Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vokal sənətinin məbədi

12 Noyabr 2017
 

Abbasqulu ağa Bakıxanovun təbirincə desək, keçmişindən xəbərsiz olub, bu günlə yaşamaq, yolsuz biyabana girib, məqsədsiz dolaşığa düşmək kimi bir şeydir. Tarixin daşlaşmış səhifələrindən soraq almaq, keçmişə hörmətlə yanaşmaq və gələcəyi bu bünövrə əsasında qurmaq mənəvi borclardan biridir. 

Bu mənada tarixin səhifələrinə bələdçilik edən, qiymətli sənədlərin toplandığı və qorunduğu məbədlərin - muzeylərin rolu əvəzsizdir. Muzeylər tarixin öyrənilib-öyrədilməsi, mədəni sərvətlərin toplanıb qorunması və təbliği ilə bağlı çox vacib işlər görürlər.
Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanması yolunda muzeylərin rolunu qiymətləndirərkən demişdir: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur”.
Belə maddi və mənəvi sərvətlərin gələcək nəsillərə çatdırılmasında mühüm xidmətləri olan mədəniyyət müəssisələrindən biri də vokal sənətinin korifeyi, dünyanı dolaşan nəğmələri ilə min illər bundan sonra da könülləri oxşayacaq Bülbülün paytaxt Bakıdakı Memorial Muzeyidir. Şəhərin mərkəzindəki “qocaman” binaların birində yerləşən muzey sözün əsl mənasında musiqisevərlərin ziyarətgahını xatırladır.
Bu binanın mədəniyyət və incəsənət məbədi adlandırılmasına səbəb olan amillər çoxdur. Məbədi ziyarət etmək üçün dəmir qapıdan keçib daş pilləkənlərlə yuxarı mərtəbəyə qalxanda Məmməd Səid Ordubadi ilə Bülbülün Memorial Muzeyi ilə qarşılaşan ziyarətçilər hər iki ölməz sənətkarın fəaliyyəti ilə yaxından tanışdırlarsa, həmin an onların həyatda da qonşu olduqlarını xatırlayacaqlar.
Bülbülün Memorial Muzeyinin qapısını açanda ilk qarşılaşdığınız, təbii ki, ev sahibləri - bu məbədlə ziyarətçilər arasında canlı ünsiyyət quranlar olacaq. Öncədən deyək ki, muzey bələdçilərinin bilgilərindən bəhrələnməklə buradan çox maraqlı tarixi faktlar öyrənmək mümkündür.
Muzeyin direktoru Fərqanə Cabbarova bildirdi ki, 11 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev professional vokal sənətinin banisi Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. O, ənənəvi olaraq dahi Bülbülün doğum gününün onun 1937-ci ildən ömrünün sonunadək yaşayıb-yaratdığı evdə keçirildiyini və bu il də bülbülsevərlərin, Bülbül ailəsinə dəyər verən şəxslərin muzeyi ziyarət etməkdən yorulmadıqlarını dilə gətirdi.
Muzeyin direktoru xanəndəlikdən professional vokal ustasına kimi böyük yaradıcılıq yolu keçən Bülbülün Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyduğunu, dünya musiqi sənətində parlaq səhifələr yazdığını bildirdi.
