Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İki ildə 23 pillə

09 Noyabr 2017
 

Azərbaycan “Doing Business” hesabatında sürətlə irəliləyən ölkələr sırasındadır

 

Məlumdur ki, müasir dövrün tələblərinə və çağırışlarına cavab verən çevik islahatların həyata keçirilməsi hər bir ölkənin sosial-iqtisadi uğurlarının ilkin şərtidir. Yalnız bu şərtə əməl olunması çərçivəsində baş verən və gözlənilən iqtisadi böhranı və bundan doğan sosial gərginliyi ən azından qabaqlamaq, daha sonra isə zərərsizləşdirmək mümkündür. Bu baxımdan Azərbaycanda son dövrlər inamla reallaşdırılan islahatları vaxtında atılmış addım kimi dəyərləndirmək lazımdır.
Struktur dəyişikliyindən başlamış sosial-iqtisadi sahənin ən kiçik sektorlarınacan bütün sferaları əhatə edən həmin islahatlar ölkəmizi böyük güclərin dünya hegemonluğu uğrunda mübarizəsindən qaynaqlanan qlobal böhrandan qorumaqla bərabər, həm də yeni dövr və yeni şəraitdə tamam fərqli inkişaf yoluna çıxardı. Təsadüfi deyil ki, artıq nəticələri heç kimdə şübhə doğurmayan bu islahatları nüfuzlu beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri də etiraf edirlər. Buna əmin olmaq üçün onların son hesabatlarına nəzər salmaq kifayətdir.
Götürək, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi illik “Doing Business 2018” hesabatını. Bu hesabatda Azərbaycan 190 ölkə arasında 57-ci yerdədir. Xatırladaq ki, həmin qurumun ötənilki hesabatında ölkəmiz 65-ci, 2015-ci ildə isə 80-ci yerdə qərarlaşmışdı. Göründüyü kimi, Azərbaycan iki ildə 23 pillə irəliləyə bilmişdir ki, bu da özlüyündə çox yüksək nailiyyətdir. Ümumiyyətlə, həmin hesabata əsasən, Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə üç ən islahatçı ölkədən biridir. Bu isə təbii ki, ilk növbədə Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ölkədə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsidir.
Sözügedən hesabata şərh verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, reytinq hesablanarkən qiymətləndirilən 10 indikatordan 6-sı üzrə Azərbaycan irəliləmişdir: “Bu irəliləmə elektrik şəbəkəsinə çıxış üzrə 3, əmlakın qeydiyyatı üzrə 1, kiçik investorların hüquqlarının qorunması üzrə 22, vergilərin ödənilməsi üzrə 5, müflisləşmə prosedurlarının rahatlığı üzrə 39 pillə olmuşdur. Bunlardan əlavə, 2016-cı ildə “Kredit büroları haqqında”, 2017-ci ildə isə “Daşınan əmlakın yüklülüyü haqqında” qəbul edilən qanunlar da hesabatda yüksək qiymətləndirilmişdir”.
Təkcə “Vergilərin ödənişi” üzrə 5 pillə irəliləyərək 35-ci pilləyə yüksələn Azərbaycan bu göstəriciyə görə qabaqcıl vergi sistemlərinin mövcud olduğu Rumıniya, Polşa, Rusiya, Bolqarıstan kimi ölkələri qabaqlamış, o cümlədən Avropa və Mərkəzi Asiya regionu üzrə orta göstəriciləri geridə qoymuşdur. “Doing Business 2018” hesabatının metodologiyasında nümunə kimi göstərilən şərti müəssisə Azərbaycanda ildə 6 müxtəlif vergi ödənişi həyata keçirir. Həmin göstərici İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan və inkişaf etmiş ölkələrdə 10,9, Avropa və Mərkəzi Asiya ölkələrində isə 16,5-dir. Bundan əlavə, ölkəmizdə metodologiyanın şərtlərinə uyğun olaraq seçilmiş sahibkarlıq subyekti mənfəət vergisi, ƏDV, muzdlu işlə əlaqədar əldə edilən gəlirdən ödəmə mənbəyinə tutulan vergi və sosial ödənişlər üzrə bəyannamələrin doldurulması üçün məlumatların hazırlanması və bununla bağlı yaranan öhdəliklər üzrə ödənişlərə il ərzində cəmi 195 saat sərf etdiyi halda, Avropa və Mərkəzi Asiya ölkələrində bu işlərə orta hesabla 218,4 saat vaxt gedir. “Doing Business” qrupunun təhlili göstərir ki, bəyannamələrin təqdim edilməsi və vergilərin ödənilməsindən sonrakı prosedurlar adlı indeks üzrə Azərbaycanın göstəricisi keçən ilə nisbətən 2,79 bənd artaraq 83,79 bəndə çatıb. Halbuki bu göstərici Avropa və Mərkəzi Asiya ölkələrində 65,20-dir.
Yeri gəlmişkən qeyd edək ki, Dünya Bankı “Vergilərin ödənişləri” üzrə təhlillər apararkən yerli şirkətlərin vergi qanunvericiliyinə və qaydalarına uyğunluq baxımından əməletmə vəziyyətini, vergi sistemindəki vaxt və müddət faktorunu, ödəmə rejimlərini, əməliyyatların sayını, prosedurları və digər amilləri nəzərə alır. Təhlillər göstərir ki, Azərbaycanın vergi sisteminin vəziyyəti əksər ölkələrin sistemlərindən xeyli yaxşıdır. Azərbaycanda son illər vergi sistemində həyata keçirilən islahatlar - ƏDV depozit hesabının tətbiqi, bəyannamələrin elektron formada təqdim edilməsi, vergilərin elektron ödənişi, fiziki və hüquqi şəxslərin qeydiyyatının real vaxt rejimində aparılması və digər yeniliklər yüksək reytinqin əldə olunmasında mühüm rol oynayıb.
