Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yaxınlıqda qəbul məntəqəsi olarsa, tütünçülərin işi asanlaşar

05 Noyabr 2017
 

Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair Dövlət Proqramının  təsdiq edilməsi haqqında  ölkə rəhbərinin 10 avqust 2017-ci il tarixli sərəncamı Lerikin Daster, Siyov,  Bürsülüm və Conu kəndləri ərazisində yaşayan əhalinin də sevincinə səbəb olmuşdur.

Çünki tütünçülük gəlirli  sahə olmaqla əvvəllər  buralarda yaşayan əhalinin  rifah halının yüksəlməsinə böyük təsir göstərmişdir. Odur ki, ölkə rəhbərinin təşəbbüsü ilə yenidən bu sahənin dirçəldilməsi  razılıqla qarşılanıb. Bu kəndlərin  torpaq-iqlim şəraiti  bol və keyfiyyətli tütün yetişdirmək üçün əlverişlidir.

 İndi kəndlidə   bu gəlirli sahəyə maraq yaranıb.  Əkin üçün dövlət tərəfindən subsidiya verilməsi tütün əkənlərin sayını artırıb. Sahələrdə məhsul boldur, yarpaq yığımı hələ də davam edir.

Tək çətinlik  hazır yarpağı təhvil verməklə bağlıdır.  Məsələ ondadır ki, bizim kəndlərə  yaxın yerdə tütün qəbulu məntəqəsi yoxdur. Tütünçülərin fikrincə, sahələrə yaxın bir ortaq yerdə, məsələn, Piran kəndində belə məntəqənin yaradılması ətraf ərazilərdə fəaliyyət göstərən tütünçülərin işini xeyli yüngülləşdirər. Beləcə, onların istehsal xərcləri azalar, müvafiq olaraq da gəlirləri artar.

 

Zəfər ƏLİYEV,

Lerik rayonu Bradi kənd sakini