Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda təməli qoyulan uğurlu əməkdaşlıq formatı

07 Noyabr 2017
 

Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda keçirilən Zirvə görüşü üç ölkə arasındakı yüksək siyasi-iqtisadi münasibətlərin növbəti təsdiqi oldu

 

Azərbaycan ötən 26 illik müstəqillik tarixində saysız-hesabsız möhtəşəm uğurlara imza atıb. Bu sırada diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, respublikamız bütün beynəlxalq siyasi və iqtisadi məsələlərdə regional səviyyəni arxada qoyub. Yəni bu gün Azərbaycan Cənubi Qafqazın lideri olmaqla, regionun iqtisadiyyatının böyük hissəsini özündə cəmləşdirməklə yanaşı, qlobal miqyasda söz sahibi kimi çıxış edir.

 

İlham Əliyevin təşəbbüsü real nəticələr verir

 

2000-ci illərdə enerji kəmərlərinin işə düşməsi Azərbaycanın qlobal proseslərin əsas tərəflərindən birinə çevrilməsinin ilkin addımları idi. Bu gün isə “Cənub qaz dəhlizi”nin həyata keçirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması göstərir ki, respublikamız öz maraqlarını təmin etməklə yanaşı, bölgədə və dünyada sülhü, təhlükəsizliyi möhkəmləndirən, Avropa və Asiya arasında daha sıx iqtisadi dövriyyənin yaranmasına xidmət edən layihələri uğurla reallaşdırır. Ən əsası bu zaman Azərbaycan istənilən addımı heç bir kənar diktə olmadan məhz öz iradəsi ilə atır.
Bunun nəticəsidir ki, Azərbaycana olan beynəlxalq etimad da güclənir, ölkəmiz dünya birliyinin etibarlı və söz sahibi olan subyekti kimi qəbul olunur. Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli Zirvə görüşü formatının yaranması da məhz Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun beynəlxalq səviyyədə qəbul olunması, Azərbaycana olan yüksək ehtiramın təsdiqidir. Məlum olduğu kimi, üç ölkənin prezidentləri arasında bu görüş formatının yaradılmasının təşəbbüskarı Prezident İlham Əliyevdir. İlk görüş isə ötən il avqustun 8-də Bakıda keçirilmişdi. Bu, tarixdə ilk dəfə Azərbaycan, İran, Rusiya prezidentlərinin üçtərəfli görüşü idi.
Əsrlərboyu yanaşı yaşayan Azərbaycan, Rusiya xalqlarını ortaq tarix və coğrafiya birləşdirir. Azərbaycanı həm İran, həm Rusiya ilə sıx qonşuluq əlaqələri bağlayır. Bu əlaqələr son illər daha da inkişaf etmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ona görə də Prezident İlham Əliyevin üçtərəfli görüş təşəbbüsü bu ölkələrin siyasi dairələrində razılıqla qarşılandı.
Və bu günlərdə üç ölkə prezidentinin Tehranda keçirilən görüşü göstərdi ki, Prezident İlham Əliyevin təşəbbüsü artıq xoş siyasi ənənəyə çevrilib.
Prezident İlham Əliyev görüşdən sonra mətbuata bəyanatında bu formatın çox böyük əhəmiyyətinin olduğunu bildirib: “Bu gün biz Azərbaycan-İran və Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafı ilə bağlı Prezident Ruhani və Prezident Putin ilə görüşlər keçirdik. Bir daha gördük ki, bizim əlaqələrimiz çox uğurla, sürətlə inkişaf edir və əlaqələrimiz yüksək səviyyədədir. Üçtərəfli əməkdaşlıq formatına gəldikdə, bildiyiniz kimi, birinci Zirvə görüşü ötən ilin avqust ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilmişdir. Bugünkü Zirvə görüşü isə onu göstərir ki, bu formatın çox böyük əhəmiyyəti və gözəl gələcəyi vardır. Üçtərəfli əməkdaşlığımız tam təbiidir. Çünki xalqlarımızı ortaq tarix, eyni zamanda coğrafiya birləşdirir. Əsrlər boyu xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşlar”.