Yalnız səsinin ecazkarlığı deyil, daim gülərüz siması ilə də öz tamaşaçısını sehirləyən Bülbülün büstü də eynən həmin təəssüratı yaradır. Direktorun məlumatlarından aydın olur ki, 1978-ci ildən burada ziyarətçiləri qarşılayan büstün müəllifi heykəltaraş Aslan Rüstəmovdur. Bir-birindən maraqlı eksponat və sənədlərin sayı 9 minə yaxındır ki, bu da muzeyin zənginliyini təsdiqləyən əsas faktlardandır: “1982-ci il iyun ayının 10-da muzeyin təntənəli açılışında ulu öndər, o zaman Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev, respublikanın partiya və hökumət rəhbərləri, həmçinin SSRİ Böyük Teatrının məşhur truppası iştirak edib. 1983-cü il iyul ayının 29-da isə Bülbülün doğulduğu Şuşada onun ev-muzeyinin təntənəli açılışı olub. Vokal sənətinin banisi Bülbülün paytaxtın Nizami küçəsindəki heykəli isə 2012-ci il oktyabrın 31-də ucaldılıb. Evdəki bütün əşyalar sənətkarın sağlığında olduğu kimi saxlanılıb. Bülbülün yataq otağındakı mebellər Almaniyadan gətirilib. Mismardan istifadə edilmədiyi üçün çürümə ehtimalı yoxdur. Həyat yoldaşı Adelaida xanım Məmmədova ömrünü dahi sənətkarın xatirəsini əbədi yaşatmağa həsr edib. Uzun illər (ömrünün sonunadək) memorial muzeyin direktoru olub. Xatirələrində yazırdı: “Bülbül insanları sevirdi, onları tez bağışlayırdı. Çox səliqəli, prinsipial, yalanı sevməyən bir adam idi. Bir kəslə əlaqəni kəsirdisə, deməli, o, yalan danışıb. Mən də, uşaqlar da - Çingiz və Polad bilirdik ki, “yox” dedi, daha heç nə kömək etməz. Yoldaşlıqda ikiüzlülüyə, xəyanətə bərk qəzəblənirdi. Deyərdi ki, bu kişilikdən deyil. Ata kimi çox sakit adam idi. 50-ci ildə Stalin mükafatı almışdı, onu uşaq evinə verdi. O vaxt 50 min manat çox pul idi. Müharibə illərində Müdafiə Fonduna 200 min manat pul göndərmişdi. Həyatda kömək elədiyi adamlar az deyildi. O, tələbələrinə də çox kömək edərdi. Bir dəfə assistenti Milovanovu çağırıb dedi: “Apar bu pulu ver uşaqlara, amma, bilməsinlər mən göndərmişəm”. Beləliklə, həmin tələbələr hər ay pul alıb konservatoriyanı bitirdilər. Yalnız təhsillərini qurtaranda bildilər ki, bu pulu Bülbül göndərirmiş”.
Həmsöhbətimiz deyir ki, 1897-ci il iyun ayının 27-də Şuşada dabbaq Məşədi Rzanın ailəsində anadan olan Murtuza Məmmədov (Bülbül) 1921-ci ildə Bakıya, Konservatoriyada təhsil almağa gəlib: “Konservatoriyada vokal üzrə təhsil alan ilk azərbaycanlı tələbə kimi tanınan Bülbül 1927-ci ildə musiqi təhsilini bitirib. Ondakı fitri istedad diqqətdən yayınmayıb. Ona görə də ali musiqi təhsilini davam etdirmək üçün dövlət tərəfindən İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə İtaliyanın məşhur musiqi jurnalı olan “Arte Nostra”da Bülbül haqqında dərc edilən məqalədə deyilir ki, müsəlman aləmindən olan ilk azərbaycanlı vokalçı Bülbül İtaliyaya təhsil almaq üçün gəlmiş, spesifik Şərq oxuma üslubundan Avropa oxuma məktəbinə keçmişdir. İtaliyada 4 illik təhsili bitirdikdən sonra vətənə qayıdıb. 1932-ci ildə Bülbül Edison fonoqrafını Leninqraddan gətirib ki, onun vasitəsilə bir çox musiqiçilərin, xanəndələrin səsini yazsın”.
Muzeydə addımbaşı qarşılaşdığın hər bir əşyanın dəyəri misilsizdir. Buradakı şirmayı dilli pianoda kimlər ifa etməyib ki?! Fikrət Əmirovun dünyanı zəfər yürüşü ilə keçmiş “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları da məhz bu pianoda yazılıb...