2018-ci il üçün ölkəmizin “Vergilərin ödənilməsi” indikatoru üzrə mövqeyinin 5 pillə yaxşılaşmasına əsas səbəblərdən biri də “Doing Business 2018” hesabatının metodologiyasında nümunə kimi göstərilmiş müəssisə tərəfindən mənfəət vergisi üzrə dəqiqləşmə apararkən səyyar vergi yoxlamasının olması ehtimalının qiymətləndirilməsi ilə əlaqədardır. Cari il ərzində risklərin idarə edilməsi sisteminin yaradılması, elektron vergi bəyannamələrinin tətbiqinin genişlənməsi və vergi ödənişləri infrastrukturunun inkişafı, vergi qanunvericiliyinin tələblərinə əməl olunması sahəsində kompleks islahatların aparılması ilə yanaşı, yoxlamalara sərf olunan müddətlərin azaldılması da beynəlxalq təşkilatların diqqətini cəlb edib. Həmçinin dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin yaradılması, biznes mühitinə dair qanunvericiliyin təkmilləşdirilməsi, sahibkarların işgüzar əlaqələrinin inkişafı, maarifləndirmə və digər tədbirlər də Dünya Bankının müsbət qiymətləndirdiyi məqamlar sırasındadır.
Hesabatda Azərbaycanın irəlilədiyi sahələrdən biri də “Biznesə başlama” reytinqidir. Bu reytinqə sahibkarın biznesə başlaması üçün təcrübədə tələb olunan inzibati prosedurların sayı, sərf edilən vaxt və xərclərin dəyəri, həmçinin ödənilmiş minimum kapitalın həcmi daxildir. Cari ilin hesabatında əlavə prosedur olaraq işçilərlə bağlanmış əmək müqavilələri qeyd edilib ki, bu prosedur da ölkəmizdə elektronlaşdırılıb. Belə ki, biznesə başlamaq istəyən hər bir sahibkar elektron imzadan istifadə etməklə işçisi ilə bağladığı əmək müqaviləsini Elektron Hökumət Portalı üzərindən rəsmiləşdirmək imkanına malikdir.
Ümumiyyətlə, Azərbaycanda sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı sahəsində həyata keçirilən tədbirlər nəticəsində biznesə başlama prosedurları əsaslı surətdə sadələşdirilib. Hazırda “e-qeydiyyat” üzrə aparılan islahatlar nəticəsində fərdi sahibkarların və yerli investisiyalı MMC-lərin qeydiyyatı elektron üsulla aparılır. Fiziki şəxslərin isə elektron formada dərhal vergi uçotuna alınması təmin edilib. Bunlardan əlavə, kommersiya hüquqi şəxslərin “e-qeydiyyat” sisteminin tətbiqi dövlət qeydiyyatı ərəfəsində yerinə yetirilməli olan məcburi prosedurlar və ümumilikdə qeydiyyatın aparılmasına sərf edilən müddəti də azaldılıb.
Bu yerdə bir mühüm məqamı da qeyd edək: Azərbaycanın “Biznesə başlama” indeksi üzrə 18-ci yerdə qərarlaşması ölkəmizin azad biznesə açıq olduğunu göstərir. Bunun isə xarici investorlar üçün böyük əhəmiyyəti var. Məlumat üçün bildirək ki, bu gün Azərbaycanda biznesə başlamaq üçün cəmi 4 prosedur yerinə yetirilir. Bu rəqəm Avropa və Mərkəzi Asiya ölkələrində 5,2, İƏİT ölkələrində 4,9-dur. Digər mühüm fakt: bizdə biznesə başlamaq üçün bütün prosedurlara cəmi 4,5 gün tələb olunursa, həmin proses İƏİT ölkələrində 8,5, Avropa və Mərkəzi Asiya ölkələrində 10,1 gün davam edir. Özü də bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda biznesin qeydiyyatı tamamilə ödənişsizdir.
Xatırladaq ki, son illər “Standard & Poor's”, “Moody's İnvestors Servises”, “Fitch” və s. kimi beynəlxalq reytinq agentlikləri də Azərbaycanda biznesə başlama prosedurlarının sadələşdirildiyini müsbət qiymətləndiriblər. Bütün bunlar həm ölkəmizdə özəl sektorun, o cümlədən sahibkarlığın inkişafı üçün qəbul olunan qərar və qanunların, yaradılan şəraitin beynəlxalq standartlara cavab verdiyini təsdiqləyir, həm də xarici investorların ölkəmizə cəlb edilməsini şərtləndirir. Çünki xarici investisiyalı şirkətlər fəaliyyət prioritetlərini müəyyənləşdirərkən ilk növbədə məhz belə vacib şərtləri ciddi şəkildə nəzərə alırlar. Bu baxımdan Dünya Bankının hesabatında Azərbaycanın əsas göstəricilər üzrə mövqeyinin yaxşılaşması ölkəyə xarici investorların gəlməsi üçün də çox mühüm əhəmiyyətə malikdir.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”