğunu qeyd edib. Türkiyənin və Azərbaycanın daim bir-birinin yanında olduqlarını vurğulayan hərbi attaşe buna misal olaraq, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak qüvvələrindən xilas etməsini göstərib. O, həmçinin Praqada keçirilən “Şərq tərəfdaşlığı” sammitində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan prezidentinin Türkiyənin əleyhinə səsləndirdiyi əsassız iddialara qarşı “Bu gün Türkiyə nümayəndələri burada yoxdur, ancaq mən buradayam” deyərək Türkiyənin mövqeyini qətiyyətlə müdafiə etməsini dostluq və qardaşlıq münasibətlərimizin əyani göstəricisi olduğunu vurğulayıb. Hərbi attaşe Azərbaycan Silahlı Qüvvələrinin son dövrlər regionun ən qüdrətli ordusuna çevrildiyini vurğulayıb və aprel döyüşlərinin buna bariz nümunə olduğunu bildirib.

Qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu deyən E.Həsənli Azərbaycan ilə Türkiyənin bütün sahələrdə güclü əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Bildirib ki, bu əlaqələr daha da dərinləşməkdədir. Xüsusilə enerji sahəsində iki ölkənin birgə əməkdaşlığı sürətlə inkişaf edir, Avropanın enerji təminatında mühüm addımlar atılır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eləcə də bu yaxınlarda açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti böyük əhəmiyyətə malikdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin həmişə Azərbaycanın haqlı mövqeyini qətiyyətlə dəstəklədiyini xatırladan E.Həsənli bildirib ki, Türkiyə Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasına görə Ermənistan ilə diplomatik əlaqə qurmayıb və sərhədlərini bağlı saxlamaqdadır. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə hərbi təlimləri ordularımız arasında əməkdaşlığın inkişafına təkan verir və döyüş gücünün artırılması baxımından önəmli rola malikdir.