1926-cı ildə Moskvada Musiqi Elmləri İnstitutunun yaradılmasını eşidən Bülbül öz instrumental ansamblı ilə Azərbaycan musiqisini nümayiş etdirmək üçün Moskvaya yola düşüb. İndiki Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun nəzdində 1932-ci ildə Bülbülün təşəbbüsü ilə yaradılan musiqi kabinəsi Zaqafqaziyada ilk belə profilli elmi-tədqiqat kabineti sayılıb.
Yalnız musiqi dünyasında deyil, beynəlxalq ictimaiyyət arasında da nüfuz sahibi olan Bülbül SSRİ-İtaliya Dostluq Cəmiyyətinin üzvü olub. İki ölkə arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinə görə o, Harribaldi ulduzu ilə təltif edilib. Musiqiləri ilə dünyanı dolaşan Bülbülün belə hədiyyə-təltifləri az olmayıb. Onların arasında xüsusi diqqət çəkənlərdən biri də Misir Ərəb Respublikasının ozamankı prezidenti Camal Ədbül Nasirin təqdim etdiyi “Sülh göyərçini”dir.
1937-ci ildən ömrünün sonuna kimi deputat olan Bülbülün Memorial Muzeyindəki unikal eksponatlardan biri də saatdır ki, ustada öz tələbələri tərəfindən bağışlanıb. Maraqlı və həyəcanlısı isə odur ki, saat Bülbülün ürəyinin susduğu anı göstərir. O da gecə saat 2-yə 20 dəqiqə işləmiş dayanıb...
Muzeyin qapısından daxil olan kimi ustadın Şuşa şəhərində doğulduğu evin maketini görürsən. Bir anlıq özünü qalalar şəhəri, musiqi beşiyi Şuşada hiss edirsən: “Əsl adı Murtuza olsa da, 8 yaşından Qarabağ quşu olan bülbülü təqlid etdiyi üçün xalq arasında ona “Bülbül” deyiblər. Bütün sənədlərdə də adı Bülbül Məmmədov kimi göstərilir. O, Şuşadan Gəncəyə getməmişdən əvvəl mollaxanada təhsil alıb. Gəncədə öz ləqəbi ilə tanınan və mehmanxanası olan Məşədi Müseyib adında bir musiqisevər Bülbül haqqında eşidib Şuşaya gedib. Gəncədə işləməyini təklif edib. Lakin o, bu təklifi qəbul etməyib. Məşədi Müseyib qayıtdıqdan sonra dərsdə fikirli-fikirli oturduğu zaman müəllimi Murtuzanı diqqətli olsun deyə çağırsa da, eşitməyib. Bu zaman molla çubuqla onun əllərinə döyüb. Hadisədən sonra Bülbül bir daha mollaxanaya üz tutmayıb və Gəncəyə, Məşədi Müseyibin yanına yollanıb. 1909-cu ildən Gəncədə xanəndə kimi tanınan Bülbül həm də Gəncə İncəsənət Həmkarlar İttifaqında işləyib”.
1920-ci ildə “Əsli və Kərəm” tamaşasında oynamaq üçün Bakıya gələn Bülbülün muzeyin fondunda yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyətini, Azərbaycan musiqi sənətinin bütün sahələrinə aid sənədlər və materiallar toplanıb. Muzeyin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə onun həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir. Muzeydə 4 ekspozisiya otağı var. Onlardan üçü memorial, biri isə sərgi üçündür.
Mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni, 1961-ci il sentyabrın 26-dək yaşayıb. Birinci guşə sənətkarın sağlığında olduğu kimi saxlanılmış yataq otağıdır. Bu otaqda Bülbülün doğulduğu Şuşadakı evinin də maketi var. 1897-ci il iyunun 22-də Bülbülün doğulduğu həmin ev 1992-ci il mayın 8-dək, yəni erməni işğalınadək muzey olub. Divarda Bülbülün ailəsi ilə fotoşəkilləri və Nadir Əbdülrəhmanovun Şuşa mənzərəsi nümayiş etdirilir.