 

Əməkdaşlığın dərinləşməsi üçün böyük potensial var

 

Qeyd etdiyimiz kimi, bu gün Azərbaycan, Rusiya və İran arasında siyasi əlaqələr yüksək səviyyədədir. Üçtərəfli format isə iqtisadi əməkdaşlığı da daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradır. Üçtərəfli format ölkələrin biznes strukturları üçün də faydalı olmaqla ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, ixrac imkanlarının genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Maliyyə, bank, sığorta sektorunda da əməkdaşlığın yaxşı perspektivləri var. Düzdür, Rusiya ilə İranın birbaşa sərhədi yoxdur və bu zaman Azərbaycanın önəmi daha da artır.
Bu günlərdə keçirilən prezidentlərin Tehran görüşü ötən bir ildə üç ölkə arasında iqtisadi-ticari dövriyyənin əhəmiyyətli dərəcədə artdığını göstərdi. Bu isə Bakı görüşündə əldə olunmuş razılaşmaların uğurla reallaşmasından xəbər verir. Prezident İlham Əliyevin Tehranda mətbuata bəyanatında qeyd etdiyi kimi, bu il Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 60, İranla isə 30 faizdən çox artıb.
Hazırda Azərbaycan, Rusiya və İran arasında əməkdaşlığı dərinləşdirən əsas iqtisadi məsələlərdən biri nəqliyyat dəhlizləridir. Məlum olduğu kimi, Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Xüsusən “Şimal-Cənub” nəqliyyat dəhlizi birbaşa Azərbaycan, Rusiya və İranı əhatə edir. Ona görə bu dəhlizin tam işə salınması hər üç dövlətin beynəlxalq tranzit imkanlarını artırır. Prezident İlham Əliyev 2015-ci ilin dekabr ayında “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələr səfərbər olunub. Artıq dəhlizin Azərbaycan hissəsi istismara hazırdır. Yaxın vaxtlarda İranda Astara-Rəşt dəmir yolu xəttinin istifadəyə verilməsi bu nəqliyyat dəhlizinin fəaliyyətinə böyük təkan verəcək.
Prezidentlərin çıxışında qeyd olunduğu kimi, üç ölkənin elektroenergetika sahəsində də əməkdaşlığı üçün geniş imkanlar var. Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Hazırda bu ölkələrlə Azərbaycan arasında enerji mübadiləsi mövcuddur. Beləliklə, üç ölkənin elektrik xətlərinin bir-birinə birləşməsi və bu sahədə də dəhlizin formalaşması elektrik enerjisinin yeni bazarlara ixracını təmin edə bilər.
Digər tərəfdən, həm Azərbaycan, həm İran, həm də Rusiya iri neft-qaz ixracatçılarıdır. Bu amil də üç ölkə arasında, xüsusən neftin qiymətinin qeyri-sabit olduğu indiki vaxtla əməkdaşlıq üçün zəmin yaradır. Məhz neft qiymətlərində özünü göstərən qeyri-müəyyənliklər bu üç ölkəni ixracatçı olaraq rəqabətə deyil, ortaq mövqe nümayiş etdirməyə çağırır.
Hazırda hər üç ölkənin yaxın-uzaq qonşuluğunda hərbi-qarşıdurmalar, terror mühiti mövcuddur. Bu mənada təhlükəsizliyin təmin olunması da üç ölkə arasında koordinasiya olunmuş əməkdaşlığı zəruri edir.
Bu mənada Prezident İlham Əliyevin təşəbbüsü ilə yaranan Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüş formatı yuxarıda qeyd olunanlarla bağlı böyük potensiala malikdir. Ən əsası bu, çox önəmli və geosiyasi təşəbbüsdür. Bakıdan sonra Tehranda keçirilən görüşün nəticələri göstərdi ki, Azərbaycan, İran və Rusiya bu gün mehriban qonşuluq nümunəsi göstərir. Bu görüşlər təsdiq edir ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa və hər bir tərəf səmimidirsə, ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”