İkinci otaq qonaq üçündür. Otağın əsas eksponatları Bülbülün yaradıcılıq həyatından bəhs edən sənədlərdən, ona həmkarlarının və dostlarının bağışladığı hədiyyələrdən, özünə məxsus “WEINBACH” markalı royaldan və xaricdə çəkdirdiyi şəkillərdən ibarətdir.
Üçüncü otaq Bülbülün iş otağı olub. Məhz həmin otaqda yeni konsert proqramlarını hazırlayıb, operalar yaradıb. Bu otaqda ən çox diqqəti cəlb edən dünyaşöhrətli amerikalı ixtiraçı Tomas Edisonun ixtira etdiyi fonoqraf, yəni səsin yazılması və dinlənilməsi üçün ilk qurğunun olmasıdır. Onu Bülbül 1932-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərindən alıb. Qurğu vasitəsilə ölməz sənətkar təkcə özünün yox, eləcə də bir çox xanəndə və musiqiçilərin səsini yazıb, redaktə edib.
Bu otaqda həmçinin Bülbülün Aşıqlar Qurultayında məruzə ilə çıxışı zamanı çəkilən şəkilləri, tələbə və gənc bəstəkarlarla birlikdə fotoları da var. Yazı masası da məhz bu otaqdadır. Masanın üzərində sənətkarın şəxsi əşyaları, öz təşəbbüsü ilə nəşr edilən not dəftərləri, əlyazmaları və məqalələri var.
Dördüncü otağın missiyası Bülbülün xalq xanəndəliyindən professional vokal sənətinin ustasına qədər keçdiyi böyük yaradıcılıq yolunu əks etdirməkdir. Sərgi 1920-ci ildən - Bülbülün ilk dəfə Kərəm obrazında çıxış etdiyi “Əsli və Kərəm” muğam operasının proqramından başlayaraq sənətkarın xatirəsini əbədiləşdirən vitrinə qədər xronoloji ardıcıllıqla tərtib olunub.
Vitrinlərin birində Bülbülün 40 ilə yaxın Opera Teatrında istifadə etdiyi qrim ləvazimatları da var. Bülbülün 1935-ci ildə Azərbaycan SSR-nin əməkdar, 1938-ci ildə xalq artisti adına layiq görüldüyünü təsdiq edən sənədləri də eksponatlar arasındadır.
Ölməz nəğməkarımızın ilkləri çoxdur: O, vokal üzrə təhsil alan ilk azərbaycanlı tələbə, bu sənət üzrə ilk azərbaycanlı professor, ilk azərbaycanlı laureat olub.
Bülbülün 1992-ci ilə qədər fəaliyyət göstərən Şuşadakı ev-muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi. Muzey kiçik həyət, iki otaq və eyvandan ibarət olub. Bu gün, sadəcə, maketi ilə üzbəüz dayandığımız və nostalji hisslərlə xatırlanan bu ev-muzeydə Bülbül anadan olub və uşaqlıq illərini keçirib, ilk dəfə musiqi aləminə qədəm qoyub, məşhur xanəndə və musiqiçilərə qulaq asıb.
Deyirlər ki, həmin evdə Bülbülün uşaqlıq illərinə aid şəkillər saxlanılırdı. Muzeydə onun şəxsi əşyalarından bəziləri, o cümlədən ustadın qavalı da nümayiş etdirilirdi. Divarda Bülbülün 1925-1926-cı illərdəki konsert afişaları asılmışdı. Müğənninin ailəsi ilə və tək çəkdirdiyi şəkillər, 1914-cü ildə Gəncədə ona verilmiş pasport birinci otaqda sərgilənirdi.
Təəssüf ki, Bülbülün Şuşadakı muzeyi 1992-ci ildən erməni işğalı altındadır. Ermənistan silahlı qüvvələri tərəfindən muzeyin 10 mindən artıq eksponatı məhv edilib. Bütün bunlar az imiş kimi, Şuşanın “güllələnmiş heykəllər”i arasında “Sülh göyərçini” - beynəlxalq mükafatının laureatı Bülbülü də görmüşük...

Məhəmməd NƏRİMANOĞLU,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”